Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasında iştirak etmək üçün həmin ölkədə səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqronun əmək və sosial rifah naziri Naida Nisiçlə görüşüb.
S.Babayev Azərbaycan və Monteneqro arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim genişlənməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etməsi üçün əsas yaratdığını vurğulayıb.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyi bildirilib. Ötən il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədinin müvafiq fəaliyyət sahələrində əlaqələrin genişlənməsində önəmi qeyd edilib.
Azərbaycanda son illər aparılan sosial islahatların, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının uğurları, DOST konsepsiyası barədə məlumatlar verilib. Ölkəmizin bu təcrübələrinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi və bir çox ölkələrin müvafiq qurumları tərəfindən öyrənilərək tətbiqinə maraq göstərildiyi bildirilib.
N.Nisiç ikitərəfli əlaqələrin dərinləşdirilməsində, fəal təcrübə və məlumat mübadilələrinin aparılmasında, bu istiqamətdə səyləri davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.
İki nazirlik arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi, fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ