Onlayn ictimai-siyasi qəzet
Amerika administrasiyası Milton və Helen qasırğalarının təsirinə məruz qalan ştatlarda nəticələrin aradan qaldırılmasına 612 milyon dollar ayırır.
Müsavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Floridada çıxışı zamanı bildirib: “Cəmi bir neçə gün ərzində 2 milyondan çox insana elektrik enerjisi bərpa olundu və 43 ştatda və Kanadada on minlərlə kommunal xidmət işçisi dayanmadan işləyir. Bu gün qürurla elan edirəm ki, Helen və Milton qasırğalarından zərər çəkmiş icmaları dəstəkləmək üçün altı yeni qabaqcıl layihəyə 612 milyon dollar ayrılıb”.
Vəsaitlər zərər çəkmiş ərazilərin elektrik təchizatının bərpasına, eləcə də regionun enerji sistemini yaxşılaşdırmağa yönəldiləcək. Baydendən sonra çıxış edən energetika naziri Cennifer Qranholm bildirib ki, ştatın zədələnmiş elektrik şəbəkələrinin təxminən 75 faizi artıq bərpa olunub və iş oktyabrın 15-i axşam saatlarında yekunlaşacaq.
3-cü kateqoriyaya aid olan Milton qasırğası oktyabrın 9-da Florida ştatının Siesta Key şəhəri yaxınlığında sahilə çatıb. Oktyabrın 10-da qasırğa birinci kateqoriyaya qədər zəifləyib. Oktyabrın 7-də Bayden ştata yaxınlaşan Milton qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini əmr edib. Bu arada, sentyabrın sonunda ABŞ-ın cənubunu vuran Helen qasırğası 200-dən çox insanın ölümünə və bölgəyə təxminən 35 milyard dollar dəyərində ziyan dəyməsinə səbəb olub.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ