İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentinin dini ayrı-seçkiliyi- qanun pərdəsi arxasında ermənipərəstlik  

 

Avropa Parlamentinin deputatı Tom Vandendrisxe öz çıxışı ilə açıq-aşkar dini ayrı-seçkilik nümunəsi ortaya qoyub. Deputat çıxışında aşağıdakıları bildirib:

“Xristian Ermənistan Azərbaycan tərəfindən şiddətli hücuma məruz qalır. Von der Leyen( Avropa Komissiyanın sədri) azərbaycanlılardan qaz dilənməyə başlayandan bəri Aİ başqa mövqe nümayiş etdirir. Kimlik və Demokratiya qrupumuzun nümayəndə heyəti ilə birlikdə biz Avropa Parlamentində simvolik aksiya ilə Ermənistana dəstəyimizi nümayiş etdiririk”,-deyə deputat bildirib.

Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Avropa Parlamentinin susması və açıq ermənipərəst mövqe nümayişinin həm də, dini faktorla bağlılığı haqda fikirlər bir daha özünü təsdiqləyir.

 

Hər zaman Ermənistana bir oyuncaq kimi baxan xristian dünyası özünün “səlib yürüşləri” zamanı ondan mənafelərinə uyğun geninə-boluna istifadə edib.

İndi deputat bilərəkdən və ya bilməyərəkdən etiraf edir ki, Avropa Parlamenti illər ərzində bir “xristian klubu” rolunu oynayıb. Ona görə də belə bir mövqenin ortaya qoyulması parlamentdə səssiz və normal hal kimi qəbul edilir.  Təsadüfü deyil ki, Avropa Parlamenti tərəfindən ötən illər ərzində dəfələrlə Türkiyəyə, Azərbaycana qarşı haqsız qətnamələr qəbul edilib.  

Əslində, Avropa Parlamentinin deputatları öz  “Avropa dəyərləri”ni əsas götürürlərsə o zaman ermənilərin 30 illik işğal dövründə, ondan əvvəl və sonra etdiklərini müzakirəyə çıxarmalıdırlar.  Onlar  ermənilərin Qarabağda mədəni irsimizi, abidələrimizi, məscidlərimizi məhv etməsinə dair müzakirələr aparmalı, müvafiq qərar qəbul etməlidirlər. 

Bütün dünyaya məlumdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı illər ərzində Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Çoxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Yalnız İslam dininə aid abidələrə qarşı vəhşilik edilməyib. Alban və xristian kilsələri də dağıdılıb, onların üzərində arxitektur dəyişikliklər aparılmaqla erməniləşdirilməsinə cəhd göstərilib. Ermənilərin işğalda saxladığı ərazilərdə xalqımızın 403 tarixi-dini abidəsi vardı ki, onların 67-si məscid, 144-ü dini məkanlar, 192-i pirlər və ocaqlar idi. Hamısı ermənilər tərəfindən dağıdılıb. 67 məscidindən 64-ü viran qalıb.

 

Görünür ki, dini ayrı-seçkilik salan Avropa Parlamentinin deputatları üçün bütün bunlar normal haldır və elə bu cür də olmalıdır. Haqsızlığa qarşı səsini qaldırmırsansa, deməli sən də haqdan yana deyilsən. Erməni abidəni dağıdır, onlar isə beyinləri yuyur, arxivləri məhv edirlər. Əslində, məqsəd və əməl eynidir.

Avropa Parlamenti Azərbaycanla bağlı haqdan yana olmağı 30 il ərzində tamamilə unudub. İndi isə ərazilərini işğaldan azad edən, diplomatik masalarda öz sözünü deyən güclü Azərbaycan dövlətini anlaya, qəbul edə bilmir. 30 il ərzində işlətdiyi “proqram” yeni “sistemə” öyrəşmir və ona görə də bu cür sərsəm açıqlamalar, bəyanatlar verilir.

Ancaq bütün bunların da bir anlamı yoxdur. İndiyədək bu kimi deputatlar bir-iki dəstək bəyanatlarını çıxmaq şərti ilə hər zaman Azərbaycanın, Türkiyənin əleyhinə olan bəyanatlar veriblər. Bunu çoxları Avropa Parlamentində erməni lobbisinin güclü olması ilə əlaqələndirir. Əslində isə əsas məsələ Avropa Parlamentinin bir “xristian klubu” olmasıdır. Özləri lazım gələndə demokratiyanı, haqq-ədaləti heçə sayıb istədikləri bəyanatı qəbul edirlər. Qanunun pərdəsi arxasında xristianlığı, ermənipərəstliyi dəstəkləyirlər.

O baxımdan da ekspertlər də qeyd edirlər ki, indiki dönəmdə türk dövlətləri bir olmalıdır. Xüsusilə də Azərbaycan və Türkiyə qardaşlığı daha da möhkəmlənməli, inkişaf etməlidir. Bu, təkcə qeyd etdiyimiz iki dövlət üçün deyil, bütün dünya, region üçün də vacib haldır. Zaman-zaman necə dünyanı Türklər xilas edib, inkişafına səbəb olublarsa, indi də dünyanın xilası Türk birliyindən keçir. Bunu Avropa parlamentinin yuxarıda adını çəkdiyimiz deputatının davranışları, danışığı da bir daha sübut edir. Onlar dünyanı yalnız qarışıqlığa, kin-küdurətə çəkə bilərlər. Başqa bir şey də bacardıqları yoxdur...

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR