İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan onları 3-4 saata DARMADAĞIN edə bilər, amma...” - “Şöhrət”li deputatdan SENSASİON AÇIQLAMALAR

“Həyat prinsipim belə olub - insanlara yaxşılıq edə bilmirsənsə, pislik etmə”

Arzu Nağıyev: “86 yaşlı atam təbrik etdi ki, çox təşəkkür edirəm, bir oğul kimi mənim zəhmətimi yerə vurmursan”

“Cənab İlham Əliyevin qətiyyəti sayəsində bu proseslər gedir, Şuşanın çiçəklənməsinə şahidlik edirik, digər ərazilərimizdə nəhəng layihələrin reallaşması baş verir. Dünyaya göstəririk ki, biz vuruşa bildiyimiz kimi, eyni zamanda yüksək səviyyədə quruculuq işləri ilə də məşğul olmağa qadirik”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Əmək və sosial siyasət komitələrinin üzvü Arzu Nağıyevin 60 yaşı tamam oldu. Prezident İlham Əliyevin sərəncamı ilə millət vəkili Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olundu.

Mətbuatın yaxın dostu olan Arzu Nağıyevlə yubiley müsahibəsi etdik.

arzum.jpeg (103 KB)

Məlum oldu ki, dəbdəbəli ad günü keçirməyi sevməyən həmsöhbətimiz elə ailəsi ilə birgə yubiley yaşını qeyd edib.

- Təbrik edən də, dost-tanış da çoxdur. Mən ümumiyyətlə, münasibət qurmağı bacaran bir şəxsəm və ətrafımda dostlarım çoxdur. Amma yaş keçirməyi, yubileyi qeyd etməyi xoşlamıram. Mənimçün növbəti bir yaşdır. Ən önəmli məsələ ondan ibarətdir ki, cənab Prezident, Ali Baş Komandan mənim ictimai fəaliyyətimi dəyərləndirdi və ən yüksək ordenlərdən biri – “Şöhrət” ordeni ilə təltif etdi. Mən buna görə səmimi qəlbdən təşəkkürümü bildirirəm, minnətdaram. Bu günədək nə qədər ki, dövlət və dövlətçilik üçün müsəlləh əsgər olmuşam, bundan sonra da öz yolumu davam etdirəcəyəm.

- İnşallah. Bir daha təbrik edirik. Prezidentin sərəncamı sürpriz oldu, yoxsa gözləntiniz var idi?

- Ümumiyyətlə, ciddi gözləntim yox idi. Lakin arxaya baxanda, gördüyüm işləri saf-çürük edəndə hardasa qəlbimdə fikirləşirdim ki, yəqin bunun dəyərini, qədrini bilən dostlar var və hansısa şəkildə bir təqdimat, nəticədə təltif ola bilər.

- Arzu bəy, bəs yubiley yaşınızda sizinçün ən önəmli təbrik kimdən gəldi?

- Ən çox sevinən atam oldu. 86 yaşlı atam təbrik etdi ki, çox təşəkkür edirəm, bir oğul kimi mənim zəhmətimi yerə vurmursan. Təbii ki, dostlardan da gələn təbriklər məni sevindirdi.

- Atanız haqqında vaxtaşırı söhbət açırsınız. Bilirik ki, Nəsib doktor bu yaşında da işləyir, eləmi?

- Bəli. Tovuzda tanınmış ziyalılardan biridir, həkimdir. Düşünürəm ki, hər bir eldə, obada belə bir şəxsə ehtiyac var.

- Milli Məclisə mediadan, oraya da dövlət təhlükəsizlik xidmətindən gəlmisiniz. Maraqlıdır, özünüzü ifadə etmək üçün hansı meydanı daha rahat və geniş hesab edərdiniz?

- Harda olmağımdan asılı olmayaraq, mən işi sona qədər, ciddi yanaşaraq yerinə yetirməyə çalışmışam. Hər üç qurumda işlədiyim illərdə insanlarla birbaşa ünsiyyətdən söhbət gedir. Yəni mənbələrdən alınan məlumatların təhlili, insanlarla bağlı qərarların qəbul edilməsi, vətəndaşları qəbul edərkən səhvə yol verməmək əsasdır. Çox mühüm və ağır məsələ həm də qərar qəbul etmək, eyni zamanda öyrətməkdir. Yəni kimisə düzgün yola dəvət etmək, kiminsə haqqında müsbət tərəfə yönəltmək. İşlədiyim hər bir qurumun özünün özəllikləri olmasına baxmayaraq, diqqət mərkəzində insan taleyi, vətəndaşlara münasibət və onların dövlətə, dövlətçiliyə inamını artırmaq üçün qərarların qəbulu olub.

arzu son.jpeg (111 KB)

- Səmimi deyirəm, sizi hətta yaxından tanımayan biri ilk təmasdaca düşünər ki, bu şəxs həyatı boyu heç vaxt pislik etməz. Nə zamansa məcburiyyət qarşısında qalıb kiməsə pislik etmisinizmi? Özünüz necə, 60 illik ömürdə kimdənsə pislik görmüsünüzmü?

- Ümumiyyətlə, bunu müxtəlif rakursdan izah etmək olar ki, pislik nə deməkdir? Xüsusi xidmət orqanlarında işləyəndə qanun pozuntusuna yol verənlərin tutduğu yoldan döndərilməsi, onlar haqqında cinayət işinin qaldırılması pislik sayılırsa, bu, tamam başqa məfhumdur. Amma ümumiyyətlə, həyat prinsipim belə olub - insanlara yaxşılıq edə bilmirsənsə, pislik etmə! Çünki pislik bir bumeranqdır, bu və ya digər şəkildə qayıtmalıdır. Lakin heç vaxt ürəyimdə kiməsə qarşı pislik etmək, kin-küdurət saxlamaq niyyətim olmayıb. Ancaq təbii, biz elə bir cəmiyyətdə yaşayırıq ki, hər cür insanlar var. Bəzi klassiklərin aforizmlərindən də istifadə edərək öz qəlbimdə fikirləşmişəm ki, bu yolla getsək, daha yaxşı olar, digərlərinə qarşı belə münasibət göstərsəm, daha uyğundur. Ümumilikdə çalışmışam ki, kommunikasiyanı, o insanlarla münasibəti pislik üzərində qurmayım.

- Bilirəm ki, bu yaşda da ata nəsihəti sizinçün çox önəmlidir. Atanızın məsləhətləri əsasən nələr olur?

- Bəli, bu, nəsildən-kökdən gəlir. Deyirlər ki, yaradan Tanrıya və valideynə minnətdar olmaq lazımdır. Bu gen, qan məhz valideynlərlə bağlıdır. Vətəni və valideyni seçmirlər, əksinə, onlar sizi seçir, həyata gəlməyi də, harada yaşamağını da onlar müəyyənləşdirir. Bu məsələlərdə təbii ki, böyük sözü dinləmək, ağsaqqal sözünü eşitmək, səndən daha çox bilən insanlara qulaq asmaq önəmlidir. Məsələ hansısa akademiyanı bitirməklə deyil. Baxışlar müxtəlifdir, insan çox yaşadıqca daha çox görür, bilir. Belə təcrübə sahiblərini mütləq şəkildə dinləmək lazımdır. Bəli, bizim bu istiqamətdə atamla fikir mübadiləmiz, müəyyən məsələlərin müzakirəsi olur. Görürəm ki, hər dəfə onun tövsiyələri, söylədiyi fikirlər məni müsbət nəticəyə aparıb.

- Yəqin ki, ananızla bağlı da demək istədikləriniz var...

- Mənim anam həkim olub, bir az tez rəhmətə gedib, Allah rəhmət eləsin. Atamla universitetdə təhsil alıblar, bir yerdə işləyiblər. Mən bir-birinə çox dərin hörmət, ehtiram bəsləyən valideynlərin tərbiyəsini almışam. Allah bütün dünyasını dəyişən anaları rəhmət eləsin!

- Amin! Ailədə neçə nəfər olmusunuz?

- Ailədə 5 uşaq olmuşuq, 3 qardaş, 2 bacı. Hamısı ali təhsilli, hərəsinin ailə-uşağı. Mən ən böyükləriyəm. Bu gün atamın 5 övladı, 10 nəvəsi və 11 nəticəsi var.

- Maşallah! Siz ailədə böyük övlad olmusunuz, yəqin məsuliyyət yükünüz də artıqdır.

- Düşünürəm ki, böyük həmişə mayak olmalıdır, öndə getməlidir və ata nəsihətini, həmçinin öz bildiklərini kiçiklərə ötürməlidir. Bir misal deyim: mövlanələr ki, fırlananda bir əli yuxarıda, digər əli aşağıda olur, Allahdan gələni öz bətni vasitəsilə bəndəsinə ötürür, böyük olmaq da belədir. Sənə gələni özündə bir daha saf-çürük edərək kiçiklərə ötürməlisən, özü də yaxşısını.

elsad son.jpeg (108 KB)

- Yəqin övladlarınız ataları ilə fəxr edirlər...

- Məhəmməd peyğəmbərin bir kəlamı var: İnsana rəhmət oxuda biləcək 3 amil var: elm, əməl və övlad. Bu 3 amilə görə insanlara rəhmət oxuyurlar. Çox şükürlər olsun ki, övladlarım da məni başa düşür.

- İki övlad atasısınız, eləmi?

- Bəli, iki oğlum var. Hər ikisi ailəlidir, nəvəm də var. Allah olmayanlara da qismət eləsin!

- Amin! Arzu bəy, mənsub olduğunuz bölgənin xəngələ, özü də qurutlu xəngələ özəl münasibəti var. Belə havada xəngəlin yeri varmı?

- (Gülür) Xəngəlin də öz vaxtı var. Həm gün çıxsın, həm külək olsun, bu, xəngəl havası deyil. Amma ürəyi istəyən üçün mən o süfrəni açmağa hazıram.

- Süfrəniz açıq olsun. Siz özünüz necə, xəngəl xoşlayansınız?

- Qışın qış, yayın yay yeməyi var. Təbiətin şıltaqlığına uyğun olaraq da qida rasionu seçilir. Mən o qədər də problemli adam deyiləm, yemək işinə bizdə evin xanımı baxır.

- Arzu bəy, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat seçilmisiniz. İllərlə düşmən qarşısında dağ kimi dayanan Tovuz-Gədəbəy camaatı ilə əlaqələriniz necədir? Bilirik ki, Tovuz döyüşlərində, Vətən müharibəsi zamanı da seçicilərinizin, yerli əhalinin yanında olmusunuz. Bu günlərdə əlaqələr hansı səviyyədədir?

- Mən Tovuzda böyümüşəm, uşaqlığım orda keçib, orta məktəbi orda bitirmişəm. Tovuzda babalarımın, anamın qəbri var, bu, mənimçün ən müqəddəs məsələdir. Çalışmışam məni böyüdən, mənə tərbiyə verən valideynlərin insanlarla olan münasibətini, camaat arasında olan hörmətini heç vaxt itirməyim və bunu daim qorumağa çalışmışam. Ona görə seçicilərimlə də, yerli camaatla da daim ünsiyyətdə olmuşam. Təbii ki, millət vəkili olandan sonra köməkçim də çox ciddi şəkildə bu proseslərdə yüksək səviyyədə iştirak edir. Tovuz hadisələri təkcə 2020-ci ilin iyul ayında baş verənlərlə məhdudlaşmır, 1988-ci ildən başlayaraq davam edir. Təsəvvür edin, Ermənistanla 69 km-lik sərhədi var, həmçinin Gədəbəy 123 km həmsərhəddir. Sərhəd bölgələrində daim problemlər olub, gərginliklər yaşanıb. İstər özüm, istər köməkçim, istərsə də mənim yaxın ətrafım daim bu proseslərlə yaşayıb. Bu gün o insanlarla münasibət qurmaq mənimçün ən mühüm məsələlərdən biridir. Təbii ki, 44 günlük müharibədən əvvəl bir başqa baxış var idi, indi bir başqa baxış mövcuddur. Artıq insanlar dinc quruculuq işləri ilə daha ürəklə məşğul olurlar, atışmalar səngiyib. Mərdi-mərdanə düşmənlə üz-üzə dayanan bir xalqın, seçicilərin təmsilçisi olmaq mənimçün qürurvericidir.

- Növbəti parlament seçkilərində də eyni dairəni seçəcəksiniz?

- Mən bu haqda hələ düşünməmişəm. Çünki parlament seçkisi nə vaxt keçiriləcək, necə olacaq, o, artıq siyasi qərarla bağlıdır. Ona görə də hələ bu haqda düşünməyim tez olardı.

- Qarabağ yenidən qurulur, böyük qayıdış prosesi gedir. Amma böyük bir təxribatla da üz-üzəyik, son günlər hamılıqla müşahidə edirik. Siz zamanında ən qaynar proseslərin içərisində olmusunuz, ermənilərin də mahiyyətinə bələdsiniz. Gedişatı və siyasi tamaşanın sonluğunu necə görürsünüz?

- Mən Birinci Qarabağ müharibəsi iştirakçısı, veteranıyam, dövlət təhlükəsizlik sistemində, xüsusi təyinatlı qruplarda bir çox əməliyyatlarda iştirak etmişəm, əsgər kimi o səngərlərdə olmuşam. 44 günlük müharibədə əldə olunan qələbə şəxsən mənimçün elə bil ki, yarımçıq qalmış taleyüklü məsələnin tam şəkildə həlli idi. Mən buna çox sevinirəm, gələcəkdə nəvələrimin gözünün içinə dik baxacağam ki, biz Qarabağda qalib olduq. Təbii ki, düşmən bir vasitədir, onun havadarları, ətrafında olanlardır daha çox aranı qarışdırmaq istəyənlər. Dünyanın az-az ölkələrində hər kvadratmetrdə bu qədər çoxsaylı minaların basdırılması mümkün ola bilər. Ərazilərimizin minalardan təmizlənməsi, yaşayış məskənlərinin tikilməsi, qayıdışın təşkili, mən tam səmimi deyirəm, qətiyyətli bir Ali Baş Komandanın, Prezidentin məsələsidir. Cənab İlham Əliyevin qətiyyəti sayəsində bu proseslər gedir, Şuşanın çiçəklənməsinə şahidlik edirik, digər ərazilərimizdə nəhəng layihələrin reallaşması baş verir. Dünyaya göstəririk ki, biz vuruşa bildiyimiz kimi, eyni zamanda yüksək səviyyədə quruculuq işləri ilə də məşğul olmağa qadirik. Söhbət sülh müqaviləsindən gedir. Azərbaycan humanist addımlar ataraq sülhün bərqərar olmasına çalışır. Lakin bunu istəməyən qüvvələr həddən artıq çoxdur.

Bu gün Xankəndidə 3 cür erməni var: birincisi, separatçı qüvvələr, hansı ki, heç bir sülhün əldə olunmasını istəmirlər. Çünki sülh olsa, təbii ki, onlar həm gəlir mənbəyindən məhrum olacaqlar, həm də törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar. Bilirlər ki, onları acınacaqlı sonluq gözləyir. İkincisi, Ermənistanda oturan, vaxtilə səhra komandiri olmuş sərkisyanlar, köçəryanlar, digərləri istəmir ki, sülh olsun. Onların hərəsi bir xarici dövlətin xüsusi xidmət orqanlarının agentura şəbəkəsinə bağlı şəxslərdir. Digər şəxslər Azərbaycan bayrağı altında yaşamaq, gələcəkdə övladları üçün şərait yaratmaq istəyənlərdir. Eyni zamanda vaxtilə ordan-burdan köçüb, indi ordan qaçmağa çalışanlardır, “barıt çəlləyi”nin üstündə oturmaq onlara xeyir eləmir. Ona görə də bunlar aradan çıxmağa çalışırlar. Dediyim iki kontingentin havadarları sülhün bərqərar olmasına müqavimət göstərirlər. Təbii ki, biz sülhü bərqərar etməyə qadirik. Qarabağda antiterror əməliyyatı keçirib, bütün o tör-töküntüləri yığışdırmaq 3-4 saatın işidir. Sadəcə olaraq bu gün bütün dünyaya göstəririk ki, biz sülhün tərəfdarıyıq. Konvoyları aparıb Laçın yolunda saxlamaq, “humanitar yardım” adı altında tamaşa hazırlamaq...

Doğrudan da siz düz insanlarsızsa, həmin yükləri Ağdam yolu ilə daşıyın! Hansı ki, biz daşımaq üçün təminat da veririk. Sadəcə bu sülhün əldə olunmasını istəməyən qüvvələr var, onlar da günün birində ram ediləcək. Son vaxtlar Kanada və digər dövlətlər də məkrli məqsədləri üçün bu işlərə qoşulublar. Düşünürəm ki, onlar heç bir ciddi nəticə əldə edə bilməyəcəklər. Bu gün qüdrətli Azərbaycan ordusu var, artıq biz şəhadətin şərəf olduğunu da duymuşuq, Vətənin Vətən olması üçün hansı addımlar atılmalıdır, bunu da bilirik. Bir daha deyirəm, bizim dövlət və dövlətçiliyimiz, onun başında duran qətiyyətli Ali Baş Komandan var!

musahibe.jpeg (118 KB)

- Arzu bəy, bir daha Rauf bəy başda olmaqla, sizi “Yeni Müsavat” Media Qrupu tərəfindən yubiley yaşınız və yüksək dövlət mükafatınız münasibətilə təbrik edirik. Sağ olun ki, müsahibə üçün zaman ayırdınız və səmimi şəkildə fikirlərinizi ifadə etdiniz.

- Çox təşəkkür edirəm. Ürəkdən gələn sözlərimi bölüşmək istəyirəm. Yaxşı ki, sizin kimi dostlar var, kütləvi informasiya vasitələrində insanları başa düşən, həqiqəti yazan, həqiqətin axtarışında olan sizin kimi peşəkarlar var. Mən də çox təşəkkür edirəm Rauf bəyə və sizin kollektivə. Daim KİV-in ruporuna çevrilmisiniz. Düşünürəm ki, gənc nəslin tərbiyəsində sizin əldə etdiyiniz nailiyyətlərin çox mühüm rolu var, təcrübənizdən onlara da pay düşür.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR