Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sifarişi ilə Sumqayıt şəhərində kanalizasiya və yağış sularının idarə olunması istiqamətində iri həcmli layihə həyata keçirilir.
Bu barədə Musavat.com-a ADSEA-dan bildirilib.
Qeyd olunub ki, məqsəd dayanıqlı, keyfiyyətli və fasiləsiz su ilə əhalini təmin etmək vətəndaşların məmnunluğuna yüksək səviyyədə nail olmaqdır.
Sumqayıt şəhərində əhalinin kanalizasiya və yağış sularının idarə olunması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən yenidənqurma işlərinə başlanılıb. İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması həyata keçirilir.
Həmçinin "Yaşıldərə" yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunması istiqamətində ilkin olaraq şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir. Layihəyə uyğun olaraq İnşaatçılar, Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov, Bakı küçələrində və Koroğlu prospektində təmir, yenidənqurma işləri intensiv olaraq davam etdirilir. Layihədə diametri 600, 1000, 1200, 1400 və 1600 millimetrlik dəmir-beton və eyni zamanda diametri 300, 400, 500 millimetrlik Koruge borulardan istifadə edilir. Tikinti işləri normativ qaydalara tam uyğun aparılır.
Hazırda 622 metr uzunluğunda diametri 300 və 400 millimetr Koruge borularla xətlərin inşası başa çatıb, 19 ədəd quyu quraşdırılıb və eyni zamanda Pərviz Hüseynov küçəsində diametr 1600 millimetrlik dəmir-beton boruların tikinti-quraşdırma işlərinə başlanılıb.
Əhali sayının artması ilə əlaqədar tullantı suların həcmi də artır. Bu səbəbdən sutkalıq məhsuldarlığı 100 min kubmetr olan Tullantı Sutəmizləyici Qurğular Kompleksində də əsaslı təmir və yenidənqurma işlərinə start verilib. İşlər çərçivəsində 3 ədəd mövcud aerotenk durulducunun dəmir-beton hissələrində əlavə gücləndirmə işləri aparılır. Aerotenk durulducunun içərisində dayaqların yenilənməsi, su novlarının, diffuzor boruların dəyişdirilməsi nəzərdə tutulub. Qurğulara giriş-çıxış xətləri yenilənib.
Bundan əlavə yeni nasosların alınıb quraşdırılması da nəzərdə tutulub. Əsaslı təmir işləri yekunlaşdıqdan sonra tullantı suları ən müasir texnologiyaya uyğun təmizlənərək Xəzər dənizinə ötürüləcək.
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ