Onlayn ictimai-siyasi qəzet
İyunun 20-də Hökməli qəsəbəsində gənc ana və 8 aylıq körpəsi qətlə yetirilib. Hər iki qətli 1993-cü il təvəllüdlü, körpənin atası Fərid Hüseynlinin törətməsinə əsaslı şübhələr müəyyən edilib. İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağındakı 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib.
Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib. Xəstəxanadan verilən məlumata görə, Fərid Hüseynli komadadır. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal olunur.
Bu, faktiki bir ailənin məhvi deməkdir (qatil sağalsa belə, onu ömürlük həbs gözləyir). Əfsuslar olsun ki, belə tükürpədici faktlara vaxtaşırı rast gəlirik və yenə əfsuslar olsun ki, gənc valideynlər arasında münaqişələrə tez-tez körpələr, uşaqlar da qurban gedir. Bir də görürsən ana körpəsi ilə birgə özünü binadan atır, yaxud bənzər sui-qəsd halları...
Doğrudan da insan ağlına, normal məntiqə sığmayan dəhşətli olaydır. Niyə belə olur? Səbəb nədir - qəddarlaşan cəmiyyət, yediyimiz qidalar, yoxsa zəmanə? İnsan öz körpəsinə, ailəsinə necə qənim kəsilə bilər? Bunca aşırı qəddarlıq və vəhşiliyin kökündə nə durur?
Mahmud Hacıyev
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan keçmiş polis rəisi Mahmud Hacıyev cəmiyyətdəki aqressiya və qəddarlığın əsas səbəblərindən biri kimi televiziyada gedən verilişləri və müasir texnologiyaların yaratdığı fəsadları göstərdi: “Təbii ki, sovet dövründə bu cür hadisələr, ailə münaqişələri çox nadir hallarda baş verirdi. Məlum olduğu kimi, sovetlər birliyi çox qapalı idi, xaricə çıxış yox idi, texnologiya o qədər də inkişaf etməmişdi, mobil telefonlar, internet, televiziyada abırsız verilişlər yox idi. Xatırladım ki, sovet dövründə televiziya kanallarına həddən artıq ciddi nəzarət var idi. Bir səhvə görə televiziya kanalının rəhbərinin işindən azad oluna bilərdi. Amma indi diqqət edək, bu gün televiziya kanallarımızın səviyyəsi nə yerdədir? O dövrlə indiki dövr arasında böyük fərq var.
İndi televiziyalarda insanlığa, mənəviyyata, təlim-tərbiyəyə, milli-mentalitetə zidd olan çox axmaq verilişlər təqdim olunur. Elə hadisələr var ki, efirdə onun müzakirəsini aparmaq yolverilməzdir. Məsələn, biri efirə çıxıb deyir ki, qızım evdən pul götürüb qaçıb. Qızının axtarışı ilə bağlı efirə çıxmaq əvəzinə, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Əvvəllər bu cür hadisələr qapalı şəkildə, ailədaxili və yaxud məktəb daxili həll olunar, kənara çıxarılmazdı. Efirdə bu cür hadisələri müzakirəyə çıxaranda psixologiyası zəif olan biri də düşünür ki, o da bu cür addım ata bilər və təqlid edir. Aparıcılara gəldikdə, guya ki, insanların problemlərini həll edir, “gəlin problemlərinizi bizə danışın”, deyirlər. Bəzən efirdən elə ittihamlar, fikirlər səsləndirirlər sanki prokuror, hakimdirlər. Axı onların işi bu deyil. Əlbəttə ki, bütün bunlar cəmiyyətin mənəviyyatına, təlim-tərbiyəsinə çox mənfi təsir edir.
Son 15 ildə Cinayət Məcəlləsinə bir sıra maddələr əlavə olundu. Bu maddələr insan alveri, xaricə qadınların satılması və sairə ilə bağlıdır. Sovet dövründə belə hallar yox idi. Texnologiya inkişaf etdikcə tərbiyə də aşağı səviyyəyə düşdü. Məsələn, indi internet resusları vasitəsilə qadınlar kiminlə istəsə əlaqə saxlayır, yazışır, şəkil göndərir, sonra da bu şəkillər ya gedib onun ərinin, ya da qardaşının əlinə düşür, münaqişə baş verir. Mən demirəm ki, texnologiya inkişaf etməsin, köhnə dədə-baba qaydasına qayıdaq. Amma inkişafla paralel mənəviyyatın, tərbiyənin səviyyəsi aşağı düşməsin.
Son illərin məişət zəminində baş verən qətl hadisələrinə diqqət edəndə bu amillərlə qarşılaşırıq - “bacısına mesaj yazanı qətlə yetirdi”, “vatsapp mesajlarına görə arvadını vurdu” və yaxud “qısqanclıq zəminində ərini vurdu” və sairə. Hər şey telefonun üstündə olur. Unutmaq olmaz ki, insanların dünyagörüşü, intellektual səviyyəsi, tərbiyəsi, iradəsi, səbri, xarakteri fərqlidir. Bir sözlə, bu cür qətl hadisələrinin artmasının səbəblərindən biri də texnologiya, internet resursları üzərindən yazışmalar və sairədir. Daha bir məsələ, getdikcə mənəviyyat, tərbiyə tamamilə aşağı səviyyəyə düşür, dərənin lap dibinə doğru gedirik. Bu faciədir. Əlbəttə ki, belə olan halda neqativ halların, qətllərin sayı artır".
Azad İsazadə
Psixoloq Azad İsazadə isə mövzuya bu cür şərh bildirdi: “Əlbəttə ki, bu cür cinayət törədən şəxslər özlərini müdafiə etmək üçün müxtəlif bəhanələr gətirir. Bunun isə daha dərin kökü var. Hamımız bilirik ki, həbsxananın özünəməxsus yazılmamış qanunları var. Əgər kimsə namus üstündə həbsə düşürsə, "içəridə" ona qarşı münasibət yaxşı olur. Buna görə də bir çox hallarda içkili və yaxud əsəbi halda ailələrini, arvadlarını qətlə yetirən şəxslər guya ki, bu cinayəti namus üstündə törətdiyi barədə görüntü yaratmağa çalışır. Ümumiyyətlə isə hazırda bütün dünyada aqressiya “qaynayır”.
Məsələn, dünyanı sarsıdan Ukrayna müharibəsi gedir, elə öz cəbhə zonamızda tez-tez atəşkəs pozulur, müxtəlif neqativliklərlə qarşılaşırıq. Əlbəttə ki, ümumi planetdə gedən aqressiya insanlara təsir edir və şüuraltı ailədaxili münaqişələrdə də özünü göstərir. O ki qaldı bu aqressiyada qəbul etdiyimiz qidaların təsirinə, bu, sadəcə, versiyadır. Bu barədə dəqiq araşdırmalara rast gəlinmir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ