İnsanlara hürriyət, millətlərə istiqlal!

Axsaq Ohanyanın müharibə hədəsi – İrəvanda revanşizmi Bakı qızışdırır?

Ermənistanın yüksək çinli rəsmi şəxslərinin öz-özünü təkzib edən açıqlamalarına artıq öyrəncəliyik. Bu dəfə parlamentin spikeri Alen Simonyan “parlayıb”.

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağla birlikdə tanıyıb. Qarabağ problemi mövcud deyil... İndi əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”.

Bunu dünən Simonyan söyləyib. Ardınca da “Azərbaycan rəhbərliyini Ermənistanda revanşist əhval-ruhiyyə oyada biləcək bəyanatlar verməməyə” çağırıb.

Əvvəla, Ermənistan hələ çox şeyi tanıyıb etiraf eləməli, boynuna almalı olacaq, yalnızca Azərbaycanın ərazi bütövlüyünü yox. Hərçənd adama deyərlər, ərazi bütövlüyümüzü Qarabağla birgə tanımısınızsa, onda üç ildir Bakı ilə sülh müqaviləsindən niyə qaçırsıniz? Nə üçün Ermənistan Azərbaycanın son sülh variantına cavabı düz 70 gün gecikdirdi? “O nə pəhriz, bu nə turşu?”..

Yəni görünən budur ki, Paşinyan və komandası həmişəki kimi dünyanın gözündə pərdə asmağa, Azərbaycan haqda sülhü deyil, müharibəni istəyən destruktiv ölkə, Ermənistan barəsində isə “təcavüz təhdidi ilə üzləşən” yazıq və günahsız tərəf imici yaratmağa çalışır.

Halbuki rəsmi Bakı dəfələrlə, ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünü tanıyır və ona hücum eləməyə hazırlaşmır. Hətta əlavə sübut kimi Zəngəzur dəhlizinə marağının azaldığını, artıq İran ərazisi ilə Naxçıvana yol çəkilməsi haqda razılıq əldə olunduğunu da bildirib. Daha nə söyləməliyik?..

İkincisi, görəsən Azərbaycanın hansı bəyanatlarıdır ki, onlar Ermənistanda revanşist ovqatı gücləndirir? Simonyan bir-ikisini sadalaya bilərmi? Bəlkə Qərbi Azərbaycan İcmasının tələblərini nəzərdə tutur?

Yəqin ki. Elə isə bu, soydaşlarımızın ana südü kimi halal haqqı. Necə olur, Qarabağı könüllü tərk eləmiş erməni sakinlərinin geri dönmək hüququ ola bilər, öz yurd yerlərindən vəhşicəsinə qovulmuş azərbaycanlıların yox?!

Bəlkə əksinə, cənab Simonyan məhz İrəvandan Bakıya ünvanlı, sülh prosesini təhdid edən qızışdırıcı revanşist bəyanatlara son qoyulması haqda düşünsün? Axı biz az qala, hər gün oradan belə hərzə-hədyanlar eşidirik. Və yalnız ara-sıra bunların topasına cavab olaraq Bakı bəyan edir ki, əgər kapitulyant ölkədə revanşist qüvvələr yenə baş qaldırsa, artıqlaması ilə cavablarını alacaqlar. Vəssalam...

NEMEZ.jpeg (70 KB)

Yaxud “daşdan keçən” belə bir özünü-təkzib faktı: qonşularla ədalətli sülh istəyən, revanşizmlə yaşamayan hakimiyyət də Türkiyə və Azərbaycanın siyasi xadimləri və diplomatlarını qətlə yetirmiş terrorçulara İrəvanın mərkəzində “Nemezis” abidəsi ucaldar? Hansının açılış mərasimində ki, Paşinyanın silahdaşı, İrəvan merinin müavini də iştirak və çıxış edib (Türkiyə rəsmən bu abidənin sökülməsini tələb eləmişdi, amma sökmədilər!)

İndi kim erməni cəmiyyətində revanşist ab-havanı körükləyir, ara qızışdırır? Barı abrınıza kor olub yerinizdə sakit oturun...

Yaxud Ermənistanın sabiq və axsaq müdafiə naziri, hazırda “Hayastan” radikal deputat fraksiyasının rəhbəri, Xocalı hərbi canisi, Azərbaycanın çoxdan haqqında cinayət işi qaldırıb beynəlxalq axtarışa verdiyi erməni cəlladı Seyran Onanyanın dünən söylədiyi.

Sitat: “Əvvəla, Artsax məsələsi bağlanmayıb. Münaqişə davam edir, Azərbaycanın hərəkətləri üzündən münaqişə daha da dərinləşib və Bakı soyqırım siyasətinə görə cavab verməlidir”.

Nə sayıqlayır, kimi hədələyir, hansı “soyqırımı”ndan dəm vurur bu şərəfsiz, özü gerçək soyqırımı iştirakçısı ola-ola və “keçilməz Ohanyan xətti”nin cəmi bir necə saata darmadağın edildiyi 44 günlük müharibə zamanı dabanına tüpürüb Qarabağdan qaçan yalançı general? Azərbaycan türməsinin çoxdan “darıxdığı” çolaq Ohanyanın spikeri Simonyan bizə anlada bilərmi? Axı özünün də etiraf elədiyi kimi, “artsax məsələsi” bitib...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR