Onlayn ictimai-siyasi qəzet
Bugünlərdə bir çox elmi institutlar ixtisara salındı, birləşdirildi və yaxud universitetlərin tabeliyinə verildi. Öz-özlüyündə yaxşı qərardır. Hətta müəyyən dərəcədə gecikmişdir.
Məsələn, Riyaziyyat və Mexanika İnstitutu (müdiri Misir Mərdanov) ilə İdarəetmə Sistemləri İnstitutu birləşdiriləcək. İkincinin adını ilk dəfə eşitdik, birinci isə Misir müəllim müdiri olmasa, heç yada düşməzdi. Əks halda, ölkədə riyaziyyat elmi üzrə hansısa inkişaf görən olubmu?
Orta məktəblərdə də riyaziyyatın tədrisi bərbad gündədir, 2009-cu ildə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) azərbaycanlı uşaqların riyaziyyat biliyini yoxlamışdı, dünya üzrə 65 dövlət arasında 64-cü yeri tutmuşduq. Hətta o vaxt Təhsil Nazirliyimiz acıq eləyib PISA-dan çıxmışdı. Guya bizim şagirdləri düzgün qiymətləndirməyiblər. 2018-ci ildə “inəyin quyruğundan tutub” PISA yoxlamasına qayıtdıq, ancaq vəziyyətin daha da pisləşdiyi ortaya çıxdı. Şagirdlərin Azərbaycan dilində oxuyub anlamaq üzrə orta göstəricisi 2018-ci ildəki 389 baldan 365 bala, riyaziyyat üzrə 420 baldan 397 bala, təbiət elmləri sahəsində isə 398 baldan 380 bala enmişdi.
Təhsildə bu cür geriləməyimizin günahkarı kimdir? Yəqin İlon Mask olar. Ya da Zelenski. Elçibəydən də şübhələnirəm, açığı.
Qayıdaq elmi inkişafın institutlaşmasına. Yeni yaradılacaq qurumlar bunlardır: “Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutunun bazasında; Coğrafiya İnstitutu - Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birləşdirilməsi ilə; Fizika İnstitutu - Fizika İnstitutu və Radiasiya Problemləri İnstitutunun əsasında; Kimya İnstitutu - Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun birləşdirilməsi ilə; Botanika İnstitutu - Botanika və Dendrologiya institutlarının birləşdirilməsi ilə; Canlı Sistemlərin Tədqiqi İnstitutu - Zoologiya və Fiziologiya institutlarının birləşdirilməsi ilə; Molekulyar Biologiya İnstitutu - Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya və Biofizika institutlarının əsasında yaradılacaq” və sairə.
Mən heç bir elmi, sosial, iqtisadi, ictimai mənası olmayan bu söz yığınını niyə təkrar elədim? Mənası olmadığı üçün! Hələ Gəncədə də bir sürü institut-zad birləşdirildi, Allahınıza şükür edin, onları yazsam qəzetdə yer qalmaz, sayt dolub-daşardı.
Əgər bu ölkədə doğrudan torpaqşünaslıq, aqrokimya elmi varsa, niyə torpaqlarımız ildən-ilə şoranlaşır? Zoologiya varsa, niyə heyvandarlığımız zibil günündədir? Hələ mən əhliləşmiş, ev heyvanlarının durumunu yazıram, vəhşi heyvanlar lap yazıq gündədir. Onları xaricdən gələn bir sürü əbalı-əmmaməli axmaqların tüfəngi qabağına buraxmışıq, vuran vuranadır.
Camaat biologiyanı öyrənəndə, biz mikrobiologiyada fısqırıq yapmışıq. Bəs necə, tükü tükdən seçirik axı. Ona görə pandemiya başlayanda alimlərimiz peyvənd qabı düzəltmişdilər. Əsas qabdır. Hərçənd qab işində də geriyik - aftafa-ləyən hələ də İrandan-Turandan gətirilir.
Fizika və radiasiya üzrə ayrı-ayrı elmi institutlarımızın olması isə lap anekdotdur. Sanki Mariya və Pyer Küri Kür çayının qırağında balıq tuturmuş (söz oyunu üçün üzr istəyirəm). Radiasiya ey... A kişi, siz niyə başınıza düşən almanı-zadı, bəd ayaqda mələyin uçma sürətini, Ramazanda Ayın görünmə vaxtını öyrənmirsiniz? Radiasiya haramıza yaraşır? Sanarsan Azərbaycanda uran yataqları var imiş, Akif müəllim poloniumla şirinçay edirmiş, nə bilim, Hacıqabul çölündə AES-in tüstüsü göyə bülənd olurmuş.
Keçən yay-payız bir əcaib tırtıl sürüsü Bakıya daraşmışdı. Harada tut ağacı görsələr yarpaqlarının axırına çıxırdılar. Buna tədbir görən alim oldumu? Ya kimsə çıxış elədimi? Ancaq əsas odur botanika üzrə institutumuz var.
Jurnalistlər az qalırlar tək tırtıllı texnikalar yox, tırtıl böcəkləri mövzusuna şərh üçün də Üzeyir Cəfərovu çağırsınlar, çünki bizim alimlər qorxaqdır, danışmaq istəmir. (Bəlkə bu yolla ağıllı görünmək istəyirlər).
Məncə, elmin inkişafı üçün institut direktorlarının villalarını birləşdirmək daha səmərəli olardı.
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ