İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobusdakı davaya səbəb sürücünün “nakişi” deməsi olubmuş - Görüntülər izlənildi, bəraət verildi

160 saylı marşrut xətt avtobusunda sürücü ilə sərnişin arasında baş verən davanın təfərrüatı məlum olub. Davaya səbəb sürücünün siqaret çəkməsi, sərnişinin də bunu telefonla lentə almaq istəməsi olub.

Musavat.com xəbər verir ki, sürücü Elmir avtobusu idarə edən zaman siqaret çəkib.

Natiq Abdullayev adlı sərnişin buna etiraz edib və mobil telefonla sürücünün bu hərəkətini lentə almaq istəyib. Bu zaman sürücü ona “nakişi” deyib və çəkiliş etməsinə etiraz edib. Tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.

Açılan cinayət işi üzrə sərnişin Natiq Abdullayev qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirli bilinib. Xəzər Rayon Məhkəməsi onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Hökmdən narazı qalan Natiq Abdullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Məhkəmə onun şikayətini təmin edib və barəsində bəraət hökmü çıxarıb.

Bəraətə əsas verən səbəb isə avtobusda olan kameranın görüntülərinin izlənməsi ilə ortaya çıxıb. Kamera görüntülərində sürücünün sərnişinə hücum etdiyi, avtobusda ona yumruq zərbələri endirdiyi müşahidə olunub. Hətta digər şəxslər onları sakitləşdirsə də, sürücü təkrar sərnişinə hücum edib. Məhkəmə davanın sürücünün qanunsuz hərəkətləri nəticəsində baş verdiyi qənaətinə gəlib. Sürücünün sükan arxasında siqaret çəkməsinə etiraz edən sərnişinin iradı məhkəmə tərəfindən haqlı hesab olunub.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR