Onlayn ictimai-siyasi qəzet
“Hazırda dünyanın 70 ölkəsi minalanmış və partlamamış silah-sursatlarla çirklənib. Bu ölkələrin arasında kənd təsərrüfatına yararlı ərazisinin önəmli bir hissəsi minalanmış ölkələrdən biri də Azərbaycandır. Təəssüf ki, bir çox istiqamətlərdə olduğu kimi mina təhlükəsi ilə bağlı da dünyada ikili standartlar hökm sürür. Məsələn, Ukraynada hazırda müharibə getdiyi və minalanmış ərazilərin sahəsinin müəyyənləşdirilməsinin mümkünsüzlüyünə baxmayaraq, həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər diqqəti daha çox bu istiqamətə yönəldir, Azərbaycanın minalanmış əraziləri ilə bağlı informasiyanı belə xüsusi xəsisliklə verirlər”.
Bu fikirləri Musavat.com-a Ədalət, Hüquq və Demokratiya partiyası (ƏHD) sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
Ekspert xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 1997-ci ildə yaradılan və mərkəzi ofisi Cenevrədə yerləşən Minalardan Təmizləmə Xidməti (UNMAS) hər il minalara qarşı mübarizədə çoxsaylı fondlarla və minalanmış, partlamamış sursatlarla çirkləndirilmiş ərazilərin təmizlənməsi ilə bağlı yaradılmış xüsusi 11 departamentlə yaxından əməkdaşlıq edir və əlaqələndirici funksiyasını yerinə yetirir: “2022-ci ildə ABŞ Ukrayna ərazisindəki minaların təmizlənməsi üçün Ukraynaya 91,5 milyon dollar vəsait ayırıb. İsveçrənin 2023-cü ildə minalara qarşı mübarizə məqsədilə Ukraynaya ayırdığı vəsaitin miqdarı 110 milyon ABŞ dolları təşkil edir. Avropa İttifaqına daxil olan ölkələrin Ukraynaya ərazilərin minalardan təmizlənməsi ilə bağlı ayırdığı yardım, bütövlükdə 500 milyon avro təşkil edib. Şübhəsiz ki, kimsə Ukraynaya minalara qarşı mübarizə üçün yardım edilməsinin əleyhinə deyil, amma ortalıqda başqa bir reallıq da var: Azərbaycan ərazisinin 12%-i minalanıb və partlamamış sursatlarla çirkləndirilib. Bu, kənd təsərrüfatına yararlı əkin sahələri onsuz da az olan bir ölkə üçün dəhşətli bir göstəricidir və təəssüf ki, dünyada hökm sürən maraqlar mübarizəsi fonunda təkcə, ədalət prinsiplərinin deyil, humanizmin yazılmış və yazılmamış qanunlarının pozulduğunun şahidi oluruq”.
E.Mirzəbəyli Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransa diqqət çəkərək, bunun sadəcə Azərbaycan üçün deyil, əraziləri minalanmış və diqqətdən kənarda qalan ölkələr üçün də mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“Azərbaycan artıq qlobal səviyyədə minalanmaya qarşı mərkəz statusunu qazanıb və bu sahədə ədalətsizliyə son qoyulması üçün önəmli bir missiyanı öz üzərinə götürüb. Ölkəmiz işğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış sursatlardan təmizlənməsində də qlobal miqyasda nümunə göstərir. Lakin minalanmış ərazilərin miqyası nəzərə alınarsa bu prosesin böyük vəsaitlər və insan resursları tələb etdiyini söyləyə bilərik. Hazırda Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi istiqamətində ciddi addımların atıldığının şahidi olmuruq. İndiki şəraitdə Azərbaycan tərəfində minalanmış ərazilərin xəritəsi ilə bağlı hər hansı bir gözləntinin olmadığını düşünürəm. Ermənistanda hələ sovet dövründə fəaliyyət göstərən iki mina zavodu, faktiki olaraq, 30 il ərzində Azərbaycan əraziləri üçün mina istehsal edib.
Qeyd edim ki, SSRİ-nin süqutundan sonra həmin zavodlar həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları təmin edib. 44 günlük müharibə dövründə diqqətçəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artmasıdır. Sizə təqdim etdiyim bu fotoşəkil Ermənistanın mina istehsal edən zavodunda, 2020-ci il oktyabrın 27-də çəkilib. Kapitulyasiyaya 12-13 gün qalmış... Mütəxəssislərin rəyinə görə, şəkildəki kiçik ölçülü çəlləkvari daşıyıcılar, böyük ehtimalla piyadalar əleyhinə minaların təhlükəsiz şəkildə daşınması üçün nəzərdə tutulub”.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ