İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT-in seçki müşahidəçiləri Bakıda - iqtidar onları niyə çağırıb?

Seçki kampaniyasının yeni mərhələsi başladı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı görüşlərə başlayıb. Missiyanın nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrov fevralın 18-də Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisdə təmsil olunan siyasi partiya rəhbərləri və müxalifətdə olan Müsavat Partiyasının başqanı ilə görüşüb. Müsavat Partiyasının məlumatına görə, Arif Hacılı Müsavat Partiyasının seçkilərdə iştirakdan imtinasının səbəbləri barədə məlumat verib. Missiyanın nümayəndələri 19 dekabrda MSK sədri Məzahir Pənahov və MSK üzvləri ilə görüşüb.

ATƏT DTİHB-nin Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyası bir qayda olaraq bu qurumun seçki müşahidə missiyası gəlməmişdən öncə hökumətin dəvəti ilə səfər edir. Qiymətləndirmə missiyası hökumət qurumları, Mərkəzi Seçki Komissiyası, siyasi partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri və media qurumları ilə görüş keçirərək seçki mühitini öyrənir. Səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat hazırlanması məqsədi daşıyır.

Məlum olub ki, MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

NƏSİROV Elman Xudam oğlu

Elman Nəsirov

Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq müşahidə missiyalarının dəvət edilməsi Azərbaycan hakimiyyətinin seçkilərin şəffaf, demokratik keçirilməsində maraqlı olduğunun daha bir təsdiqidir: “10 gündür ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Artıq bir sıra siyasi partiyalar növbədənkənar prezident seçkisində namizədləri ilə iştirak etmək haqqında qərar qəbul edib. Ölkəmizdə demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi mövcuddur. Məhz demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar keçirilən seçkidə fəal iştirak edirlər. Bu reallığı qarşıdan gələn növbədənkənar prezident seçkisi haqqında deyə bilərik. 7 fevral növbədənkənar prezident seçkisi ən yüksək səviyyədə, xalq bayramı kimi, demokratik keçiriləcək. Demokratik seçki ənənəsi olan Azərbaycan dövləti, xalqı dünyaya ən yüksək seçki nümunəsi qoyacaq. Odur ki, Azərbaycan dövləti seçkilərin istər yerli, istər beynəlxalq müşahidəçilər tərəfindən müşahidə edilməsində həmişə maraqlı olub və maraqlıdır.

Ancaq təəssüf ki, yenə də müxalifətin radikal qanadı yanlış mövqe bildirir, ictimaiyyəti çaşdırmağa çalışırlar. Əslində bu yanaşma onların zəifliyinin nümunəsidir. Çünki heç bir sosial dayağı olmayan siyasi partiyalar seçkidə heç bir nəticə qazana bilməyəcəklərini yaxşı anlayırlar".

Hikmət Babaoğlu: Cəmiyyətin böyük hissəsi karantin rejiminə riayət edir və  qanunun aliliyini yüksək qiymətləndirir - AZƏRTAC

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, ilk dəfə olaraq Azərbaycan seçiciləri ərazi bütövlüyü və suveren hüquqları bərpa edilmiş bir ölkənin vətəndaşları kimi seçkiyə qatılacaqlar: “Bu hər bir azərbaycanlı üçün böyük qürur olmaqla bərabər həm də onların 30 illik arzularının gerçəkləşməsi hadisəsi olacaq. Ona görə də ümummilli mövqe baxımından bu seçki həm də zəfərimizin simvolu kimi yadda qalacaq. Tarixi zəfərimiz yeni reallıqlar yaratmaqla bərabər həm də yeni çağırışlar və vəzifələr də müəyyənləşdirib. Bu vəzifələr həm daxili və xarici siyasətimiz, həm də bütövlükdə dövlətçiliyimizin daha da inkişaf etdirilməsi baxımından olduqca aktualdır. Çünki biz hərbi-siyasi qələbəmizi xalqımız üçün rifaha və inkişafa, dövlətimiz üçünsə yeni dünya nizamında onun söz sahibi olmaq hadisəsinə çevirməyi bacarmalıyıq. Şübhəsiz ki, bu məqsədləri realizə edə biləcək tək lider elə bu gerçəklikləri yaradan Prezident İlham Əliyevdir. Bu gün regionumuzda və dünyada baş verən olduqca mürəkkəb hərbi-siyasi proseslər kontekstində təkcə Azərbaycanın deyil bütövlükdə regionumuz və müttəfiqlərimizin təhlükəsizliyini və maraqlarını qoruya biləcək lider məhz   İlham Əliyevdir. Seçkilərin demokratik, şəffaf keçiriləcəyinə şübhə yoxdur. Müşahidəçiliyi həyata keçirəcək yerli və xarici təşkilatlar, müşahidəçilər demokratik seçkilərin və cənab İlham Əliyevin parlaq qələbəsinin şahidi olacaqlar”.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Milli Məclisin son iclasında deputat Bəhruz Məhərrəmov deyib ki, növbədənkənar prezident seçkisi sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır: "Bu gün heç bir siyasi qüvvənin İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki, siyasi sabitliyi pozaraq ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar. Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı bu gün, yaxud da gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz. İndi ənənəvi destruktiv Qərb strukturları bu reallığın fərqindədir və Avropa Parlamentinin bir qrup korrupsioner deputatı da başda olmaqla, bəzi dairələr beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə saxta bəhanələr altında seçki öncəsi bəyanatlar verməyə başlayıblar. Amma möhtərəm Prezidentin ifadə etdiyi kimi, 200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər? Beynəlxalq ictimaiyyətin Azərbaycana real baxışının göstəricisi 3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ev sahibliyini Azərbaycana həvalə etməsidir. Bu, İlham Əliyevin də ifadə etdiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq”.

Qeyd edək ki, dekabrın 9-dan etibarən növbədənkənar prezident seçkisi ilə əlaqədar namizədlər-seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları namizədlərini irəli sürməyə başlayıblar.  İndiyə qədər 7 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Seçki təqviminə görə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan icazə verilib. Bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.

Seçki Məcəlləsinə əsasən, namizədliyin rəsmi qeydə alınması üçün 60 fərqli seçki dairəsindən minimum 40 min seçici imzası tələb olunur.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR