Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov astroloqların və falçıların proqnozlarının Rusiya mətbuatında dərcinə qadağa qoyulmasını təklif edib. Bunu yalançı elm və xurafatla mübarizə adlandırıb. O, “RİA Novosti” agentliyinə müsahibəsində qeyd edib ki, oxşar qadağa artıq Misirdə də qüvvədədir, orada milli yayım təşkilatı bu cür “mütəxəssisləri” telekanallarda və radiostansiyalarda yayımdan kənarlaşdırıb.
Çernışov vurğulayıb ki, Yeni il bayramları zamanı media məkanı “sehrbazların, astroloqların, falçıların, şamanların və digər proqnozlaşdırıcıların” açıqlamaları ilə aktiv şəkildə doldurulur. Onun fikrincə, əyləncə məzmunu kimi təqdim edilən bu cür materiallar xurafatın yayılmasına kömək edir, saxtakarlığa dözüm yaradır və cəhalətdən istifadə edir. Deputat sehrbazların və ekstrasenslərin fəaliyyətinə hüquqi qiymət verilməsini, onların proqramlarının maarifləndirici layihələr, uğur hekayələri, elm və mədəniyyətin nailiyyətlərinə həsr olunmuş materiallarla əvəzlənməsini istəyib. O, həmçinin Rusiyanın aparıcı nəşrlərinin rəhbərliyinə müvafiq tövsiyələrlə müraciətlər göndərəcəyini vəd edib.
Sirr deyil ki, Azərbaycan cəmiyyətinin də mühüm bir kəsimi astroloji proqnozlara, “ulduz falı”na çox həssas yanaşır, hətta öz həyat və fəaliyyətini buna uyğunlaşdırmağa çalışır. Bəs Azərbaycanda bu kimi qadağalar ola bilərmi?
Səbuhi Rəhimli
Astroloq Səbuhi Rəhimli deyir ki, falçılar, şeytani qüvvələrlə işləyənlər insanları soymaq məqsədi daşıyan adamlardır. Onun sözlərinə görə, ekstrasenslər, parapsixoloqlar isə insanların müalicəsi ilə məşğuldur: “Hansısa ekstrasens insanları təlaşa salan proqnozlar verirsə, deməli, o fırıldaqçıdır. 2023-cü ildə ekstrasenslər proqnozlar verdilər ki, Qarabağda daha dəhşətli müharibə olacaq. Daha sonra 2024-cü ildə bildirdilər ki, Ermənistanla Azərbaycan arasında yenidən müharibə olacaq və 10 mindən çox adam öləcək. Onlara inanan nə qədər insan təlaş keçirdi. Hətta mən özüm DTX-ya müraciət etdim ki, belə insanların fəaliyyətinə son qoyulsun.
1990-cı illərin axırından demişəm ki, insanları həyəcan içində saxlayan belə şarlatanlar cəzalandırılmalıdır. Proqnoz vermək pis bir şey deyil, amma gərək onu fırıldaqçılar, şarlatanlar etməsinlər.
Mən hər ilin axırı proqnozlarımın, təhlillərimin hesabatını verirəm. Proqnozumun bu il 25-dən ancaq 2-si səhv çıxıb. Buyursunlar, nəticələrə baxsınlar, əgər şəxs davamlı şəkildə yalan, insanları qorxudan proqnozlar verirsə, onu cəzalandırmaq lazımdır.
Rusiyada isə qadağaların edilməsi təşəbbüsü siyasi proseslərlə bağlıdır. Rusiyadakı astroloqlar başda Pavel Qloba olmaqla, bildirirdilər ki, 2025-ci il Rusiya üçün çətin olacaq və Putinin hakimiyyəti devriləcək, Kremldə hərc-mərclik, qarşılıqlı qütbləşmə olacaq. Rusiyada insanlar astrologiyaya çox inanır. Hakimiyyət isə bundan qorxuya düşdü. Ona görə də astroloji proqnozların qarşısını almağa başladı. Bu, Kremlin astroloqlara barmaq silkələməsi idi".
Elşad Musayev
Millət vəkili Elşad Musayev deyir ki, Azərbaycanda falçılar və yalançı astroloqlar insanların düşüncələrinə təsir edir: “Televiziyaya çıxıb xalqa dərs keçirlər. Bu sıraya yalançı psixoloqları da əlavə etmək olar. Onları efirə buraxmaq düzgün deyil. Belə adamlara meydan verilməsini istəmirəm. Bir ara falçılıqla məşğul olanları efirə çıxarıb neçə saatlıq proqramı ixtiyarlarına vermişdilər. Onları efirə çıxaranlar da elə eyni ağıldadırlar. Gələcəyimizi, gəncliyimizi korlayanları televiziyada göstərmək, mətbuata çıxarmaq qətiyyən olmaz. Hansısa yolla belə fırıldaqçıların qarşısını almaq lazımdır”.
Şahanə RƏHİMLİ,
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ