İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT sədri regiona səfərini Bakıdan başladı - İrəvana hansı mesajı aparır? 

Əliyev-Paşinyan görüşü ərəfəsi təşkilat rəhbərinin bölgəyə gəlişinin xüsusi önəmi var - 2 rəy

Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb. Bakıdan sonra o, Tiflisə və İrəvana gedib.

Görüş zamanı İlham Əliyev bir daha Azərbaycanın Dağlıq Qarabağ problemini artıq təkbaşına çözdüyünü və indi əsas məsələnin Ermənistanla sülh müqaviləsi olduğunu vurğulayıb. Bu xüsusda İrəvandan müəyyən pozitiv mesajlar aldığını da söyləyib. Sitat: “Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.

Aprelin 6-da isə Brüsseldə Əliyevlə Paşinyan ikinci dəfə bir araya gələcəklər. İlk görüş ötən il dekabrın 14-də Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuşdu. Bu dəfə də moderator Mişeldir. Diqqətçəkici həm də odur ki, ATƏT sədrləri adətən bölgəyə səfəri Gürcüstandan başlayırdılar. Bu dəfə isə yeni sədr birinci Azərbaycana təşrif buyurdu. Zbiqnev Raun bildirib ki, ATƏT Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə və hərtərəfli, davamlı həllin tapılmasına töhfə verməyə tam hazırlıqlıdır: “Polşa ATƏT-ə sədrliyi dövründə Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdıran bütün səyləri dəstəkləyir. Biz Cənubi Qafqazda çoxtərəfli və inklüziv həlli, sülh perspektivini dəstəkləyirik. Bu gün Bakıda, daha sonra isə İrəvanda tərəfləri təmkin göstərməyə, diplomatik əlaqələri intensivləşdirməyə və bütün qalan məsələlərə hərtərəfli həll yolu tapmağa çağıracağam”.

Bəs, əvvəlcə Bakıya gəlməsinin səbəbi nədir?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, biz İkinci Qarabağ müharibəsindən sonra yeni reallıq formalaşdırmışıq: “Bu reallığın öz şərtləri var. Azərbaycan bölgədə de-yure dominant qüvvədir. Bunu təkcə region dövlətləri deyil, artıq Avropa da qəbul edir. Ona görə ATƏT sədri regiona səfərinə Bakıdan başladı. ATƏT-in əsas qayəsi təhlükəsizlik və əməkdaşlıqdır. Odur ki, müharibədən sonra azad edilmiş ərazilərdə Prezidentin çıxışları, mötəbər kürsülərdə verdiyi açıqlamalar sülhün tərəfdarı olan rəhbər kimi seçildiyini sübut edir. Amma Ermənistan sülh təşəbbüslərimizə cavab olaraq, əməldə hələ ki bir iş qoymur”.

Siyasi şərhçi hesab edir ki, ATƏT sədrinin Bakıya gəlişi Azərbaycanın mövqeyinin öyrənilməsi və İrəvana çatdırılması baxımdan əhəmiyyət daşıyır: “Eyni zamanda, Brüssel görüşü ərəfəsində bu səfərin xüsusi önəmi var. Bundan başqa, Avropa bu proseslərdən kənarda qalmışdı və indi aktiv rol oynamağa çalışır. Onsuz da sülh müqaviləsi gec-tez olmalıdır, Qərb də burada vasitəçilik etdiyi görüntüsü yaratmağa çalışır”.

X.Bəşirov qeyd edir ki, Azərbaycanın sülh təşəbbüslərini Avropa İttifaqı da alqışlayır: “Bu istiqamətdə mühüm addımlar atılacağına ümid edirik. Qərb Azərbaycanın ədalətli və aydın mövqeyini görməkdədir”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova ATƏT sədrinin Azərbaycana səfərini Bakıya verilən diqqət sayır. Onun fikrincə, son vaxtlarda Qərbin fəallığı müşahidə olunur və Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunması üçün çalışır: “Məqsəd Rusiyanın inhisarına son qoymaqdır və Avropanın da sülh istiqamətində töhfələr verdiyini nümayiş etdirməkdir. ATƏT sədrinin səfərinə bu kontekstdə baxmağın tərəfdarıyam. Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş baş tutacaq və Rusiyaya göstərirlər ki, onun imzası ilə üçtərəfli razılaşma olsa da, faktiki bəndləri icra edilmir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR