Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib".
Musavat.com xəbər verir ki, bu barədə Caliber.Az-ın redaksiyasına etibarlı mənbələrdən daxil olan eksklüziv məlumatda bildirilib.
Məlumata görə, bu düzəlişlər əsasən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşrini, eləcə də "BBC"ni ("BBC News Azərbaycanca") təsir altına alacaq.
"Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq olaraq, AZƏRTAC-ın Rusiyada nə qədər müxbiri işləyirsə, eyni sayda da "Rossiya seqodnya"nın ölkəmizdə müxbiri fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştatlı vəzifədən gedir", - deyə yazıda bildirilib.
Qeyd edək ki, "Rossiya seqodnya"nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün isə ləğv edilməsi gözlənilir - "Rossiya seqodnya" Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ