Onlayn ictimai-siyasi qəzet
Vüqar Bayramov: “Beynəlxalq maliyyə qurumlarının, eləcə də hökumətin üst-üstə düşən proqnozlarına görə...”
“Yaxın 2-3 ildə indiki idarəetmə sistemi, oyun qaydaları, vergi-gömrük yanaşması, yerli icra başçıları institutu, işlək olmayan qanunlar, ədalətli şübhə altında olan məhkəmələr qaldıqca, məmləkətin iqtisadi vəziyyəti getdikcə pisləşəcək. Ölkənin məcburi xərcləri artacaq, gəlirləri isə azalacaq, nəticədə iqtisadi artım tempi daha da düşəcək. Bu isə vətəndaşların real gəlirlərinin və alıcılıq qabiliyyətinin kəskin azalması ilə nəticələnəcək”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.Onun sözlərinə görə, əgər hökumət bütün bu problemlərin günahını Qərblə pisləşən münasibətlərin üzərinə yıxıb, “qaçılmaz olan çətinliklərə elə izah tapmağı düşünürsə”, yanılır: “Qərbin bəzi dairələrinin, institutlarının, ölkələrinin ağılsız, qeyri-obyektiv və qərəzli olduğunu bildik, amma hər gün yaxınlaşan və dərinləşən institutsional iqtisadi çətinliklərin kökündə bu məsələ dayanmır axı, Qərbi "günah keçisi" elan etməklə qarın doymaz, vəziyyət düzəlməz. Həm də bu yanaşma əvvəldən qapalı olan ölkələrdə keçərli ola bilər, indiki Azərbaycanda belə “izah” inandırıcı və təxminedici olmayacaq".
Qeyd edək ki, ötən ili Azərbaycan iqtisadiyyatı çox kiçik artımla başa vurub. İl ərzində ölkədə cəmi 1,1 faizlik iqtisadi artım qeydə alınıb. Rəsmi statistikaya görə, 2023-cü ildə iqtisadiyyatın neft-qaz sektorunda milli məhsul istehsalı 1,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,7 faiz artıb.
Bundan əlavə, 2023-cü ildə Azərbaycanda əsas kapitala yönəldilən vəsaitlərin həcmində artım baş verib. Bu vəsaitlərin həcmi 20 milyard 296,6 milyon manat təşkil edib. Bu isə 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur. İl ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6840,0 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf oluub.
Rəsmi statistikadan aydın olur ki, əsas kapitala investisiyalarda xarici investisiyaların payı azalır. Belə ki, 2023-cü ildə əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Ötən il daxili vəsaitlərin payı 80,6 faiz, məbləği isə 14 milyard 718,9 milyon manat olmuşdu.
Ötən il həmçinin Azərbaycanda qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmində kəskin azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin 3 rübündə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 910.9 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 35 faiz azdır. Halbuki 2022-ci ilin 9 ayında qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artmışdı.
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, yaxın illərdə Azərbaycanda iqtisadi artımın sürətlənməsi gözlənilir: “Beynəlxalq maliyyə qurumlarının, eləcə də Azərbaycan hökumətinin üst-üstə düşən proqnozlarına görə, növbəti illərdə ölkədə iqtisadi artım daha da sürətlənəcək. Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankının 2024-2025-ci illərdə Azərbaycanda gözlənilən iqtisadi artımla bağlı proqnozları hökumətin mövqeyi ilə çox yaxındır. Məsələn, Asiya İnkişaf Bankı 2024-cü ildə Azərbaycanda 2,6 faizlik iqtisadi artım gözləyir ki, bu da hökumətin proqnozuna çox yaxındır”.
V.Bayramovun dediyinə görə, 2023-cü ilin yekunları göstərir ki, əsas makroiqtisadi göstəricilərdə artımlar məhz qeyri-neft sektoru hesabına baş verib: “Ümumi Daxili Məhsulda qeydə alınan 1.1 faiz artım da məhz enerjidən kənar sektorlar hesabına reallaşıb. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,7 faiz artıb. Oxşar mənzərə sənayedədir. 2023-cü ildə neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb.
Neft-qaz sektorundakı azalma həm hasilatın azalması, həm də 2023-cü ildə “qara qızılın” qiymətlərinin 2022-ci ilə nisbətən aşağı olması ilə bağlıdır. Qeyd edək ki, Brent markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub".
Millət vəkili bildirir ki, növbəti illərdə neftin dünya bazar qiyməti yenə də əsas indikatorlardan biri olacaq: “Çünki neft Azərbaycanın gəlirlərində mühüm payını hələ də saxlayır. 2023-cü ilin makroiqtisadi yekunları bir daha qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşdirilməsinin əhəmiyyətini göstərir. Bu ilin Azərbaycan üçün yeni dövrün başlanması kimi yadda qalacağı gözlənilir. Bu dövr iqtisadiyyatın daha da ağardılması, neftdən kənar sektorların daha yaxından dəstəklənməsi və bütövlükdə struktur islahatlarının genişlənməsi ilə yadda qalacaq. Bu, neftdən asıllığın minimumlaşdırılması baxımdan zəruri islahatlardır”.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənova görə, Azərbaycanda hazırda qeydə alınan iqtisadi artım tempini yetərli hesab etmək mümkün deyil: “Çünki Azərbaycan inkişaf etməkdə olan ölkədir. Yuxarı-orta gəlirli ölkələr arasında aşağı göstəriciyə malikdir. Həm orta gəlir tələsindən çıxmaq, həm də müəyyən inkişaf səviyyəsinə nail olmaq üçün böyümə sürəti artmalıdır. Mövcud göstərici çox aşağıdır. Hətta Çin kimi bir iqtisadiyyatda 6 faizdən aşağı böyümə mənfi göstərici hesab olunur. Azərbaycanda əhalinin artım tempini də nəzərə alsaq, adambaşına düşən gəlirin artım səviyyəsini neqativə də dəyişə bilər. İnflyasiya səviyyəsini də nəzərə alsaq, bəzi illərə bu, hətta əhalinin yoxsullaşmasına qədər aparıb çıxara bilər. Çünki hazırda hər iki istiqamətdə risklər vardır: həm inflyasiyanın yüksək olması istiqamətində, həm də iqtisadiyyatın zəif böyüməsindən yaranan milli gəlirin azalması istiqamətində”.
Ekspert bildirir ki, proseslərin belə inkişafının qarşısını almaq üçün bir sıra istiqamətlərdə ciddi addımlar atılmalıdır: “Xüsusilə özəl sektorun yeni iş yeri yaratmaq imkanlarının genişləndirilməsi təmin edilməlidir. Buna xüsusilə də regionlarda çox böyük ehtiyac var. Üstəlik, yalnız Bakı və ətrafı ilə ümumi inkişaf imkanları potensialı tükənib, bu istiqamətdə sona qədər gedilib. Bundan sonra genişlənmə regionlar hesabına həyata keçirilməlidir ki, real nəticələr əldə etmək mümkün olsun”.
Qeyd edək ki, BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatından aydın olur ki, qurum ekspertləri 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsində proqnozlaşdırıblar.
Beynəlxalq Valyuta Fondunun IV Maddə üzrə Azərbaycan iqtisadiyyatının icmalının yekunlarına dair bəyanatında isə qeyd olunur ki, 2024-2028-ci illərdə Azərbaycan illik iqtisadi artım 2,3 faiz səviyyəsində gözlənilir. BVF-nin proqnozlarına görə, Azərbaycanın qeyri-neft ÜDM artımı 2023-cü ildə 4,2 faiz, 2024-cü ildə 3,6 faiz, 2025-2028-ci illərdə ildə orta hesabla 3,5 faiz təşkil edəcək. Neft sektorunda azalma 2023-cü ildə 1,5 faiz, 2024-2028-ci illərdə isə ildə orta hesabla 0,5 faiz olacaq.
Standard & Poors Beynəlxalq Reytinq Agentliyi 2024-2026-cı illərdə Azərbaycanın real ÜDM artımının 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Agentlik ekspertləri bildirirlər ki, Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır: “Neft və qaz ixracın 90 faizini və ÜDM-in təxminən 50 faizini təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyə balansını dəstəkləyir”.
Azərbaycan İqtisadiyyat Nazirliyi dünya bazarında neftin orta qiymətinin 60 dollar təşkil etməsi şəraitində Azərbaycanda ÜDM artımını 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırır. Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz azalacağı, 2027-ci ildə ÜDM-nin tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neft-qaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır.
Azərbaycan Mərkəzi Bankı isə bu il gözlənilən iqtisadi artımla bağlı hökumətdən daha nikbindir. Bankın cari ildəki pul siyasətinə dair bəyanatında qeyd olunur ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artım davam edəcək. Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə real iqtisadi artım tempinin 3-3.5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5.5 faiz civarında olacağı gözlənilir.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ