İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə hərbi sənayenin inkişafında yumruq kimi birləşib - yeni mərhələ...

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün komandası ilə Bakıda mühüm danışıqlar apardı; hərbi analitik: “Zirehli texnika və hərbi aviasiya sahəsində Türkiyə ilə əməkdaşlıq var”

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, o, səfər çərçivəsində hərbi və müdafiə sahəsində məsul şəxslərlə mühüm görüşlər keçirib. Avqustun 13-də Azərbaycan müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. H.Görgün Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin ordularımızın müdafiə qüdrətinin artırılması baxımından faydalı olacağını əminliklə qeyd edib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə ilə görüşüb. Qonaqlara Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. Nəzərə çatdıraq ki, Türkiyənin hərbi sənaye şirkətlərinin rəhbərləri ilə bir müddət öncə keçirilən görüşün nəticəsi olaraq mühüm anlaşmalar əldə edilmişdi. Məlumata görə, həmin layihələrin artıq icrasına başlanılır. Hərbi ekspertlər iki qardaş ölkənin hərbi sənaye sahəsində birgə nələr hazırlayacağını düşünür, proqnozları nədir? Bu, biznes və müdafiə baxımından nələr qazandıracaq?

AbzasMedia - Azad İsazadə: 'Ordunun qələbəsi cəmiyyətdə müsbət emosiya  yaradır'

Azad İsazadə

Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hərbi sənaye kompleksinin formalaşmasında Türkiyə firmalarının böyük təsiri var: “Amma təkcə Türkiyə deyil, İsrail və Pakistanın da burada böyük payı var. Azərbaycan hərbi sənaye kompleksi hazırda daha da genişlənir. Hətta silah bazarına öz məhsullarımızı çıxarırıq. Ümumilikdə isə Türkiyə ilə vahid şəkildə sistem qurmaq lazımdır. Eyni zamanda Pakistanla hərbi aviasiyada əməkdaşlıq edirik, həmçinin zirehli texnika və hərbi aviasiya sahəsində Türkiyə ilə də əməkdaşlıq var”. A.İsazadə qeyd etdi ki, dronları İsraillə birgə istehsal edən müəssisələr mövcuddur: “Hətta istisna etmirəm ki, bunu çox açıqlamırlar, amma kəşfiyyat və texniki-kəşfiyyat sahəsində də Türkiyə ilə ciddi inkişaf getməkdədir. Gələcəkdə Azərbaycan zirehli texnikaların və PUA-ların istehsalını genişləndirəcək. Əgər Ukraynada hərbi gəmi tikdirə bilirlərsə, deməli, Xəzərdə də istehsalı genişləndirə bilərik, türk texnologiyasına uyğun hərbi gəmilər qurmaq mümkündür”.

Ölkələrin hərbi gücləri haqda məlumatları təhlil edən və ABŞ-da yerləşən “Global Firepower” internet saytı 2024-cü il üçün dünyanın ən güclü ordularının siyahısını açıqlayıb. Siyahıda Azərbaycan 59-cu sırada yer alıb. Türkiyə bu dəfə də 3 pillə yuxarı qalxaraq 8-cı sırada yer alıb. 145 ölkənin yer aldığı siyahıda Türkiyə 2023-cü ildə 11-ci, 2022-ci ildə isə 13-cü sırada yer almışdı. “Global Firepower” saytı yanvarda isə Yaxın Şərqin ən güclü ordularını müəyyənləşdirmişdi. Tədqiqat çərçivəsində ölkələrin texnologiyaları, hərbi hissələrin sayı, maliyyə vəziyyəti, logistika, hərəkətlilik və coğrafi yerləşmə kimi 60-dan çox amil qiymətləndirilir. Buna əsasən, Türkiyə Yaxın Şərqdə 1-ci yerə çıxıb. 2024-cü ildə Türkiyənin müdafiə və təhlükəsizlik sektoru üçün 1.1 trilyon TL (40.4 milyard ABŞ dolları) büdcə ayrılıb. Hazırda Türkiyə dünyanın otuzdan artıq ölkəsinə silah ixrac edir. Azərbaycan Ordusu da öz arsenalını qardaş ölkədə istehsal olunan silahlarla, hərbi texnika və sursatlarla daha da zənginləşdirib. Ordumuzun silah arsenalında olan “Bayraktar TB2", "Kargu" PUA-ları, “Kobra” zirehli maşınları, “Qasırğa”, “Sakarya” raket sistemləri, həmçinin digər müasir texnika və silahlar Türkiyədən tədarük edilib. Azərbaycana dost olan və hərbi sahədə geniş əməkdaşlıq edən Pakistan da Türkiyənin ardınca 9-cu sırada yer alıb. Bundan əlavə, Pakistan dünyanın nüvə silahına sahib 9 ölkəsindən biridir. Pakistan ordusu rəsmi olaraq, Pakistan Silahlı Qüvvələri (1947) adlandırılır. Silahlı Qüvvələr Baş Qərargah Komandanlığı tərəfindən idarə olunur.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR