Onlayn ictimai-siyasi qəzet
Əvvəlki seçkilərdən fərqli olaraq ABŞ-da bu dəfə indidən kimin qalib gələcəyini demək mümkün deyil
Bir həftə sonra - noyabrın 5-də ABŞ-da bu ölkə tarixinin bəlkə də ən intriqalı prezident seçkisi keçiriləcək. Qonşu Gürcüstandakı son parlament seçkiləri ilə müqayisədə bu seçki, şübhəsiz, Güney Qafqazdakı geosiyasi abı-havaya daha güclü təsir edəcək.
Hazırda iki rəqib - sabiq prezident Donald Trampla vitse-prezident Kamala Harrisin qələbə şansları təxminən eyni qiymətləndirlir. Bu xüsusda “The Washington Post” nəşri maraqlı bir ilkə imza atıb. Nəşr 36 ildə ilk dəfə olaraq prezident seçkisində hansısa namizədi dəstəkləməkdən imtina edib. Bu barədə qəzetin icraçı direktoru Uilyam Lyuis bildirib.
Onun sözlərinə görə, qəzet gələcəkdə olacaq prezident seçkisi ilə bağlı da analoji mövqedən çıxış edəcək. Lyuis habelə deyib ki, belə bir imtina ilə “The Washington Post” oxucuların namizəd seçimi ilə bağlı qərarlarını sərbəst vermək qabiliyyətinə inam ifadə etmək istəyib. Əlavə edib ki, nəşrin işi - oxucuları qərəzsiz xəbərlərlə təmin etmək, onları düşündürən, nəticə çıxaran materiallar dərc etməkdir.
Niyə məhz “The Washington Post” və niyə məhz indi tərəfsizlik etmək qərarına gəlib? Başqa qəzetlər də eyni yolu tutacaqmı? ABŞ mediasının seçkinin nəticələrinə təsir imkanları necədir?
Zaur Məmmədov
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, ABŞ-da baş tutacaq seçkilər təkcə Amerika cəmiyyətinə deyil, bütün dünya xalqlarının taleyinə təsir edəcək seçki olacaq:
“Yəni söhbət xırda dövlətdən getmir, dünyanın bir nömrəli siyasi-iqtisadi və hərbi gücə malik olan ölkəsindən və onun liderinin kim olmasından gedir.
Əlbəttə ki, xüsusən də son zamanlar Cənubi Qafqazda ABŞ-la Rusiya arasında kəskinləşən münasibətlər, ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı sülh prosesində iştirakı, ümumiyyətlə, bu və digər şəkildə ABŞ-ın dünyaya, bəşəriyyətə, o cümlədən Cənubi Qafqaza qlobal təsir imkanlarının olduğunu nəzərə alsaq, Kamala Harrisin və yaxud Donald Trampın bu bölgə ilə bağlı siyasətləri hər kəs üçün maraq doğuran aspektlərdən biridir.
ABŞ cəmiyyəti demək olar ki, 50-50-yə ayrılıb. Əgər bundan əvvəlki seçkilərdə təxminən artıq oktyabrın sonu, noyabrın əvvəlində kimin qalib gələcəyi ehtimalı olurdusa, budəfəki seçkilərdə indidən kimin qalib gələcəyini demək mümkün deyil. Və sosioloji sorğular, müxtəlif tədqiqatlar da cavabların bir-birinə çox yaxın olduğunu və kəskin fərqlənmədiyini bildirir.
“The Washington Post”un icraçı direktorunun dediyi isə əslində normal hal kimi qəbul edilməlidir. Çünki “The Washington Post”, “New York Times”ın və digər Amerika nəşrlərinin məqalələri, oradakı informasiyalar olduqca vacibdir və seçiciyə ciddi təsir edir. Seçkidə iştirak edənlər də tez-tez bu cür məşhur qəzetlərin və tanınmış saytların nüfuzundan istifadə edir, oradakı platformalar vasitəsilə öz rəqiblərinə qarşı mübarizə aparırlar.
Ümid edək ki, “The Washington Post”un icraçı direktoru tapşırıq olmadan özü belə bir qərar verib və bəyanat etdiyi kimi qərəzsiz, bitərəf olacaq. Onun bu addımı digər çox tanımış informasiya vasitələri üçün bir örnək, nümunə olmalıdır.
Türkiyədən, İtaliyadan, İsraildən, eləcə də digər dövlətlərdən fərqli olaraq Amerikadakı qəzetlər, televiziyaların fəaliyyət istiqamətində ideoloji prizma, siyasi partiyanın təsiri kimi məsələlər bir qədər fərqli şəkildə həll edilir və bu və digər şəkildə həm də namizədi seçməklə məşğuldurlar. Budəfəki seçkidə namizəd təkcə televiziyada deyil, eyni zamanda qəzetlərdə və digər mətbuat orqanlarında seçilir".
Sorğular göstərir ki, Trampın 2020-ci ildə 40%-dən az səs topladığı Nyu-York ştatında səsvermədə qalib gəlmək şansı demək olar ki, yoxdur. Lakin o, 19 000 yerlik arenada mitinq keçirmək istəyib. Onun bəzi tərəfdarları arenaya daxil olmaq üçün şənbə günü səhər növbəyə düzülməyə başlayıb. Orada onilliklər ərzində yüzlərlə əsas siyasi müraciətlər edilir, pop ulduzlarının konsertləri, basketbol və xokkey oyunları keçirilir.
Birləşmiş Ştatların ən varlı insanları Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyir. Bu barədə “Financial Times” nəşri yazıb. Məlumata görə, Trampın seçkiqabağı kampaniyası zamanı toplanan 1,7 milyard dollarlıq ümumi ianənin təxminən üçdəbiri (566 milyon dollar) milyarderlərdən gəlib. Demokratlar Partiyasının namizədi Kamala Harrisin topladığı müvafiq ianə isə cəmi 6 faiz təşkil edib. Bununla belə, onun aktivində artıq 2,2 milyard dollar vəsait var.
Qəzetin məlumatına görə, “Forbes”in siyahısında olan 800-ə yaxın amerikalı milyarderdən 144-ü “2024-cü il seçkilərinə təsir göstərmək üçün öz sərvətindən istifadə edir”.
Bu arada, “Daily Mail” qəzeti yazıb ki, Tramp qarşıdan gələn seçkilərdə qalib gəlsə, Böyük Britaniyanın baş naziri Kir Starmerə qarşı “total müharibə”yə başlayacaq.
Trampın Leyboristlər Partiyasının ABŞ-ın vitse-prezidenti Kamala Harrisin adından ABŞ seçkilərinə müdaxilə etdiyi iddiası ilə bağlı Starmerə müharibə elan edəcəyi gözlənilir. Materialın müəllifləri vurğulayırlar ki, Britaniya baş nazirinin Vaşinqtonla münasibətlərə vurduğu zərəri qiymətləndirməmək olmaz.
“...Trampın komandası ona qarşı total müharibə aparmağa hazırdır və gözləyir. Starner antiamerikan ovqatlı, sızlayan, liberal bir cansıxıcı kimi qəbul edilir”, - leyboristlərin sözçüsü bildirib.
Hollivud aktyorları Robert De Niro və Leonardo Di Kaprio isə Kamala Harrisi dəstəkləyiblər. Məşhurlar Filadelfiyada keçirilən seçki kampaniyasında çıxışlarında seçicilərə müraciət ediblər.
Robert De Niro Respublikaçılar Partiyasının namizədi Donald Trampa nifrət etdiyini bildirib və vətəndaşları məsuliyyətlə səs verməyə çağırıb.
“Seçim göz qabağındadır və bu seçim vitse-prezident Kamala Harrisdir”, - Leonardo Di Kaprio öz növbəsində deyib.
Kampaniya tədbirində Emmi mükafatı laureatı Kerri Vaşinqton, aktrisa Tessa Tompson və aktyor Brayan Tyr Henri də Harrisi dəstəklədiklərini bildiriblər.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ