Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Çindən idxala 34 faiz gömrük rüsumları tətbiq etdikdən sonra Avropa İttifaqı rəsmiləri Avropa bazarını Çindən mümkün kütləvi mal axınından qorumaq üçün təcili tədbirlər hazırlayır.
Musavat.com xəbər verir ki, məlumatı "Financial Times" (FT) öz mənbələrinə istinadən yayıb.
Aİ-nin yüksək səviyyəli diplomatı nəşrə bildirib ki, Avropa daha çox sektorlar üçün qoruyucu tədbirlər görməli olacaq:
"Biz bunun Çinlə növbəti gərginlik nöqtəsinə çevriləcəyindən çox narahatıq".
Diplomat xatırladıb ki, Brüssel artıq Çindən gələn elektrik avtomobillərinə 37,6 faizə qədər rüsum tətbiq edib və Aİ digər məhsullar üçün də tarifləri "əhəmiyyətli dərəcədə" artırmalı ola bilər.
"Deutsche Bank"ın Almaniya üzrə baş iqtisadçısı Robin Vinkler nəşrə bildirib ki, "Asiyadakı ticarət şoku Avropaya da keçəcək".
Ekspert vurğulayıb ki, Çin istehsalçıları "ABŞ-da böyük tarif divarı" ilə üzləşdikləri üçün Avropada və dünyanın digər yerlərində daha çox məhsul satmağa çalışacaqlar.
FT xatırladır ki, Aİ Donald Trampın ilk prezidentlik dövründə (2017-2021) oxşar təzyiqlərlə mübarizə aparmalı olub. Trampın oxşar tədbirlərə əl atmasından sonra Brüssel 2018-ci ildə kvotadan yuxarı polad idxalına 25 faizlik "mühafizə" tarifləri tətbiq edib. Bu, ABŞ maneələri səbəbindən Çin kimi ixracatçıların məhsullarının vahid bazara yönəldilməsinin qarşısını almaq üçün edilib.
Avropa rəsmiləri yenidən hərəkətə keçməyə hazır olduqlarını bildiriblər. Avropa Komissiyasının yüksək rütbəli rəsmisi deyib:
"Biz bazarlarımızı gözlənilməz qəfil idxal axınına görə bağlaya bilərik. Biz artıq polad idxalı ilə bağlı bu işi görmüşük və bunun digər sektorlarda tətbiqinə ehtiyac olub olmadığını görəcəyik".
Qeyd edək ki, 2024-cü ildə Çindən ABŞ-a 463 milyard dollarlıq mal ixrac olunub.
Musavat.com
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ