Onlayn ictimai-siyasi qəzet
Nikolun və hakim partiyanın reytinqi sürətlə azalmaqdadır; Ermənistanda 2026-cı il seçkilərində revanşistlərin qalib gələ biləcəyi ilə bağlı proqnozlar və analitik hesablamalar fonunda sülh müqaviləsinin imzalanacağı da sual altındadır
Ermənistanın baş naziri Nikol Paşinyan üçün ilk həyəcan təbili çalındı. Onun “Mülki müqavilə” partiyası Ermənistanın ikinci böyük şəhəri Gümrüdə və Parkardda keçirilən yerli seçkilərdə məğlub olub.
Üstəlik, Paşinyanın və onun "Mülki müqavilə"sinin Gümrüdə məğlubiyyəti “ümumerməni” ölçüdə reytinqlərin aşağı düşməsi fonunda baş verib. Artıq 2021-ci il parlament seçkiləri ərəfəsində Paşinyanın partiyasının reytinqi 25% idi. 2025-ci ilin əvvəlində aparılan sorğulara görə, bu rəqəm 11%-ə qədər aşağı düşüb. Üstəlik, Gümrüdəki seçkilər də göstərdi ki, Ermənistan müxalifəti birləşməyə meyllənib. Bu birləşmə isə Paşinyanın əleyhinə işləyir.
2026-cı ildə Ermənistanda parlament seçkiləri təyin edilib. Belə bir ictimai rəy vəziyyəti və 11%-lik reytinqlə Paşinyan və onun "Mülki müqavilə"sinin parlaq qələbə şansı yoxdur. Bütün bunlar, rəsmi Bakı üçün Paşinyandan sonrakı Ermənistan mövzusunu aktuallaşdırır.
Ermənistanda 2026-cı il seçkilərində revanşistlərin qalib gələ biləcəyi ilə bağlı proqnozlar və analitik hesablamalar fonunda Azərbaycanla sülh müqaviləsinin imzalanacağı artıq sual altındadır. Minval.az bu mövzuda təhlilində yazır ki, bu partiya Ermənistan cəmiyyətində kifayət qədər nüfuza malik deyilsə, onun lideri ilə sülh müqaviləsi bağlamaq nə dərəcədə effektiv ola bilər. “Paşinyanın bir ildən sonra hakimiyyətdə qala bilməyəcəyi təqdirdə onun mümkün varisləri bu razılaşmanı legitim hesab edəcəklərmi? Təbii ki, sivil dünyada belə bir müqavilə artıq dövlətlərarası öhdəlikdir və bir tərəf uduzsa, digəri qalib gəlsə və s., qüvvəsini itirmir və s... Amma bu, normal ölkələrdə belədir və burada söhbət mürəkkəbi qurumamış imzalanmış öhdəliklərin unudulduğu Ermənistandan gedir”, - saytın məqaləsində deyilir.
Yeni konstitusiyanın qəbulu və referendum üçün Paşinyana, ilk növbədə, parlament çoxluğuna ehtiyacı olacaq. Paşinyan hələ də çoxluğa sahib olduğu indiki parlamentdə yeni konstitusiya ilə bağlı parlament prosedurlarını həyata keçirə bilər. Lakin konstitusiya layihəsi üzrə səsvermə istər-istəməz Paşinyanın özünə və onun sülh təşəbbüslərinə “etimad referendumu”na çevriləcək. Və çətin ki, Nikol Paşinyan 11% reytinqlə öz xeyrinə belə bir referendum keçirə bilsin. Bu, artıq bütün sülh prosesini riskə atır: seçicilər referendumda “yox” desələr, yeni konstitusiya qəbul olunmayacaq. Və əgər konstitusiyanın mətnində Qarabağla bağlı iddialar saxlansa, Azərbaycan heç bir sülh müqaviləsi imzalamayacaq.
Bu o deməkdir ki, Ermənistanda müxalifətin - indiyədək yerli seçkilərdə qələbəsi revanşist əhval-ruhiyyənin gücləndiyi erməni cəmiyyətində çox təhlükəli prosesləri ortaya qoyur.
Vüqar İsgəndərov
“Əslində Ermənistanda belə bir vəziyyətin yaranması, yəni hakim partiyanın sözügedən məğlubiyyəti heç də təəccüblü deyil. Çünki baş nazir Nikol Paşinyan və onun komandası bu məğlubiyyəti çoxdan haqq edirdi”. Bunu “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Deputat bildirib ki, 2020-ci ildə Azərbaycan qarşısında acınacaqlı məğlubiyyətdən sonra Paşinyan və komandasının heç olmasa ağıllı addım atmağa cəhd edəcəyi ehtimal edilirdi: “Ağıllı addım isə Azərbaycanla sülh müqaviləsinin imzalanması, bundan sonra isə regional layihələrdə iştirakla dağılmış Ermənistan iqtisadiyyatının dirçəldilməsi ola bilərdi. Lakin bunun əksinə, biz Paşinyan və komandasının siyasi janqlyorluğunun şahidi olduq. Bu komanda yenidən revanşist hisslərə qapıldı və xarici ölkələrdəki bəlli mərkəzlərin çirkli niyyətlərinin girovuna çevrildi”.
Deputat bildirib ki, nə daxildə, nə də xaricdə heç bir uğur qazanmayan hakim komanda xalq tərəfindən cəzalandırılır: “Nikol Paşinyanın "Mülki müqavilə" partiyası Ermənistanın ikinci böyük şəhəri Gümrüdə və Parkardda keçirilən yerli seçkilərdə məğlub olub. Bu isə ona işarə edir ki, növbəti parlament seçkilərində hakim komandanı ciddi məğlubiyyət gözləyir. Yəni proseslərin bu axarla davam etməsi Nikol Paşinyan və komandasının başqa siyasi qüvvə ilə əvəzlənəcəyini qaçılmaz edir. Belə olan halda isə indiki komanda ilə imzalanacaq hər hansı müqavilənin, hər hansı sülh sazişinin taleyi sual altına düşə bilər. Çünki ümumierməni xislətini nəzərə alsaq, gələn yeni komanda Paşinyanın imzaladığı sazişi tanımaya bilər".
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Paşinyanın və onun partiyasının indiki reytinqi nə 2018-ci il, nə də 2021-ci il səviyyəsindədir: “Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ildə cəmiyyətin böyük əksəriyyəti Sərkisyan-Köçəryan cütlüyündən bezdikləri üçün, ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi səbəbilə yeni qüvvəyə səs verdilər. 2021-ci ildə isə müharibə yeni bitmişdi. Paşinyana müxalif olan qüvvələr revanşist mövqe sərgiləyirdilər və erməni ictimaiyyəti də yeni müharibə istəmədiyi, yeni müharibənin daha ağır nəticələrə səbəb olacağından qorxduğu üçün yenidən Paşinyana etimad göstərdi. Amma vəziyyət dəyişib. Sürətli şəkildə silahlanma və Qərbdən olan dəstək fonunda Ermənistanda revanşist mövqe güclənməyə başlayıb. Uzun müddətdir söz verilən sosial-iqtisadi inkişaf da yoxdur və bu təbii ki, Paşinyanın mövqelərinin zəifləməsinə səbəb olub. Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə bələdiyyə seçkilərində Kommunist Partiyasının hakim "Mülkü müqavilə" partiyasından sonra ikinci yeri tutması bunun bariz sübutudur. Hakimiyyəti davamlı şəkildə tənqid edən, Paşinyanı İkinci Qarabağ savaşındakı məğlubiyyətə və sonrakı addımlarına görə xain adlandıran Gümrünün keçmiş meri Vardan Qukasyanın rəhbərlik etdiyi kommunistlərin uğur əldə etməsi və eləcə də seçkilərdə baryeri aşaraq bələdiyyədə yer alan partiyalardan "Mülki müqavilə" istisna olmaqla, heç birinin avropayönlü olmaması həqiqətən də Paşinyanın mövqelərində geriləmə olduğunu təsdiqləyir. Onu da qeyd edim ki, bələdiyyə seçkiləri həm də Paşinyanın Avropa institutları arasındakı nüfuzuna da böyük zərbə oldu. Aİ üzvlük proseduruna başlayan bir ölkədə kommunistlərin ölkənin ikinci şəhərində əldə etdikləri uğurun digər regionlara da sirayət etməsi tamamilə real görünür.
2026-cı ildə keçiriləcək seçkilərdə nə olacağını, müxalifətin birləşib-birləşə bilməyəcəyini və xüsusilə də ortaya yeni sima çıxarmağa müvəffəq olub-olmayacaqlarını təbii ki, görəcəyik. Amma Paşinyan və komandasının məğlubiyyəti halında bu Azərbaycanla olan danışıqlara və sülh prosesinə necə təsir edəcək bunu indidən dəyərləndirmək lazımdır. Sözsüz ki, biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistanla bağlamağa hazırlaşırıq. Buna görə də prinsip etibarilə Ermənistanda kimin hakimiyyəti ələ keçirəcəyi bizim üçün əhəmiyyətli deyil. Əhəmiyyətli olan kimin olmasından asılı olmayaraq həmin qüvvənin sülhə hazır olmasıdır. Bundan da vacibi Ermənistanda çoxluğun sülh istəməsidir. Odur ki, Ermənistanın müvafiq konstitusiya dəyişikliyini həyata keçirib Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi bu məsələdə onların sülhə nə qədər hazır olub-olmadığını göstərəcək. Əgər çoxluq müvafiq dəyişikliyə hə deyəcəksə, demək ki, sülh üçün də hər hansı problem qalmayacaq. Yox, əgər bu dəyişiklik baş verməyəcəksə, o zaman istər hakimiyyətdə Paşinyan olsun, istərsə də bir başqası, heç nə dəyişməyəcək. Bu şərtlər daxilində sülh sazişinin bağlanması mümkün olmayacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ