Onlayn ictimai-siyasi qəzet
Bakının Vatikanda təşkil etdiyi konfrans erməni kilsəsində və lobbiçilərində şok effekti və təşviş yaradıb - reaksiya
Aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib. “Yeni Müsavat” bildirir ki, konfransın açılış mərasimində çıxış edən ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, konfrans Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunub.
Diplomat qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan uzun müddətdir ki, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub. Bu baxımdan, belə bir mühüm tədbirin nüfuzlu Qriqorian Pontifik Universitetində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Panel iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib və bu mövzular ətrafında geniş müzakirələr aparılıb.
Bu tədbir erməni kilsəsində və lobbiçilərində ciddi narahatlıq yaradıb. Eçmiədzin kilsəsi bəyanat verərək guya tədbirin məqsədinin “Ermənistanın və Artsaxın tarixi-mədəni irsinin erməni kimliyini inkar etməyə cəhd edilib”. Eçmiədzin “katolik ali təhsil müəssisəsinin divarları arasında belə bir antielmi tədbirin keçirilməsinə icazə verilməsindən təəssüflənir və kilsələrarası ünsiyyət çərçivəsində lazımi addımları atmaq niyyətindədir”.
İddia olunur ki, simpozium zamanı guya “artsax”ın bütün erməni xristian irsi alban və ya udin icmasına mənsub olduğu kimi təqdim edilib. Ermənilər əvvəl iddia edib ki, guya etibarlı mənbələrdən rəsmi Vatikanın bu konfransdan xəbərsiz olduğunu öyrəniblər. Qriqorian Universiteti tədbir üçün yalnız zal icarəyə götürüb və erməni icması artıq universitetə etiraz məktubu göndərib. Roma erməni icması şurası da Qriqorian Universitetində “belə bir antierməni tədbirin keçirilməsi faktından məyus olub”. Roma Erməni İcması Şurası hətta Vatikana və xəstəhal Papaya da ləkə yaxaraq iddia ediblər ki, guya Bakı rəsmi Vatikana və universitetə külli miqdarda pul vəd edib.
Böyük Kilikiya evinin katolikosu I Aram Vatikanın Şərqi Katolik Kilsələri İcmasının baş prefekti, kardinal C.Kijerotiyə məktub ünvanlayıb. I Aram Vatikanın Qriqorian Universitetində keçirilən “Azərbaycanda xristianlıq” adlı konfransla bağlı etirazlarını bildirib. Katolikos deyib ki, “müzakirə olunacaq mövzular və məruzəçilər, xüsusilə də erməni kilsəsi ilə bağlı mövzularla bağlı yuxarıda adıçəkilən konfransın birtərəfli təşkili və erməni mütəxəssislərin orada iştirak etməməsi tarixi həqiqətə qarşı açıq-aşkar ədalətsizlikdir”. Daha sonra “qədim erməni irsi”, ilk xristian ermənilər və onların kilsələri arasında sıx əlaqələr", eləcə də “Artsaxda erməni kilsəsinin fəal və mütəşəkkil mövcudluğu” kimi uydurma iddialardan danışaraq xeyli çərənləyib. O həmçinin “Artsaxın erməni xalqının soyqırım siyasəti nəticəsində Azərbaycan hakimiyyətinin təşkil etdiyi məcburi deportasiya” fikrini də məktuba soxuşdurub. I Aram eyni zamanda Qarabağ erməniləri ilə bağlı məsələlərə Vatikan hakimiyyətinin göstərdiyi müsbət yanaşmanı vurğulayaraq, “əminik ki, Vatikan hakimiyyəti yuxarıda qeyd olunan konfransın birtərəfli və qeyri-dəqiq yanaşmalarını bölüşməyəcək” deyərək məktubuna yekun vurub.
Arzuxan Əlizadə
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ermənilərin narahatlığı aydın məsələdir: “Çünki Ermənistan monoetnik bir ölkədir. Təəssüflər olsun ki, bu fakta dünya ictimaiyyətində diqqət yetirən yoxdur. Azərbaycanda isə dini tolerantlıq var. Burada məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Həmçinin müxtəlif dinlərin xadimləri çıxışlar edə, fikirlərini çatdıra bilirlər. O mənada Azərbaycan həmişə nümunə olub. Ona görə də qoy ermənilər narahat olsunlar, özləri haqda fikirləşsinlər”.
Deputat vurğuladı ki, ermənilərin tarixi yoxdur: “İrəvanda ermənilərə aid tarixi və ya dini abidə görə bilməzsiniz. Sonradan tikiblər və mif yaradıblar. Bu baxımdan ermənilər narahatdırlar, şivən salırlar. Çünki Ermənistanda dini tolerantlığa dair nümunə yoxdur. Üstəlik, Azərbaycan ərazilərində olan alban abidələrinə sahib çıxmaq istəyiblər, bu saxtakarlıqları da sübuta yetirilib. Odur ki, belə konfranslar erməniləri həyəcanlandırır. Azərbaycan bütün platformalarda fəal olmalı, işini görməli, təbliğatını aparmalı, erməni yalanlarını ifşa etməlidir. Onlar "artsax" bağırıb həşir salırlar, xristian dünyasını inandırmaq istəyirlər ki, guya Qarabağda qədim tarixləri olub, amma hamısı yalandır, ermənilərin bölgəyə nə zaman və necə köçürülməsi haqda tarixçilərin faktları var. İşğaldan sonra da bir neçə kilsə tikərək qədim dini abidə kimi sırımağa çalışıblar. Bununla belə, Azərbaycan bütün dinlərə hörmət göstərir və Qarabağda olan kilsələr də qorunur. Ermənilər isə 65 məscidimizi dağıdıblar. Fərqimiz bundan ibarətdir və onların danışmağa sözü olmamalıdır".
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, belə konfranslar tez-tez keçirilməlidir: “Ermənilər xristian dünyasına car çəkir ki, guya Qarabağ erməniləri hücuma məruz qalıblar. Məsələyə dini təəssübkeşlik nəzərindən yanaşırlar. Bununla xristian dünyasının səsini qazanmaq və Azərbaycana qarşı kampaniyanı gücləndirmək istəyirlər. Tramp da seçki ərəfəsində rəqibini ittiham etmişdi ki, Qarabağda xristianları qorumayıblar. Yəni dini kontekstdən mövqe sərgilənmişdi. Ermənilər də hər yerdə, hər konfransda məsələləri xristianlıq üzərindən gətirirlər. Çünki özlərini xristianlığı ilk qəbul etmiş toplum kimi sırıyırlar. Buna görə də Azərbaycan Qərb dövlətlərində daha çox iş görməlidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ