Onlayn ictimai-siyasi qəzet
Əvvəlcə ondan başlayım ki, çox keçməyib, cəmi beş-on gün bundan əvvəl, lap dəqiqini desək, sentyabrın 26-da ABŞ-da BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü baş tutdu və o, ABŞ dövlət katibi Entoni Blinkenin bilavasitə vasitəçiliyilə və təşəbbüsü ilə reallaşdı.
Tərəflərin nə danışdığını, nələri müzakirə etdiyini və nədə razılığa gəldiyini bilmədik, bircə o məlum oldu ki, ABŞ dövlət katibi görüşün gedişindən və onun nəticələrindən çox razı qalıbdı. Amma çox keçmədi ki, ABŞ konqresmenlərinin məlum müraciəti peyda oldu və Bakıda bunun elə ABŞ dövlət departamenti tərəfindən təşkil olunduğu deyildi.
Axı nə oldu? Nə baş verir? İlk ağla gələn budur ki, bəlkə ABŞ bizə ermənilərin təklif etdiyi formada sülh sazişini imzalamadığımıza görə təzyiq edir? Axı erməni baş naziri israr edir ki, sülh sazişi razılaşdırılmış on üç – on dörd maddənin əsasında imzalansın!..
Bir daha deyirik burada: bəlkə ABŞ bizə Nikol Paşinyanın bu təklifini qəbul etmədiyimizə görə təzyiq edir? Açığı, bu suala birmənalı cavab verə bilmirik. Amma bizim müstəqil, yarımmüstəqil və qeyri-müstəqil təhlilçilərimizin böyük əksəriyyətinin yenə də rəyi bu oldu ki, rüşvətxor ABŞ konqresmenləri və ya məmurları Azərbaycana qarşı növbəti qərəzli addım atıblar! Belədirmi? Məsələ həqiqətən də rüşvətdədirmi?
Əvvəl onu deyək ki, lobbiçilik ABŞ-da tamam leqal məşğuliyyətdir və səhv etmiriksə, buna görə amerikalı siyasətçilər hətta dövlətə vergi də ödəyirlər. O ki qaldı məsələnin başqa tərəflərinə, bizim pulumuz heç də ermənilərinkindən az deyil və biz rüşvət verməkdə heç də onlardan geri qalan oğlanlar da deyilik. Bəs onda problem axı nədədir?
Doğrusu, belə söhbətlər çox tez-tez meydana çıxır və eləcə də Avropa Şurası kontekstində də səslənir. Hər dəfə adam bizim siyasət adamlarına və məmurlarına səslənmək istəyir ki, əzizlərim, axı sizə nə olub, niyə ermənilərin qarşısında belə aciz qalmısınız, axı belə məsələlərdə sizin hamınız olmasa da, bir çoxunuz heç də aciz bəndə deyilsiniz, hər şeyin qədərini-qiymətini, necə və kimə çatdırılmasını gözəl bilirsiniz!..
Amma mənə yenə elə gəlir ki, məsələ bunda deyil. BMT-ni deyə bilmərəm, üstəlik, bunun nə dərəcədə doğru olub-olmadığını da bilmirəm, amma Avropa Şurası kontekstində bizdə bir ara hətta belə bir ifadə də yaranmışdı: “kürü diplomatiyası”! Fəqət, deyəsən, bunun da bir faydası olmadı, nankor Avropa diplomatları kürümüzü yeyib özümüzə də təpik vurdular...
Konrqesmenlərin müraciəti kontekstində daha bir ehtimal səslənir: ABŞ və Avropa bizi Asiyaya doğru sıxışdırır! Lap əvvəlcə onu da deyək ki, elə bizim özümüzün də könlümüz daha çox Asiyayadır. Gəlin, bunu açıq etiraf edək – malımız, mülkümüz Avropada olsa da, hətta uşaqlarımız orada oxusa da, biz avropalı ola bilmirik. Bir daha deyirik ki, bunu açıq söyləmək lazımdır və vaxtaşırı söylənilir də! Dəfələrlə deyilib ki, bizim Avropa İttifaqına və NATO-ya inteqrasiya etmək planlarımız yoxdur və səmtimiz daha çox Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS, Rusiya və ən əsası da, Türk Dövlətləri Birliyi (sizi təbrik edirəm! Qardaş Türkiyədə dərsliklərdə “Mərkəzi Asiya” ifadəsini Türküstan sözü ilə əvəz edirlər!) tərəfədir. İndi buna Avropa neyləsin? Onlar bizi Asiyaya doğru itələyir, yoxsa ki, bizlər özümüzü Asiya dövlətlərinin cərgəsində daha rahat hiss edirik?
Həm də sirr deyil ki, biz ən azı indi Rusiyaya Avropadan və ABŞ-dan qat-qat yaxınıq. Avropa ilə bizi nə bağlayır? Faktiki olaraq heç nə! Biz onlara qaz satırıq! Nə olsun? Ərəb ölkələri də, səhv etmirəmsə, Avropaya neft və qaz satırlar! Amma onları Avropa hesab edən varmı?..
Həm də biz elə böyük və Qərb üçün təhlükə törədə biləcək gücündə olan ölkə deyilik ki, bizimlə bağlı hansısa xüsusi planlar cızsınlar.
Bəli, Cənubi Qafqazda gözü olan dövlətlərin Azərbaycanın bu regionda əsas dövlət olması çox da ürəyincə deyil.
Amma gəlin indidən bir detalı unutmayaq ki, bəli, bizim ərazimiz daha böyükdür, əhalimiz də daha çoxdur, amma gücümüz daha çox neftin və qazın hesabınadır və bu, heç də əbədi olmayacaqdır...
Qayıdaq, ABŞ konqresmenlərinin müraciətinə və ya fransızların niyə görə erməniləri müdafiə etməsinə. Bunun ən böyük səbəbi budur ki, burada xristian faktorundan savayı daha bir ciddi amil var: ermənilər ABŞ –da və Fransada SEÇİCİDİRLƏR, onların bu ölkələrdə SƏSLƏRİ var. ABŞ da, hətta Fransa da demokratik ölkələrdir, buralarda seçicilərin səslərini saxtalaşdırmaq demək olar ki, bəzi epizodik, tək-tük halları çıxmaq şərtilə, mümkün olmur. Ona görə də bu ölkələrin siyasətçiləri əsasən ermənilərin səsi və dəstəyilə hesablaşmağa məhkumdurlar.
Elə bu səbəbdən də bir daha deyririk: məsələ təkcə pul söhbəti deyildir, bizim pulumuz ermənilərinkindən də çoxdur, rüşvət vermək təcrübəmiz də onlarınkından nəinki əskik deyil, əksinə bir az da çoxdur!..
Düzdür, burada bir incə məsələ var: biz hələ millət yolunda milyonlar xərcləməyə alışmamışıq, bizim şakərimiz daha çox millətin hesabına varlanmaq, milyonlar qazanmaqdır. Nə edəsən? Reallıq budur! Gərək, hərdən bu haqda da danışaq...
Sona yaxın qeyd edək ki, düşünmürük, ABŞ Azərbaycana qarşı daha bir qərəzli addım atsın, hər halda, bunun belə olmayacağına ümidliyik.
Amma hər şey ola bilər. Əlbəttə, Donald Trmap seçilsə, bu, dəqiq baş verməyəcəkdir. Amma xanım Harrisi deyə bilmirik, çünki bu, həmin administrasiyadır ki, qondarma “erməni soyqırımı”nı tanıdı! Amma bununla nə dəyişdi? Türkiyəyə nəsə oldumu? Həm də Qafqaz uğrunda savaş-savaş təzə-təzə qızışır, indi nəzərlər daha çox Gürcüstana, ayın 26-da burada keçiriləcək seçkilərə yönəlibdi. ABŞ və Avropa Ermənistanda da möhkəmlənməyə çalışır. Amma bizə həmişə elə gəlib ki, amerikalılar Cənubi Qafqaza bütöv region kimi yanaşmağa cəhd ediblər və onların planlarında tək Ermənistan, tək Gürcüstan yox, bütöv Cənubi Qafqaz var.
Həm də ermənilər israr etməkdədirlər ki, sazişin qalan üç maddəsi üzərində də iş gedir və COP29 –a qədər o, imzalana bilər. Düzdür, vaxt çox az qalıb və biz konkret saziş məsələsində o qədər də ümidli deyilik. Amma tamamilə mümkündür ki, amerikalılar bizə ermənilərin şərtilə - razılaşdırılmış on üç - on dörd maddə əsasında sülh sazişi imzalamaq təklifini qəbul etmədiyimizə görə təzyiq edirlər. Bizə hələ də elə gəlir ki, onlar İrəvanla Bakı və Ankara arasında sülhün bərqərar olmasında çox maraqlıdırlar, ən azı ona görə ki, bunsuz onların Ermənistanla bağlı planları reallaşa bilməz.
Və yaxud da düşünmürük ki, ABŞ, məsələn, Minsk Qrupunun qalmasında israr etsin: təxminən bir ay bundan əvvəl, bu məsələ ciddi müzakirə olunarkən, Vaşinqton bəyan etdi ki, onlar tərəflərlə istənilən formatda əməkdaşlıq etməyə hazırdırlar.
Odur, bir daha deyirik bunu: tamamilə mümkündür ki, indi sürətli bir sülh sazişi lazımdır hazırkı ABŞ administrasiyasına – məsələn, prezident seçkilərində istifadə olunacaq “kozır” kimi! Axı demokratların da indi diqqəti daha çox erməni əsilli seçicilərdədir, çünki yəhudi əsilli elektoratın dəstəyini almaq üçün D.Tramp daha çox şanslı sayılır, təkcə ona görə yox ki, o, real olaraq Yerusəlimi İsrailin tək və bölünməz paytaxtı kimi tanıyan ilk ABŞ prezidenti olub, həm də ona görə ki, indi müharibə aparan Netanyahu hakimiyyətinin də simpatiyaları daha çox Trampın tərəfindədir – hər halda, belə deyilir...
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ