İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Qazaxıstan müttəfiqliyi yeni inkişaf mərhələsində

İki qardaş ölkənin münasibətləri bütün türk dövlətlərinin birliyinə də təsir edəcək

Ötən ay Azərbaycanın region dövlətləri ilə əlaqələrinin dərinləşdirilməsi istiqamətində baş verən ən ciddi hadisələrdən biri Qazaxıstan Prezidenti Kasım Jomərd Tokayevin Bakıya rəsmi səfəri çərçivəsində iki ölkə arasında əldə edilən mühüm razılaşmalarn, sənədlərin imzalanması oldu.

Səfər zamanı Azərbaycanla Qazaxıstan arasında 20-dək sənədin imzalanması, Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif olunması, “Azərbaycanla Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin əsasının qoyulması kimi qəbul edilir.

Bu barədə “Yeni Müsavat”a şərhində Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. A.Hüseynov qeyd etdi ki, Azərbaycan və Qazaxıstanın münasibətləri dərin köklərə, güclü əsaslara malikdir: “Çünki hər iki ölkənin xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda tarixi ortaqdır. İki ölkənin münasibətlərindəki yaxınlıq onların uzun müddət eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır. Lakin Azərbaycan-Qazaxıstan əlaqələrinin əsas inkişafı müstəqillik illərinə təsadüf edir. Müstəqillik illərində də iki ölkə arasında hərtərəfli əməkdaşlığın təmin olunmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Ulu öndərin təməlini qoyduğu münasibətlər bu gün uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Qazaxıstan Prezidenti Kasım-Jomərd Tokayevin Azərbaycana rəsmi səfəri də bunu bir daha təsdiqlədi.

Ümumiyyətlə götürdükdə, Azərbaycanla Qazaxıstan arasında indiyə qədər 130-dək ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafında öz təsirini göstərib.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.

Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.

Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycanın sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Lakin Prezident İlham Əliyevin də söylədiyi kimi ölkələrin əsas hədəfi bu rəqəmin 1 milyard dollara yüksəldilməsidir. Bütün bunlardan əlavə, Qazaxıstan Azərbaycanın reallaşdırdığı daha bir iri layihənin-Zəngəzur dəhlizinin tərkib hissəsinə çevrilməkdədir. Ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri də reallaşmış olacaq.

Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı nəzərdə tutur. Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcək. Həmçinin Qazax neftinin alternativ marşrutların əvəzinə, Azərbaycan vasitəsilə digər ölkələrə nəqli ilə bağlı Tokayevin Bakı səfəri zamanı müzakirələr aparıldığı və ilkin razılaşmalar əldə olunduğu barədə informasiya verildi".

Deputatın sözlərinə görə, Qazaxıstanla Azərbaycanın əməkdaşlığı çərçivəsində nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var: “Bilirsiniz ki, bu barədə Prezident İlham Əliyev də bildirib ki, bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Azərbaycanla Qazaxıstan iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verməkdə qərarlıdırlar. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var".

A.Hüseynov vurğuladı ki, türk dövlətləri sırasında Türkiyədən sonra ən böyük dövlət olan Qazaxıstanla Azərbaycanın əlaqələrinin, əməkdaşlığının, müttəfiqliyinin bu şəkildə dərinləşməkdə olması bütün türkdilli dövlətlərin birliyinə də əlavə stimul verəcək amillərdəndir.

Cavanşir Abbaslı

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR