İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan liderləri nəyə görə alternativ platformada görüşdü?

 

Azərbaycanın BRICS -də iştirakı onun Cənubi Qafqazda təhlükəsizliyi, sülhü sarsıtmaq istəyən güclərə qarşı mexanizmlərini təkmilləşdirməyə imkan verəcək. Azərbaycan bununla bərabər iqtisadi alətlərini şaxələndirən elementlər qazanır və regional dəyişikliklər onun qlobal nizama təsirləri fonunda mövqelərini gücləndirir.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib. A. Kərimovun fikrincə, BRICS dünya siyasi sistemində əks-balans yaradır, ABŞ-nin, onun müttəfiqlərinin beynəlxalq hegemoniyasına qarşı effektiv yönləndirmələr qazanır: "Başqa sözlə, BRICS-in iqtisadi blok xətlərini keçərək geosiyasi təşkilat kimi formalaşması güc dinamikasına əhəmiyyətli təsirlər göstərir.

Bu, fikrimcə ən çox Çinin genişspektrli qlobal perspektivinin işıqlaşacağına və Asiyada Pekin mərkəzli geosiyasi çətir quran məqamlarla özünü aydın göstərəcək. Rusiya da ulduzu parlayan Çinlə vahid strategiya hazırlamaqda qərarlıdır, lakin problem bundadır ki, Çinlə BRICS-də təmsil olunan Hindistanın münasibətləri rəvan deyil. Hindistanın Qərblə yaxşı əlaqələri var, üstəlik dəhlizlər uğrunda Hindistanla Çinin rəqabəti problemlər ortaya çıxarır. Lakin məsələ burasındadır ki, indi nə Çin, nə də Hindistan bu problemlərini BRICS daxilinə daşımağa həvəsli deyillər".

Təhlilçi qeyd edib ki, Azərbaycan dəyişən güc balansının xarici siyasət strategiyalarına təsirlərini qiymətləndirir və görünür ki, BRICS-də iştirakın vacibliyinin önə çəkilməsi alternativ uğurlara hesablanıb:

"BRICS-in Kazan sammitində başqa bir hadisə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşməsidir. Azərbaycan və Ermənistan liderlərinin alternativ bir platformada görüşü ilk dəfə baş verir və bunun geosiyasi mesajını qiymətləndirmək lazımdır.

Bu zamana qədər tərəflər Avropa İttifaqının vasitəçiliyi və moderatorluğu ilə görüşürdüsə, indi BRICS-in önə çıxması artıq Brüssel formatının uğursuzluqla bitdiyini göstərir. Bu, söz yox ki, Rusiyanın sülh gündəliyində Qərbə qarşı mövqeyini gücləndirdiyini göstərən informasiya əməliyyatlarını çoxaldacaq. Amma düşünürəm ki, prosesə Çinin təsirlərinin, Cənubi Qafqazdakı maraqlarının müəyyən edilməsi və onların dəyərləndirilməsi prizmasından da yanaşmaq lazımdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR