İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Asiya Parlamentinə sədrliyə başladı

Bakıda mühüm beynəlxalq tədbir keçirilir

Fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasının açılış mərasimi keçirildi. Tədbirdə 40-adək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edirdi. 

Qeyd edək ki, APA-nın İcraedici Şurasının iclası 2023-cü ilin noyabrında Türkiyənin Antalya şəhərində keçirilib. Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib. 

Asiya Parlament Assambleyasının baş katibi Mohammad Reza Majidi iclası açaraq, iki il ərzində assambleyaya sədrlik edəcək Azərbaycana uğurlar arzuladı. Baş katib təşkilatın missiyasına mühüm töhfə verən öhdəliklərin uğurla yerinə yetirilməsinə görə təşkilatın əvvəlki sədri Türkiyəyə təşəkkür etdi.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında öncə hər kəsi ölkəsi və şəxsi adına salamladıqdan sonra bildirdi ki, burada səslənən fikirlərin Asiya ölkələrinin əlaqələrinin daha da möhkəmlənməsində önəmli rol oynayacağına inanır. “Dünyanın çətin bir dönəmdən keçdiyinə şahidik. Bu mənada Asiyada önəmli bir fürsət pəncərəsi açılıb. Bu çərçivədə APA-nın yeni yüksəlişə qədəm qoyan Asiyada fövqəladə dəyərli bir platfoma olduğunu xüsusi qeyd etmək istəyirəm. Beynəlxalq barışın əldə olunmasına töhfə verəcək bir platformadır”, - deyə N.Kurtulmuş bildirdi. Qeyd etdi ki, bu çərçivədə Türkiyə olaraq 2019-cu ildən bəyan etdiyimiz “Yenidən Asiya” hədəfimiz olaraq Türkiyənin Asiya ilə əlaqələrinə mühüm diqqət veririk. “Asiya mədəniyyətin doğduğu yerdir. Hər zaman elmdə, texnologiyaya irəli getmiş, mədəniyyətlərə sahib qitədir” - deyən spiker bu dönəmdə gerçəkləşdirilən APA-nın tarixi bir dövrə təsadüf etdiyini xüsusi vurğuladı.

TBMM sədri çıxışında Rusiya-Ukrayna müharibəsi və Qəzzada yaşanan dəhşətlərə xüsusi yer ayırdı, Asiya ölkələrini və ümumiyyətlə, bütün bəşəriyyəti bu dəhşətlərin dayandırılması üçün hərəkətə keçməyə çağırdı. Eyni zamanda qeyd etdi ki, baş verənlər dünyanın yeni Birləşmiş Millətlər Təşkilatına zərurət olduğunu ortaya çıxartdı. Çünki bu gün "kim güclüdürsə, o haqlıdır" reallığı formalaşdırılmaqdadır. N.Kurtulmuş yekunda APA-ya sədrliyi Türkiyədən qəbul edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya uğurlar arzuladı. O, xanım Qafarovanın APA sədri olaraq aldığı bayrağı daha da yüksəklərə daşıyacağına əminliyini ifadə etdi. Bildirdi ki, Türkiyə bu prosesdə hər zaman yardımçı olacaq. Daha sonra N.Kurtulmuş sədrliyin ötürülməsini özündə ehtiva edən toxmağı Milli Məclis sədrinə təqdim etdi.

Çıxış edən Milli Məclisin spikeri Sahibə Qafarova bildirdi ki, Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası münasibətilə iştirakçıları Azərbaycanda salamlamaq onun üçün böyük zövq və şərəfdir: “Bu gün Azərbaycan Respublikasının Milli Məclisi növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrliyi qəbul edir. Mən Assambleyanın bütün üzv parlamentlərinə parlamentimizin namizədliyini dəstəklədiklərinə görə dərin minnətdarlığımı bildirmək istərdim. Bu, bizim üçün böyük qürur mənbəyidir. Qardaş Türkiyə parlamentinin hörmətli spikeri Numan Kurtulmuşdan sədrliyi təhvil almaq xüsusilə xoşdur. Sədrlik dövründə öhdəliklərə göstərilən sadiqliyə görə cənab Kurtulmuşa və Türkiyə Böyük Millət Məclisinə hamımız adından təşəkkür edirəm. Son 6 ildə görülən böyük işlər assambleyamızın və parlamentlərarası əməkdaşlığın inkişafı üçün çox vacib olmuşdur.

Mən Asiya Parlament Assambleyasının Baş Katibi cənab Məhəmməd Rza Məcidiyə də davamlı səyləri və katibliyi səmərəli idarə etməsinə görə təşəkkürümü bildirmək istəyirəm". Spiker dedi ki, APA ilə digər parlamentlərarası təşkilatlar arasında əməkdaşlığın inkişafı assambleyanın qlobal parlament diplomatiyasında səmərəli iştirakına kömək edəcək: “Bildiyiniz kimi, Milli Məclis Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə də rəhbərlik edir. Ötən il Antalyada bizim təşəbbüsümüzlə Şəbəkə müraciət edərək APA-da müşahidəçi statusu alıb. Şəbəkə üçüncü konfransını mart ayında Cenevrədə PAİ-nin 148-ci Baş Assambleyası çərçivəsində keçirəcək. APA-ya şəbəkədə müşahidəçi statusunun verilməsi və əməkdaşlıq memorandumunun imzalanması hər iki təşkilata parlament diplomatiyasında fəal iştirak etməyə imkan verəcək”.

S.Qafarova ardınca bildirdi ki, fürsətdən istifadə edərək, Cənubi Qafqazda bütün regionda sülhə və sabitliyə təsir edən mövcud vəziyyət barədə məlumat vermək istəyir: “Bu yaxınlarda, fevralın əvvəlində ölkəmizdə növbədənkənar prezident seçkisi keçirildi və nəticədə İlham Əliyev inamlı qələbə qazandı. Bu seçkinin əsas əhəmiyyəti ondan ibarət idi ki, o, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini 30 illik erməni işğalından azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri isə torpaqlarımızdakı separatizmi aradan qaldırdı və Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdi. Bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. 2026-cı ilin sonuna onların sayı 140 minə çatacaq”. Spiker Bakı və İrəvan arasındakı sülh prosesi barədə də iştirakçıları məlumatlandırdı: “Azərbaycan həmçinin regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün böyük səylər göstərir. Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Ermənistanın üç ildən artıq siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür. Bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin ikitərəfli görüşü olub. Sülh müqaviləsi üzrə danışıqlarda və sərhədlərin delimitasiyası üzrə görüşlərdə əldə edilmiş razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər. Ümid edirik ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəfləri cəlb etməkdən çəkinəcək və onun konstitusiyasında, digər qanunvericilik aktlarında öz əksini tapmış Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarından imtina edəcək və sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirəcək. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır”.

Milli Məclisin Sədri sonda bildirdi: “Sədrliyimizə göstərdiyiniz dəstəyə və etimada görə Sizə bir daha təşəkkür etmək istərdim. Mən qəti şəkildə inanıram ki, bizim ümumi səylərimiz sayəsində Asiya Parlament Assambleyası əməkdaşlığımızın inkişafı və ümumi məqsədlərimizin reallaşması üçün platforma rolunu davam etdirəcək”.

 Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda bildirdi ki, onun ölkəsi Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığa böyük önəm verir. “Tacikistan Asiyanın dayanıqlı inkişafı üçün APA-ya üzv ölkələrlə əməkdaşlığı davam etdirəcək. Bunun üçün hesab edirəm ki, biz nəqliyyat və logistika sektorunda birgə layihələr hazırlamalıyıq. Enerji sahəsində əməkdaşlığa da böyük diqqət yetirmək lazımdır”, - deyən spiker ardınca fevralın 7-də keçirilən uğurlu seçkilər münasibətilə Azərbaycanı və Prezident İlham Əliyevi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik etdi.

Bəhreyn Azərbaycanın Asiya Parlament Assambleyasına (APA) sədrliyini yüksək qiymətləndirir. Bunu isə Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışında söylədi. O, Azərbaycana növbəti iki ildə APA-nın sədri kimi fəaliyyətində uğurlar arzuladı. Bildirdi ki, bugünkü sessiyanın mövzusu qlobal səviyyədə çox mühüm əhəmiyyət kəsb edir: “Bəhreyn hər zaman dayanıqlı inkişafın əsas prinsiplərinə sadiqdir və regional qarşılıqlı fəaliyyət vasitəsilə əməkdaşlığı gücləndirməyə hazırdır”.

Fələstin nümayəndə heyətinin rəhbəri Ali Faysal olduqca emosional çıxış edərək Qəzzada yaşananlara görə İsraili ittiham etdi, Fələstin xalqına dəstək verməyə çağırdı.

İraq Nümayəndələr Şurasının spikeri Mohsin Əli Əkbər Əl-Mandalavi (Mohsin Ali Akbar Al-Mandalawi) dünya ölkələrini Qəzzadakı müharibənin qarşısını almağa çağırış etdi. Bildirdi ki, bəşəriyyətin rifahı naminə Asiya qitəsində sabitlik və sülhün bərqərar olması üçün çalışmaq lazımdır: “Bu baxımdan ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, Qəzza zolağındakı böhranı həll etmək vacibdir. Çünki bu müharibənin təsirinin dünyaya yayılmaq təhlükəsi var. Ona görə də müharibənin qarşısını almaq bütün dünya ölkələrinin məsuliyyətidir. Hazırda İraq hökuməti və xalq olaraq, bu istiqamətdə bütün güclərimizi səfərbər etmişik”.

Şri-Lanka Parlamentinin spikeri Mahinda Yapa Abeyvardana (Mahinda Yapa Abeywardana) Asiya regionundakı su problemi kimi məsələləri aradan qaldırmağın vacibliyindən bəhs etdi. Onun sözlərinə görə, sabahı bu gündən yaxşı edə bilmək üçün düşünməlidirlər: “Hesab edirəm ki, Asiya yuxuda olan bir nəhəngdir. Fəaliyyətimizdə dayanıqlı olmalıyıq ki, istədiyimiz məqsədlərə nail olaq. Asiya regionunun problemlərlə üzləşməsini, regiondakı xalqların bəzi qanunsuz cərrahiyyə əməliyyatları, su problemləri kimi məsələlərlə üzləşməsini istəmirik. Əlimizdən gələni etməliyik ki, Asiyanı oyadıb dirçəldək”.

Panel müzakirələrində çıxış edən İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Cəlil Rahimi Cahanabadi bildirdi ki, ölkəsinin parlamenti Asiya Parlament Assambleyasının məqsədlərini dəstəkləyir: “İran Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyini tam dəstəkləyir və fəaliyyətin gücləndirilməsi istiqamətində lazımi dəstəyi verəcəkdir”. O, Qəzzada baş verənlərlə bağlı fikirlərini bölüşərək İranın Fələstin xalqının yanında olduğunu söylədi.

Bu gün müzakirələr davam etdiriləcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR