İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Azərbaycan liderinə böyük diqqət – Ölkəmiz etibarlı tərəfdaşlığın bəhrələrini görür

 

Prezident İlham Əliyevin İtaliaya işgüzar səfəri, “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda çıxışına beynəlxalq media geniş yer ayırıb. Azərbaycanın regionda getdikcə artan nüfuzu, Avropanın enerji təhlükəsizliyindəki mühüm rolu, habelə ikitərəfli münasibətlərin yüksək inkişaf dinamikası qeyd olunub.

Xatırladaq ki, ölkə başçısı Forumun “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında səsləndirdiyi fikirlər mühüm əhəmiyyət malikdir.

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiklərini xatırladan Prezident, əməkdaşlığımızın bir çox sahəni əhatə etdiyini diqqətə çatdırıb: “Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub”.

post-img

Qeyd edək ki, son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə olunur. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir”.

Prezident İlham Əliyev də çıxışında enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz parçası olduğunu vurğulayıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir.

Prezident Azərbaycanın Avropanın enerji təchizatında mühüm rolunu vurğulayarkən, hazırda qitənin 10 ölkəsinin Azərbaycandan qaz aldığını və onlardan 7-sinin Avropa İttifaqının üzvü olduğunu xatırlatması diqqət çəkir. Onun sözlərinə görə, bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır

“Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var”, - ölkə başçısı çıxışında qeyd edib.

Prezident İlham Əliyev: Azərbaycan ilə İtaliya arasında aktiv siyasi dialoq  mövcuddur (TAM MƏTN)

Cənab İlham Əliyev çıxışında Azərbaycan və İtaliya arasında humanitar məsələlər üzərində fəal şəkildə işlər aparıldığına diqqət çəkməsi də vacib əhəmiyyət daşıyır.  “Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək”, - dövlət başçısı bildirib.

Azərbaycan Prezidentinin İtaliya siyasi elitası qarşısında təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu bəyan etməsi dövlətimizin strateji uğurunun beynəlxalq təqdimatında mühüm əhəmiyyət kəsb edir.

Sitat: “Münaqişəyə nəhayət son qoyuldu. İşğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.

Cənab İlham Əliyev onu da vurğuladı ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail ola bilərik: “Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər”.

Prezident “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələrə də geniş yer ayırdı. Ölkə başçısı sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılmasını, sərhədin delimitasiyası prosesinin başlanmasını düzgün istiqamətdə atılan addımdan biri olduğunu qeyd etdi.

Ölkə başçısı daha sonra Azərbaycanın iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi etməsinə, bu qərarın 200-yə yaxın ölkə arasında konsensusa əsaslanmasına və sözügedən amilin Azərbaycana olan etibarın təzahürü olduğunu vurğuladı:

“Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur”.

Usta gediş: Prezident İlham Əliyevin İtaliyaya səfərinin kodları

Prezident İlham Əliyev İtaliya ictimaiyyəti qarşısında Ukraynanın ərazi bütövlüyünü və suverenliyini bir daha dəstəkləməsi də dövlətimizin beynəlxalq arenada hüququn aliliyinin dəstəkçisi olduğunu bir daha nümayiş etdirir:

“Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik”.

Azərbaycan lideri Avropa Şurası ilə bağlı yaranan problemə münasibət bildirərəkən, yaxın tarixə ekskurs etdi:  “Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Ötən illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik”.

Dövlət başçısı xüsusi ilə qeyd etdi ki, suverenliyimiz tam şəkildə bərpa olunandan bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. “Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq”, - ölkə başçısı əlavə etdi.

-Bununla belə cənab Prezident vəziyyəti yaxşılaşdırmaq üçün imkanlar olduğunu diqqətə çatdırdı: “Bizim nümayəndə heyətimizin Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti bərpa edilməlidir”.

Nəticə olaraq qeyd edək ki, Azərbaycan liderinin İtaliyaya səfəri, ona qarşı Avropanın ən önəmli siyasi mərkəzlərində göstərilən xüsusi diqqət və hörmət, habelə, ölkə başçısının bəyanatlarına Avropa ictimaiyyətinin böyük diqqət ayırması ölkəmizin nüfuzunun güclənməsinə, regional və beynəlxalq siyasətdə artan roluna dəlalət edir.

Polad Mehdiyev,
BDU-nun müəllimi, hüquqşünas

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR