İnsanlara hürriyət, millətlərə istiqlal!

Astana sammitindən gözləntilər: “Türk zamanı”nda nələr razılaşdırılacaq...

Türk dövlətləri 20-dək birgə layihə icra edir; Asiyadan Avropaya uzanan ticarət yollarının üzərində yerləşən türk dövlətləri üçün tarixi fürsət formalaşıb

Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley zirvə görüşü keçiriləcək. Artıq görüşün gündəliyi də açıqlanıb. “Türk zamanı!” şüarı altında keçiriləcək sammitdə iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.

Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Görüş ərəfəsində Türkiyə və Qazaxıstan prezidentləri Rəcəb Tayib Ərdoğanla Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub. Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan qazaxıstanlı həmkarına İsrail-Fələstin münaqişəsinin aradan qaldırılması, Qəzza bölgəsinə humanitar yardımın çatdırılması məsələsinin də TDT zirvə görüşündə müzakirə olunmasını təklif edib.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək. Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

TDT üzvləri dövlət və hökumət başçıları, qurumları səviyyəsində birbaşa əməkdaşlıqdan əlavə, TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi qurumlar çərçivəsində də əlaqələri dərinləşdirirlər.

Hazırda təşkilatın üzv dövlətləri qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-dək birgə layihə icra edirlər. Onların arasında siyasi, iqtisadi, gömrük, nəqliyyat, səhiyyə, təhsil, turizm, kənd təsərrüfatı, energetika, miqrasiya və humanitar sahələr var.

Bu layihələrdən ən mühümlərindən biri kimi “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişi qeyd etmək olar. Saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb. Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq. Pilot Layihə dəhlizin praktiki reallaşdırılmasını təmin etməyə xidmət edəcək.

Türk dövlətlərinin daha bir mühüm ortaq layihəsi Türk İnvestisiya Fondudur.  Təşkilat üzvləri “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş bu ilin martında Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü zamanı imzalayıblar. Fondun yaradılması barədə ilkin razılaşma isə təşkilatın 2022-ci ilin noyabr ayında Səmərqənddə keçirilən sammitində əldə olunub.

Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan respublikalarıdır. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və onun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Bu kapital 5 ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın töhfələri (hər bir ölkə 100 milyon dollar) hesabına formalaşacaq. Fondun mənzil qərargahı İstanbulda yerləşəcək.

TDT daxilində icra olunan layihələrdən əlavə, türk dövlətləri Asiyadan Avropaya Rusiyadankənar ərazilərlə ticarət daşımalarının ən optimal marşrutu olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta dəhliz layihəsində də birgə çalışırlar. Bu layihə malların Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Azərbaycandan keçməklə Türkiyədən Avropaya daşınmasını nəzərdə tutur. Hazırda bütün dünyanın diqqəti bu dəhlizin funksionallığının artırılmasında, daşımaların ən qısa müddət və aşağı qiymətlə həyata keçirilməsinin təmin olunmasına yönəlib. Ötən ilin aprelindən etibarən dünyanın aparıcı yükdaşıma şirkətləri bu dəhlizlə yüklərin daşınmasına başlayıblar və artıq getdikcə daha irihəcmli yüklər Orta dəhlizə yönəldilir. Dəhliz boyu ölkələrdə yükdaşımaların sürətlənməsi məqsədilə Avropa İttifaqı infrastruktur layihələrinə və sair yatırmağa başlayıb. Eyni zamanda ABŞ da bu sahəyə investisiya yatırmaqda maraqlı olduğunu, Orta dəhlizi tam dəstəklədiyini dəfələrlə açıqlayıb. Aprel ayında ABŞ ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə ölkəsinin Orta dəhlizə böyük önəm verdiyini açıqlayıb: “ABŞ Orta dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq. Biz yalnız Azərbaycan hökumətinin deyil, bütün regiondakı ölkələrin və tərəfdaşlarımızın Orta dəhlizi fəal fəaliyyət göstərən bir layihəyə çevirmək üçün göstərdikləri səyləri ciddi şəkildə dəstəkləyirik. Biz anlayırıq ki, Orta dəhlizin dayanıqlı və effektiv olması region boyu ticarət axınını gücləndirəcək və Orta dəhliz boyu ölkələrin vətəndaşlarının xeyrinə olacaq. Biz Azərbaycanı və region boyu ölkələri müxtəlif layihələrdə və proqramlarda dəstəkləyirik, ancaq eyni zamanda ABŞ-ın özəl sektorunun logistika, nəqliyyat, rəqəmsallaşma sahəsində təcrübəsinin gətirilməsinin də Orta dəhlizin uğurlu olmasına imkan verəcəyinə inanırıq”.

Beləliklə, Asiyadan Avropaya uzanan ticarət yollarının üzərində yerləşən türk dövlətləri üçün tarixi bir fürsət formalaşıb. Baş verənlər göstərir ki, onlar bu fürsətdən birlik və əməkdaşlığı daha da gücləndirmək üçün də istifadə etməyə çalışırlar. Bu çalışmalar fonunda Astana zirvəsində qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsini nəzərdə tutan sənədlərin imzalanacağı şəksizdir.

Ötən il bütün türk dövlətləri üçün xarici investisiya qoyuluşu baxımından müsbət yadda qalıb. Onların iqtisadiyyatına qoyulan xarici sərmayələr artıb. Belə ki, Azərbaycan iqtisadiyyatına birbaşa xarici sərmayə qoyuluşu 30,9 faiz artaraq 6,276 milyard dollara çatıb.

2022-ci ildə Özbəkistan iqtisadiyyatına qoyulan 9,9 milyard dollarlıq xarici investisiyanın 10,1 faizi Türkiyənin payına düşüb. Qırğızıstana yatırılan 1 milyard 46 milyon dollarlıq xarici investisiyalarda Türkiyənin payı 30,7 faizdir. Qazaxıstan keçən il 28 milyard dollar xarici investisiya cəlb edib.  2022-ci ildə Türkiyəyə 12,8 milyard dollar birbaşa xarici investisiya yatırılıb. 2021-də bu göstərici 11,9 milyard dollar olmuşdu.

TDT üzvləri arasında qarşılıqlı ticarət əlaqələri sıçrayış dövrünü yaşayır. Belə ki, 2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Bu ilin 9 ayında isə 269 milyon dollarlıq ticarət qeydə alınıb.

Ötən il Türkmənistanla dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. İki ölkənin qarşılıqlı ticarətinin həcmi 2021-ci ildəki 105 milyon 23 min dollardan 2022-ci ildə 535 milyon 397 min dollara, bu ilin yanvar-oktyabrında isə 678 milyon dollara çatıb.

Özbəkistanla ticarətdəki 64.0 faizlik artım birgə dövriyyəni 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Cari ilin 9 ayında göstərici 120,2 milyon dollar təşkil edib.

Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Bu ilin 9 ayında qarşılıqlı ticarətin həcmi 27,1 milyon dollara qədər artıb.

Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb: 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib. Bu ilin 9 ayında isə ölkələr arasında 6,2 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb.

2022-ci ildə Qazaxıstanla Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard dollar olub, onun 10 milyard dollara çatdırılması barədə razılıq əldə edilib. 2023-cü ilin yanvar-avqustunda bu göstərici 3,9 milyard dollara çatıb.

Ötən il Qazaxıstanın Özbəkistanla qarşılıqlı ticarəti 30 faiz artmaqla 2021-ci ildəki 3,8 milyard dollardan 5 milyard dollara çatıb. Bu ilin səkkiz ayında isə göstərici 2,895 milyard dollar təşkil edib.

Qazaxıstanla Türkmənistan arasında ticarətin həcmi isə 2021-ci ildəki 250 milyon dollara qarşı 2022-ci ildə 438,2 milyon dollara yüksəlib. Bu ilin dörd ayında isə qarşılıqlı ticarət 131,4 milyon dollar təşkil edib.

2022-ci ildə Qazaxıstan Qırğızıstanla ticarətin həcmini 100 milyon dollar artırmaqla 1,1 milyard dollara, bu ilin yeddi ayında isə daha 12,7 faiz artırmaqla 755,4 milyon dollara çatdırıb.

Asiyanın ikinci böyük türk dövləti olan Özbəkistanın Türkiyə ilə qarşılıqlı ticarətinin həcmi 2022-ci ildə 3 milyard 233 milyon dollar, 2023-cü ilin 8 ayında isə 2,1 milyard dollar təşkil edib. Türkmənistanla isə alverin dəyəri ötən il 926,3 milyon dollara yüksəlib, bu ilin 8 ayında 517 milyon dollar olub.

2022-ci ildə Özbəkistanla Qırğızıstan arasında ticarətin həcmi 1,3 milyard dollara çatıb, bu ilin 8 ayında 679 milyon dollar olub.

Türkmənistanla Qırğızıstan arasında isə 2022-ci ildə qarşılıqlı alış-verişin həcmi 17,1 faiz artmaqla 82,16 milyon dollar təşkil edib.

Türkmənlər Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsini 21,9 faiz artırmaqla 2021-ci ildəki 1,7 milyard dollardan 2022-ci ildə 2 milyard 67 milyon dollara çatdırıblar. Bu göstəricini iki ölkə 2023-cü ilin 9 ayında artıq keçiblər. 

2022-ci ildə Türkiyə ilə Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollara yaxın olub. Bu ilin 6 ayında qarşılıqlı ticarət həcmi illik ifadədə 10,7 faiz artmaqla 324 milyon dollar təşkil edib.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR