İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan üzərindən Avropaya qaçmaq istəyən əcnəbilər - yanlış marşrut seçimi, yoxsa...

Azər Allahverənov: “Ölkəmiz üzərindən saxta miqrasiyanın təşkilinin uğurlu olmadığını dərk edəcəklərinə ümidvaram”

Son illərdə - xüsusilə COVİD pandemiyası dövründə sərhədlərin bəzən tam, bəzən qismən qapalı olması, habelə Rusiya-Ukrayna müharibəsi fonunda miqrasiya məsələsində, belə demək mümkünsə, dəngələr dəyişib.      

Avropaya üz tutmaq istəyənlər fərqli marşrutlar seçir, yeni yollar axtarışına çıxırlar.

Maraqlıdır ki, bir çoxları tranzit kimi Azərbaycanı da seçirlər. Son 1 ildə buna dair faktlar çoxalıb. Doğrudur, bu məqsədlə Azərbaycana gələnlər niyyətlərinə nail ola bilmirlər. Çünki sərhədlərimiz kifayət qədər yaxşı qorunur və onlar ələ keçirlər.

Məsələn, təkcə bu ilin sentyabr, oktyabr və noyabr ayları ərzində qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 100 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, həmin müddətdə 160 nəfər dövlət sərhədini pozduqlarına görə saxlanılıb.

Habelə, dekabr ayının 4-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 (on) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Əcnəbiləri Azərbaycan üzərindən Avropaya getmək niyə cəlb edir? Onlar niyə hesab edir ki, buradan qanunsuz keçib getmək asan ola bilər? Bu marşrutu rahat sanırlarmı?

Mina təhlükəsizliyi diqqət mərkəzində » BAYRAQDAR MEDİA

Azər Allaverənov

 “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allaverənov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Əslində burada bir neçə məsələyə aydınlıq gətirilməlidir.  Tranzit miqrasiya ilə miqrasiya arasında fərq var və onların hər biri ayrı-ayrılıqda nəzərdən keçirilməlidir. Biri  var ki, ölkə üzərindən başqa ölkəyə keçəndə aşkarlanır ki, onun vizası, sənədləri saxtadır və o öz ölkəsinə qaytarılır. İkincisi isə şəxs  ölkə ərazisinə giriş edir və bu zaman saxta viza və yaxud sənədlər üzə çıxır, bu zaman şəxs saxlanılır, baxmayaraq ki, tranzit məqsədilə Azərbaycana giriş edir. Yəni ölkəmizə daxil olandan bir neçə saat və yaxud bir neçə gündən sonra başqa ölkəyə getməyə hazırlaşır, lakin aşkarlanır və təbii ki, bununla bağlı  konkret tədbirlər görülür.

Bəs nə üçün Azərbaycanı seçirlər? Bəli, pandemiya dövründə bir çox dövlətlər öz sərhədlərini bağlamışdılar. Bu zaman ayrı-ayrı şirkətlər, fiziki şəxslər başqa ölkələrə miqrasiyanın təşkil olunması zamanı müəyyən uyğun marşrutlar seçirlər. Çalışırlar ki, seçdikləri marşrutlar daha az maliyyə tələb etsin, daha az keçid prosedurları olsun. Belə olan halda, əlbəttə ki, miqrantlar da maraqlı olur ki, daha ucuz daha təhlükəsiz olacaq marşrutlardan istifadə edə bilsinlər.

Məlum məsələdir ki, bir çox hallarda həmin şirkət və yaxud fiziki şəxslər bir ölkənin  ərazisinə giriş etmədən, üçüncü ölkəyə getmək məsələsini sığortalaya bilirlər. Amma ölkənin ərazisinə giriş olanda artıq saxtakarlıq ortaya çıxır.

Azərbaycan coğrafi baxımdan bir çox marşrutların, o cümlədən istər şimalla cənubu, istərsə də şərqlə qərbi əlaqələndirən miqrasiya yollarının üzərində yerləşir və bəzi hallarda  Azərbaycan üzərindən bir çox marşrutlar  təşkil oluna bilir. Bu gün də elə təyyarələr var ki, Azərbaycana məcburi eniş edir, daha sonra marşrutlarına davam edirlər.

Lakin  istənilən halda, aidiyyəti qurumlarımız maksimum dərəcədə ayıq-sayıq olmalı, ölkə ərazisinə giriş edən fərdlərlə bağlı xüsusi yanaşma təşkil edilməlidir. Qeyd edim ki, ölkəmizdə ən müasir texniki imkanlara malik sərhəd keçid təşkil  olunub. Yəni istənilən saxtakarlığın  qarısı zamanında alınır. Ümidvaram ki, həmin marşrutları  təşkil edən hansısa şirkətlər və yaxud ayrı-ayrı fiziki şəxslər də onlar da artıq  Azərbaycan üzərindən saxta miqrasiyanın təşkilinin uğurlu olmadığını dərk edib, başqa marşrut seçimi axtarışında olacaqlar və adətən də belə olur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR