İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP-çı deputatdan Rusiya ilə bağlı SENSASİON AÇIQLAMALAR

“Müəyyən suallar var və həmin suallar öz cavabını tapmalıdır”

Azərbaycanın mülki təyyarəsinin Qroznı səmasında vurulmasından sonra Rusiya-Azərbaycan münasibətlərində bəlli soyuqluq yaranıb. Kremlin müəmmalı sükutu, Azərbaycanın beynəlxalq hüquqa istinad etdiyi tələblərə əməl etməməsi azmış kimi, ölkəmizə qarşı müxtəlif səviyyələrdə təhdidlər davam edir.

Bu mövzuda deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”ın suallarını cavablandırıb. 

- Aydın bəy, artıq ikinci aydır Rusiya təyyarəmizin vurulması faktı ilə bağlı sükut nümayiş etdirir. Bu yaxınlarda Dmitri Peskov bildirdi ki, prezident Putin hadisə ilə bağlı hər hansı bəyanat verməyəcək. Bununla Kreml nə demək istəyir? Rusiya Azərbaycanla körpüləri yandırmağa hesablanmış addımlarmı atır?

- Hesab eləmirəm ki, məsələ bəzilərinin düşündüyü kimi, gərgin və dərindir. Bəli, Rusiya ərazisində Azərbaycan mülki təyyarəsinin vurulması çox ciddi məsələdir. Azərbaycan öz suveren hüquqlarına söykənərək, çox düzgün olaraq Rusiya tərəfinin bu məsələyə münasibətini istədi. Rusiya prezidentinin 3 gün sonra da olsa, zəng edib Azərbaycandan üzr istəməsi, sonra daha bir zəngi onu göstərdi ki, Rusiya Azərbaycanla münasibətləri diqqətdə saxlayır. Aydındır ki, bundan sonrakı məsələlər artıq ikinci, üçüncü səviyyələrdə həllini tapmalıdır. Qazaxıstandakı qəzanı müəyyənləşdirən komissiya artıq öz rəyini ortaya qoydu. Rusiya Hərbi Prokurorluğu bu məsələ ilə bağlı işləyir. Səhv etmirəmsə, orada Azərbaycan prokurorluğunun nümayəndəsi də var.

Yəni proses gedir. Şübhəsiz ki, Azərbaycan bu məsələlərə Rusiyadan daha isti, anlaqlı yanaşma gözləyir. Çünki biz Rusiya ilə strateji müttəfiqik, heç vaxt Rusiya əleyhinə heç bir kampaniyada iştirak etməmişik. Azərbaycanda rus dilinə, rus icmasına hörmət var və biz Rusiya ilə münasibətləri dəyərləndiririk. Amma bu, o demək deyil ki, Azərbaycan öz suveren hüquqlarından əl çəkəcək, cəmiyyəti düşündürən məsələləri dövlət dili ilə səsləndirməyəcək.

- Amma görünən budur ki, şimal qonşumuz Azərbaycanın bütün etdikləri yaxşılıqlarının qarşılığında fərqli davranmaqdadır, hətta Dövlət Dumasının üzvləri səviyyəsində dövlətimiz, xalqımız təhdid edilir. Bunu necə başa düşmək olar?

- Gəlin belə deyək. Bu gün yüksək səviyyədə anti-Azərbaycan bəyanatları yoxdur. Hətta “Rus evi” məsələsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirdi ki, ölkəsi onun hüquqi məsələlərini həll etməyə hazırdır. Göründüyü kimi, biz bu məsələlərdə hansısa fərqli mövqe yoxdur. Hər hansı deputatın fikir bildirməsi hələ Rusiya dövlətinin münasibəti deyil.

- Aydın bəy, amma soyuqluq, həm də sayğısızlıq göz önündədir. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri heç olmasa həlak olanların dəfn və yas mərasimlərinə qatılmadı, başsağlığı vermədi...

- Əlbəttə ki, bu, düzgün deyil. Çox yaxşı olardı ki, Rusiya səfirliyinin nümayəndələri yasda iştirak edəydilər.

- Heç olmasa səfirliyin qarşısında çələng qoyulmasını da təşkil edə bilərdilər...

- Əlbəttə, olardı. Çox yaxşı olardı ki, Rusiyadan ictimaiyyət nümayəndələri gələrdi. Konkret olaraq Çeçenistandan bir nümayəndə heyəti gələrdi, din xadimləri, ziyalılar...

- Rusiyanın pomidora, kartofa ehtiyacı olduğu illərdə Bakıya davamlı səfərləri çox görmüşük, amma belə dəhşətli hadisə olub, normal mövqe görmürük.

- Doğrudur. Gərək onlar gələydilər, həlak olanların ailələrinə gedəydilər, Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşəydilər, mətbuata, telekanallarımıza çıxaydılar. Bunun üçün elə böyük xərcmi istənilir? Yaxşı olardı Dövlət Dumasının deputatı Nikolay Valuyevin anti-Azərbaycan bəyanatlarına Rusiya parlamentinin 3 deputatı öz etirazını bildirərdi ki, Azərbaycanla belə hərəkət etmək, burada yaşayan Azərbaycan icmasının nümayəndələri haqqında belə qüsurlu fikirlər səsləndirmək olmaz!

- Azərbaycan parlamentinin təcrübəsində hansısa qonşu ölkələrlə bağlı kəskin ifadələr işlədən deputatlara xəbərdarlıq edilməsi halları da olub. Amma Rusiyada azərbaycanlılara qarşı az qala terror çağırışınadək qəbulolunmaz fikirlər səsləndirilir, Rusiya Dövlət Duması, rəsmi şəxslər bütün bunları sanki eşitmirlər. Sizcə, bu, normaldırmı?

- Əlbəttə, yox. Rusiya Dövlət Dumasında Azərbaycanla dostluq qrupu var, niyə onlar Azərbaycanla dostluq barəsində bəyanat vermirlər? Niyə Nikolay Valuyev İntizam komissiyasına dəvət edilmir, onun bəyanatının Azərbaycanla münasibətlərə zərər vuracağı bildirilmir? Valuyev deputatdır, amma siyasətçi deyil. 15 yaşından onun məşqçisi erməni əsilli idmançı olub. Ola bilsin bu faktor da əksini tapır.

- Hesab etmək olarmı ki, bu, yalnız Valuyevin özfəaliyyətidir? Vaxtilə Jirinovski Kremlin anti-Azərbaycan mövqeyinin ifadəçisi idi, “Moskvanın danışan dili” idi. Bu barədə nə deyə bilərsiniz?

“İnanmıram ki, Rusiya təyyarəsi hansısa başqa ölkənin ərazisində vurulsaydı, bunu sakitcə qarşılayardı...”

- Əgər Valuyevin Azərbaycanla bağlı hansısa sualları var idisə, Azərbaycan ictimaiyyətinin Rusiyadakı nümayəndələri ilə görüşəydi. Azərbaycan parlamentinə qonaq gələrdi. Bunu niyə etmədi? Hansı ki, Azərbaycan bunu edib. Bizim deputatlar parlamentdə digər dövlətlərlə münasibətlərə çox həssaslıqla yanaşırlar.

- Digər tərəfdən, Rusiya rəsmiləri Azərbaycanın Rusiyadakı səfirliyinə başsağlığı vermək üçün getməkdənsə, səfirin etimadnaməsinin mürəkkəbi qurumamış etiraz notası təqdim etdilər.

- Mən sizinlə razıyam. İki məsələyə diqqət etmək lazımdır. Bir tərəfdən Rusiyanın yüksək rəsmi səviyyəsində hansısa bir anti-Azərbaycan bəyanatı, yaxud hərəkəti görünmədi. Bu, yaxşıdı. Amma bir məsələ var, niyə parlamentinin hər iki palatasının sədri Milli Məclisin sədri Sahibə Qafarovaya zəng etmədi? Niyə Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasının (“Vahid Rusiya”) sədri Dmitri Medvedev partiyamızın sədr müavinləri Əli Əhmədov və Tahir Budaqova zəng eləmədilər? Niyə Rusiya Ombudsmanı Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya zəng etmədi? Yəni bunlar da elə çətin məsələ deyildi. Rusiyanın bu gün sanksiyalara dözüm gətirmək, Rusiya prezidentinin ABŞ prezidenti ilə görüş məsələləri onunçün prioritetdir. Amma Azərbaycan üçün bu, həssas və ağrılı bir məsələdir. İnanmıram ki, Rusiya təyyarəsi hansısa digər ölkənin ərazisində hərbi qüvvələr tərəfindən vurulsaydı, Rusiya bunu sakitliklə qarşılayardı.

Azərbaycan bu gün Rusiyanın az sayda olan, sınaqdan çıxmış dostlarından biridir. Rusiya Azərbaycanı itirməyə çalışmamalıdır, Azərbaycanla münasibətləri qorumalı, həssaslıqla yanaşmalıdır. Elə ona görə də səfirlik var ki, bu məsələləri Rusiyanın hakimiyyət orqanlarına çatdırsın. Ona görə parlament, ictimai təşkilatlar var ki, belə məsələləri diqqətdə saxlasınlar. Rusiya blogerlərinin Azərbaycana qarşı kin-küdurət bəyanatları yaymasına niyə imkan verirlər? Haradadır sağlam düşüncəli Rusiya blogerləri? Nəyə görə Rusiya telekanallarında və yaxud Rusiya mətbuatında aviaqəzadan sonrakı əhval-ruhiyyə, azərbaycanlıların həlak olması ilə bağlı məlumatlar verilmir?

- Yəqin ki, sizin Rusiya Dövlət Dumasının üzvləri arasında dostlarınız, münasibətdə olan deputatlar var?

- Yox, tanıdığım kimsə yoxdur.

- Bu hadisədən sonra kimsə sizə zəng etməyib?

- Yox. Əlbəttə, kimsə zəng etsə, fikir mübadiləsi edərdik, müəyyən fikirlərimi bildirərdim. Rusiyanın min illik dövlətçilik ənənəsi var. Kifayət qədər təcrübəyə malikdir, dünya ilə təmas qurmaq sistemi formalaşıb. Amma bu məsələdə onların susması, açığını deyim, təəccüb doğurur. Azərbaycan Rusiya ilə dostluğu kəsmək fikrində deyil. Rusiya qonşumuzdur və bu qonşuluq münasibətləri dostluğa, qardaşlığa, yaxşı münasibətlərə, yaxşı və pis gündə bir yerdə olmağa söykənib.

“Avrovizion” yarışmalarının birində Azərbaycan vətəndaşlarının Rusiyaya verdiyi səsi nəzərə almamışdılar. İndiki deputatımız, keçmişdə Rusiyada səfirimiz olan Polad müəllim Bülbüloğlu xüsusi olaraq mədəniyyət naziri Mixail Şvıdkoyla görüşərək bir sənəd təqdim etdi ki, Azərbaycandan bu qədər səs verilib, bu, Azərbaycanın Rusiyaya münasibəti deyilmi? 2016-cı ildə Rusiya Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarından uzaqlaşdırıldı və onun lisenziyaları digər ölkələr arasında paylandı. Azərbaycan Rusiyanın ona təklif edilən lisenziyasından imtina etdi. Bu, Azərbaycanın Rusiyaya qarşı xoş məramının nümunəsi deyilmi?

- Qərbdəki təşkilatların Rusiyaya qarşı sanksiya təşəbbüsləri zamanı da ölkəmiz prosesdə yer almayıb. Amma bütün bunlar şimal qonşumuz tərəfindən müsbət qiymətləndirilmir. Vaxtilə Azərbaycanın ən böyük diaspor təşkilatı ÜAK-ın qeydiyyatı ləğv edildi və o zaman da Azərbaycan dövləti təmkinli münasibət sərgilədi. Bakıdakı “Rus evi”nin qanunsuz fəaliyyətinin aşkarlanması və hüquqi tədbirlərin görülməsini isə Rusiyadakı bəlli çevrələr sinirə bilmir.

- Biz Rusiyaya sərgilədiyimiz münasibətin eynisini ondan gözləyirik. Biz normal, mehriban qonşuluq münasibəti gözləyirik. Hesab etmirəm ki, münasibətlərimiz çox-çox pisdir. Amma bununla belə, suallar var, biz o sualların cavablarını, o münasibətin cavabını gözləyirik. Düzdür, Rusiyanın siyasi gündəmində böyük məsələlər durur. Amma Azərbaycanla münasibətlər heç də kiçik məsələ deyil. Rusiya Azərbaycandan özünə həmişə qonşuluq münasibəti görüb. Rusiya vətəndaşı olan azərbaycanlılar bu gün Rusiya büdcəsinə vergi ödəyirlər, Rusiyanın yaxşı vətəndaşlarıdır, seçkilərdə iştirak edirlər və heç bir zaman bu ölkədə millətçiliklə məşğul olmayıblar. Ona görə də hesab edirəm ki, Rusiya Azərbaycanla münasibətlərinə əvvəllər olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq xəttini əsas götürməklə, aviaqəzadan sonra yaranan məsələləri araşdırmaqla bağlı mövqeyini də ortaya qoymalıdır.

- Sizcə, Rusiya Azərbaycandan nə istəyir?

- Bu gün, sadəcə olaraq, Rusiya qarşısında olan böyük məsələlər fövqündə nədənsə Azərbaycanla münasibətlər məsələsini bir qədər unudub.

- Amma Azərbaycan Rusiyanın cənub qapısıdır. Hələ Zəngəzur qapısının açılması gündəmin əsas mövzularındandır. Öz qapısını niyə qapatmağa çalışsın ki?

- Orası elədir. Baxmayaraq ki, Azərbaycan və Rusiya münasibətlərində bu gün müəyyən suallar var, amma səhv etmirəmsə, bu günlərdə cənab prezidentimiz Rusiya ilə imzalanmış sənədi təsdiqlədi. Bunun özü bir göstəricisi idi ki, Azərbaycan Rusiya ilə münasibətlərə diqqət verir, onun möhkəmlənməsində, güclənməsində daha da maraqlıdır. Fikrimcə, bu məsələlər gec-tez öz həllini tapacaq. Bu, hər iki dövlətin marağındadır. Mən indiki duruma böhran deməzdim. Müəyyən suallar var və həmin suallar öz cavabını tapmalıdır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR