İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ən çox silah alan 20 ölkə sırasında

Dünya bazarına silah ixracımız da artır

Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (CAMTO) hərbi texnika idxal edən ölkələrin illik reytinqini dərc edib. Polşa 2024-cü ildə 15,6 milyard dollarlıq alışla ən böyük silah idxalçısı olub.  Məlumata görə, sözügedən ölkə 96 Amerika "AH-64E Apache" hücum helikopterinin tədarükü üçün 10 milyard dollarlıq müqavilə imzalayaraq liderlik edib. Müqaviləyə həmçinin helikopterlərin texniki xidməti və ehtiyat hissələrinin tədarükü daxildir. İkinci yerdə 10,25 milyard dollarlıq hərbi alışla Rumıniya, üçüncü yerdə isə Hindistan (9,41 milyard dollar) qərarlaşıb. İlk 5-liyə həmçinin İsrail (8,2 milyard dollar) və Niderland (7,9 milyard dollar) daxil olub. Qardaş Türkiyə reytinqdə altıncı yerdədir (7 milyard dollar).

Qeyd edək ki, Azərbaycan bu siyahıda 16-cı yerdədir (2,220 milyard dollar). Azərbaycanda istehsal olunan silahlar hər növbəti il daha mükəmməl olur və dünya silah bazarında daha cəlbedici görünür. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaranmasından  ötən 19 ildə zamanın  tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda hərbi texnika və silah istehsalına nail oldu. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaldı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə ordumuzun deyil, eyni zamanda xarici ölkələrin də ordularında arzuolunan silahlardır. Təsadüfi deyil ki, Azərbaycan silahının alıcıları qismində ABŞ, Cənubi Koreya, İraq, bir sıra Afrika ölkələri var.

Bu, onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi məhsullar yüksək standartlara cavab verir, öz növbəsində satılmasından Azərbaycan büdcəsinə milyonlarla dollar gəlir gətirir. Həmçinin Azərbaycanın ixrac etdiyi silahlar sırasına müxtəlif kalibrlər və onlar üçün minalar daxildir. Hazırda müdafiə sənayesinin ən çox istifadə olunan və mənimsənilən məmulatlarına biz “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, müxtəlif növ atıcı avtomat silahları, tapançalar, minaatanlar, qumbaraatanlar, onların sursatlarını, optik cihazları, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb”, “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter” ailəsinin müxtəlif növ PUA-larını, “Aerostar”, “Zərbə” və “İtiqovan” tipli PUA-ların yerli istehsalını artıq təşkil etmişik. Təbii ki, ixrac olunan bütün silahların siyahısını açıqlamaq alınmayacaq, bu, hərbi sirrdir, lakin Azərbaycandan silah alan xarici ölkələrin ictimaiyyət üçün açıq mənbələrindən onların bizim ölkədə istehsal olunan 250-500 kiloqram çəkiyə malik aviabombalar, sursatlar, kollimator optik tuşlayıcıları, "RPQ-7V2" qumbaraatanları daxildir.

Azərbaycan Ordusunun 44 günlük müharibədə “21-ci əsr silahları” ilə düşmənə od qoyduğunu ermənilər elə savaşın ilk günlərindən etiraf etmişdilər. Üstəlik, dünyanın bəzi hərbi mərkəzləri də ordumuzun uğurlu döyüş əməliyyatlarını öyrənməyə başlamışdı. Bu uğurların postmüharibə dövründə davam etdirilməsi də qürurvericidir.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

 Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra silah istehsalı istiqamətində çox uğurlu addımlar atılmağa başlanıb. Bu proses ilbəil inkişaf etdirilib və bu gün inkişafdadır. Nəticədə Azərbaycan xaricə silah satan ölkələr sırasına daxil ola bilib. Yəni biz artıq yalnız silah idxal edən ölkə yox, həm də silah ixrac edən ölkəyik. Hərbi sənayemizin yüksək səviyyəyə qaldırılması üçün dövlət mümkün olan dəstəyi verir: “Bu gün nailiyyətlər göz qabağındadır. Nə beynəlxalq qanunvericilik, nə də ölkəmizin qanunları Azərbaycana xaricdən silah almaq məhdudiyyəti qoyur. Yəni ölkə özü silah istehsal edirsə və satırsa, silah idxal edə bilməz, idxal edərsə də hansısa məhdudiyyətlə idxal etməlidir kimi qadağa yoxdur. Bu baxımdan da Azərbaycanın silah idxal edən ölkələr sırasında ilk 20-liyə düşməsi tamamilə təbiidir. Ölkəmizin 16-cı sırada yer alması Azərbaycanın imkanlarının genişliyindən, ordunun müasir silahlarla ən yüksək səviyyədə təmin olunmasına xüsusi diqqət ayırmasından xəbər verir. Dünyada, regionda gərginlik get-gedə yüksəlir. Xüsusilə də Ermənistan kimi işğalçılıq, düşmənçilik mövqeyində olan qonşumuz var. Ermənistan sürətlə silahlanır və bu silahlanma birbaşa Azərbaycana qarşıdır, fürsət gözləyirlər ki, Azərbaycana hücum etsinlər. Ona görə də Azərbaycan çox düzgün olaraq həm özünün silah istehsalını genişləndirir, həm də xaricdən silah almağa xüsusi diqqət ayırır. Heç kim düşünməsin ki, Azərbaycan bu prosesi kimlərinsə xoşuna gəlməyəcək deyə dayandıracaq. Azərbaycan silah istehsalını daha da gücləndirəcək, həmçinin ən müasir silah almağa davam edəcək”.

Ekspert qeyd etdi ki, Azərbaycanın xaricə silah satışı artdıqca gəlirləri də təbii olaraq artır: "Gəlirlər artdıqca lazım olan silahların, texnikaların alınması da artır. Bu da təbiidir. İstənilən ölkənin, o cümlədən Azərbaycanın həm silah istehsal etməsi, həm də xaricdən silah alınmasında aktivliyi onun gücünün göstəricisidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR