Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın tanınmış iqtisadçısı, Kolumbiya Universitetinin professoru Ceffri Saks Avropa Parlamentində çıxış edərək Ukraynanın taleyini “uduzmuş layihə” kimi dəyərləndirib və ukraynalıları məğlubiyyətlə barışmağa çağırıb. Musavat.com xəbər verir ki, onun sözlərinə görə, artıq Qərb üçün Ukraynanın saxlanması strateji baxımdan əhəmiyyətini itirib və ABŞ-ın yeni rəhbərliyi bu yükü öz çiyinlərində daşımaq istəmir.
Saks çıxışında açıq şəkildə bildirib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynanın yükünü daşımaq niyyətində deyil və bu, sadəcə geosiyasi reallıqdır:
“Hər şey bitdi. Çünki Tramp uduzanı öz çiynində daşımaq istəmir. Ukrayna – məhz bu uduzmuş layihədir. İndi davam edən danışıqlar Ukraynanı xilas edəcək. İkinci qazanan isə Avropa olacaq. Son günlərdə fond bazarlarının artmasının səbəbi məhz bu “dəhşətli xəbərlər” – danışıqlardır.”
O qeyd edib ki, Rusiya üçün əsas maneə ABŞ idi. İndi Vaşinqton müharibəyə marağını itirir və bu vəziyyət Moskvanın mövqeyini gücləndirir.
“Rusiya böyük güc və dünyanın ən böyük nüvə dövləti kimi bizim unipolyar sistemimizdən narahat idi. Və indi görünür ki, bu, sona çatır. Avropa Rusiya ilə birbaşa danışıqlara başlamalıdır, çünki ABŞ tezliklə marağını itirəcək, amma siz növbəti min il ərzində Rusiya ilə yanaşı yaşayacaqsınız.”
Ceffri Saks çıxışında Baltikyanı ölkələrə də xəbərdarlıq edib. Onun sözlərinə görə, Estoniya və Latviya kimi ölkələr Rusiya ilə təxribata girmək əvəzinə, qonşuluq münasibətlərinə üstünlük verməlidirlər:
“Baltikyanı ölkələr üçün ən yaxşısı rusofobiyanı dayandırmaqdır. Bu, ən vacib məsələdir. Estoniyada əhalinin təxminən 25%-i rus və ya rusdilli vətəndaşlardır, Latviya üçün də eyni şey keçərlidir. Qonşunuzu təxribata çəkməyin.”
O, eyni zamanda, Qərbin Rusiya əleyhinə olan aqressiv ritorikasının təhlükəli olduğunu vurğulayıb:
“Rusiya parçalanmalıdır” deməyin. Siz zarafat edirsiniz? Bunu etməyin! Belə yanaşma ilə bu dünyada sağ qalmaq mümkün deyil. Siz yalnız qarşılıqlı hörmət, danışıqlar və dialoq yolu ilə yaşaya bilərsiniz. Hamımız yetkin insanlar kimi davranmalıyıq.”
Ceffri Saks ABŞ-ın nüfuzlu iqtisadçılarından biri, Kolumbiya Universitetinin professoru və Dayanıqlı İnkişaf Mərkəzinin direktorudur. O, beynəlxalq iqtisadi siyasət sahəsindəki dərin analizləri ilə tanınır və xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadi modelləri və böhran vəziyyətlərində tətbiq edilən “şok terapiyası” metodları ilə məşhurdur.
• “Time” jurnalı 2004 və 2005-ci illərdə onu dünyanın ən nüfuzlu 100 liderindən biri kimi qiymətləndirib.
• “The New York Times” onu “bəlkə də dünyanın ən mühüm iqtisadçısı” adlandırıb.
• “The Economist” jurnalı isə Saksı son onilliyin üç ən nüfuzlu iqtisadçısından biri kimi göstərib.
Ceffri Saks Boliviya, Polşa və Rusiyada “şok terapiyası” iqtisadi modelinin əsas müəlliflərindən biridir. Bu model sürətli iqtisadi islahatları və sərt bazar tədbirlərini nəzərdə tutur. O, həmçinin bir sıra beynəlxalq təşkilatlara məsləhətçi kimi xidmət edib və dünya miqyasında iqtisadi inkişaf strategiyalarının hazırlanmasında iştirak edib.
Ceffri Saks son illərdə ABŞ və Qərbin xarici siyasətini kəskin tənqid etməsi ilə də diqqət çəkir. O, Amerikanın unipolyar sistemini, onun hegemonluq siyasətini və digər ölkələrə zorla qəbul etdirməyə çalışdığı iqtisadi-siyasi modelləri açıq şəkildə tənqid edir.
Onun Avropa Parlamentindəki son çıxışı da bu mövqeyinin davamıdır. O, Ukraynanı “uduzmuş layihə” adlandıraraq, Qərbin artıq bu məsələdə marağını itirdiyini, Rusiya ilə anlaşmanın qaçılmaz olduğunu bəyan edib. Saksın fikirlərinə görə, Ukraynanın gələcəyi artıq Qərbin deyil, Rusiyanın iradəsinə bağlıdır.
Onun bu çıxışı Qərbin Ukraynanı necə tərk etdiyini və maraqlarından asılı olaraq müttəfiqlərini necə yarı yolda buraxdığını bir daha açıq şəkildə ortaya qoyur.
Ceffri Saksın açıqlamaları, eyni zamanda, Azərbaycanın illər öncə qəbul etdiyi geosiyasi qərarların düzgünlüyünü bir daha təsdiqləyir. Azərbaycan Qərb paytaxtlarına güvənməyin risklərini vaxtında anlayaraq, öz milli maraqlarını qorumaq üçün müstəqil siyasət yürüdüb.
Əgər Azərbaycan vaxtilə Ukrayna kimi Qərbə arxalansaydı, bu gün eyni aqibətlə üzləşə bilərdi. Lakin Azərbaycan öz torpaqlarını heç bir xarici gücün yardımı olmadan azad etdi və bu gün regionda sabit və güclü bir mövqe tutub.
Ceffri Saksın çıxışı Qərbin ikili standartlarını və maraqları dəyişən kimi müttəfiqlərini tərk etməyə hazır olduğunu bir daha sübut edir. Musavat.com bu çıxışı Azərbaycan auditoriyasına təqdim etməklə Qərbin real simasını, onun strateji tərəfdaşlarına qarşı münasibətini və güvənənləri necə ortada buraxdığını bir daha göstərmək niyyətindədir.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ