İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderləri Putini qorumaq üçün çırmanıb - Qərbdə ikitirəlik...

Fransa prezidenti hesab edir ki, Rusiyanın aşağılanmasına yol verilməməlidir, alman kansleri də ehtiyatlı və gözüqıpıq danışır, Ağ Ev rəhbəri isə Rusiya ərazilərini vurmamağa çağırır - analitiklərin maraqlı proqnozları

Ukrayna böhranı Avropa və ABŞ-dan ziddiyyətli bəyanatların gəlməsi ilə müşayiət olunmaqdadır. “Yeni Müsavat” yazır ki, ən son bu cür mövqe Fransa prezidenti Emmanuel Makrondan gəlib. O deyib ki, hərbi əməliyyatların dayandırılması üçün Rusiyanın aşağılanmasına yol verilməməlidir. Sitat: “Biz hərbi əməliyyatlar bitən gün Rusiyanı alçaltmaqdan çəkinməliyik. Bu bizə münaqişənin diplomatik yollarla həllinin qurulması üçün lazımdır. Fransanın funksiyası burada vasitəçi dövlət rolunu oynamaqdan ibarətdir”.

E.Makronun bu bəyanatına Kiyevdən kəskin reaksiyalar verilib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba söyləyib ki, bu cür çağırışlar yalnız Fransanın və eyni düşüncədə olan istənilən ölkənin özünü aşağılamaqdan başqa bir işə yaramır. Müharibə başlayandan Fransa prezidenti bir neçə dəfə bu cür ziddiyyətli açıqlamalar verərək, Ukrayna rəhbərliyini hiddətləndirib. Almaniya rəhbərliyi də son 3 ayda Ukraynanı narazı salan açıqlamaları ilə diqqət mərkəzində olub. Eləcə də ABŞ-dan Ukrayna ilə bağlı tərəddüdlü açıqlamalar, təkliflər gəlməkdədir.

Misal üçün, Ukraynaya veriləcək uzaqmənzilli raket komplekslərinin Rusiya ərazisinə atılmayacağı ilə bağlı prezident Cozef Baydenin açıqlaması olmuşdu. Ekspertlər bunu Rusiyanın nüvə silahına əl atmasına bəhanə verməmək üçün düşünülmüş addım kimi qiymətləndirsə də, digər analitiklərin fikrincə, ABŞ Rusiya ilə gizli danışıqlar aparıb, Ukraynada sülh əldə etməyə çalışır. Lakin bu prosesin Ukraynaya sərf etmədiyi, onun maraqlarına zidd olduğu iddia edilir. Rusiya prezidenti Vladimir Putin isə hədələyib ki, Qərbin Kiyevi uzaqmənzilli silahlarla təmin edəcəyi təqdirdə Ukraynada “hələ vurulmayan” hədəflərə zərbə endiriləcək. Kreml liderinin sözlərinə görə, Qərbin Ukraynaya silah verməsi ilə bağlı “hay-küy” münaqişəni uzatmaq üçün “bir hiylədir”. Avropa liderləri niyə ehtiyatlı mövqedən çıxış edirlər?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Putinin alternativi yoxdur: “Güzəştə gedə və geri addım ata bilməz. Özünü güclü və hakimiyyətini monolit göstərmək üçün bu cür hədə dolu açıqlamalar verir. Baydenin həmin açıqlaması Vaşinqtonun Moskvaya isti mesajı idi. Yəni Ukraynaya dəstək veririk, amma istəmirik müharibə Rusiya ərazisinə keçsin. Buna cavab kimi Putin dedi ki, Ukraynaya uzaqmənzilli raketlər verilərsə, böyük şəhərləri vuracağıq. Ardınca Kiyevə raket atıldı. Putin demək istədi ki, istəsək yenə bu şəhərləri vura bilərik”.

Analitikin fikrincə, müharibəni nə Moskva, nə Kiyev dayandırmaq istəyir, hər ikisinin hədəfləri var: “Rusiya Krıma quru yol açmaq istəyir, Ukrayna Xersonu azad etməyə çalışır. Zelenskinin ümidləri Qərbdən olan yardımlardır. Ancaq Kiyev deyir ki, Almaniyadan vəd olunan silahları ala bilmirlər. Çünki Rusiya ilə Almaniyanın ortaq layihələri var. Putin müharibəni uzatmaqla düşünür ki, Avropa iqtisadi asılılığa görə çox uzun müddət davam gətirə bilməyəcək. Avropa İttifaqında əsas söz sahibləri Fransa və Almaniyadır, amma monolit mövqe qoymaqda çətinlik çəkirlər”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Qərbdə ikitirəlik göz qabağındadır: “Fransa və Almaniya sanki təslimçiliyə dəvət edirlər. Eyni zamanda gələcəyi hesablayaraq Rusiya ilə əlaqələrin tam qırılmasını istəmirlər. Hiss olunur ki, Putin də, Paris və Berlin də nisbətən məmnun görünməkdədir. Çünki Rusiyanın izolyasiya edildiyi və batmaq üzrə olduğu bir zamanda iki böyük Qərb dövlətinin əl uzadaraq onu tam yıxılmağa qoymaması diqqətdən yayınmır. Rusiya lideri bu yaxşılıqları unutmur”.

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova

Ekspertin fikrincə, bütün hallarda anti-Putin koalisiyası işini davam etdirəcək: “Avropa Komissiyasının sədri Ursula fon der Leyen də etiraf etdi ki, Avropa İttifaqının Rusiyadan böyük qaz asılılığı var və bu da müharibənin gedişinə təsirlərini göstərir. Bu mənada Makron, Şolts bir qədər korrektəli siyasət yürüdürlər. Onlar Birləşmiş Ştatlar və Böyük Britaniya qədər prinsipial ola bilmirlər. Bu savaşda Ukraynanın iki aparıcı dəstəyi var - Vaşinqton və London. Digər Avropa dövlətlərindən Çexiya, Slovakiya, Baltikyanı ölkələr, Fransa və Almaniya Ukraynaya silahlar versələr də, ABŞ və Britaniya qədər deyil”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Axar.az-a deyib ki, ABŞ-ın Ukraynanı HİMARS sistemləri ilə təmin eləməsi çox yaxşı addımdır, çünki müharibənin sona çatmasının yeganə yolu Ukrayna ordusunun ölkənin şəhərlərini dağıdan və günahsız mülki insanları qətlə yetirən Rusiya artilleriyasını geri qaytara bilməsidir: “Dövlət katibi Blinkenin bir neçə gün əvvəl NATO Baş katibi Stoltenberqlə keçirdiyi mətbuat konfransında dediyi kimi, ABŞ və Ukrayna hökumətləri arasında güclü etimada əsaslanan bağlar var. ABŞ əmindir ki, Ukrayna həmin raketlərdən Rusiya ərazisində istifadə etməyəcək. Ukraynanın buna əməl edəcəyinə mən də əminəm. Və ukraynalılar bilirlər ki, ABŞ-dan çarəsizcə istədikləri bu silahları Rusiya ərazisində istifadə etsələr, silahların Ukraynaya axını tezliklə dayanacaq. Müharibənin dayandırılmasının ən effektiv yolu Putini dayandırmaqdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR