Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Azərbaycandakı səfirliyinin iddialarına cavab verib.
Musavat.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” hesabında qeyd edib ki, ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir:
“Unutmayaq ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır.
Özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir. Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun. Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir”.
Qeyd edək ki, bu gün ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” səhifəsində Azərbaycanda azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqlər olduğunu iddia edən paylaşım edilib.
Nigar HƏSƏNLİ,
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ