Onlayn ictimai-siyasi qəzet
Rusiya və Azərbaycandan sonra Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandıran üçüncü ölkə Gürcüstan olub. AŞPA Gürcüstan nümayəndə heyətinin mandatlarının tam ratifikasiyasını təxirə salıb.
Dünən “Gürcü arzusu”nun nümayəndələri təşkilatdan qovulmaqdan xilas olsalar da, onların hazırda olduğu mövqe hakimiyyətdə olan partiya üçün xoşagəlməzdir.
Təşkilat hakimiyyətdən yeni parlament seçkilərinin keçirilməsini, siyasi məhbusların azad edilməsini və müxalifətçilərə qarşı qəddarlığın dayandırılmasını tələb edir. “2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra baş vermiş hadisələr, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarının pozulması, müxalifətə və vətəndaş cəmiyyətinə qarşı repressiyalar Gürcüstanın üzvlük öhdəliklərinə və təşkilata qoşularkən üzərinə götürdüyü öhdəliklərə ziddir”, - qətnamədə deyilir.
Sənədi 114 deputat dəstəkləyib, 13 deputat isə əleyhinə çıxıb. Assambleyanın tələbi yerinə yetirilənə qədər Gürcüstan nümayəndə heyəti bəzi hüquqlarından məhrum ediləcək. Beləliklə, onun üzvləri seçkiləri müşahidə komitəsinə daxil ola bilməyəcək, hesabat verməyəcək və AŞPA-da rəhbər vəzifələrə iddia edə bilməyəcəklər. Bundan başqa, gürcülərə müxtəlif beynəlxalq tədbirlərdə təşkilatı təmsil etmək qadağan edilib.
Maraqlıdır ki, Gürcüstan Ermənistan, Macarıstan, Bolqarıstan və Türkiyənin dəstəyi ilə öz mandatlarının qeyd-şərtsiz ratifikasiya edilməsində israrlıdır. Tiflis nümayəndələri izahat yazısında yeni seçkilərin keçirilməsi üçün heç bir hüquqi əsasın olmadığını qeyd ediblər. Eyni zamanda, hüquqların məhdudlaşdırılması ilə bağlı bəndin Avropaya inteqrasiya yolu ilə irəliləməyə davam etmək çağırışı ilə əvəz edilməsi təklif olunub.
Göründüyü kimi, Avropa Şurası Gürcüstana münasibətdə xeyli prinsipialdır. Gürcüstanda başqa cür qələmə verilməsinə baxmayaraq, Avropa üstqurum təşkilatlarının rəsmi Tiflisə qarşı sərtiyi sırf demokratiya və insan haqlarına aid duruma, bir də Rusiya ilə çox yaxınlaşmasına görədir.
AŞ-ın Rusiyaya və Azərbaycana mənfi münasibətinin səbəbləri isə fərqlidir. Rusiya ilə məsələ birmənalı olaraq aydındır: bu ölkə militarist siyasət yeridir, qonşu ölkələri təhdid edir, Ukraynanın ərazisinin üçdə birinə yaxınını işğalda saxlayır, orada qanunsuz “dövlətl”lər yaradıb, II dünya müharibəsindən sonra Avropada başlanmış ən qanlı müharibənin səbəbkarıdır, federasiya ərazisində təkpartiyalı hakimiyət bərqərar edib və s.
Ancaq Avropa Şurasının, eləcə də digər Avropa üstqurum təşkilatlarının Azərbaycana qarşı mənfi münasibətinin səbəbləri çoxşaxəlidir. Burada azad seçki, demokratiya və insan haqlarına riayət məsələsindəki problemlərlə yanaşı, Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi və bunun avropalıara xoş gəlməməsi məsələsi ön plandadır.
Əslində Azərbaycan Avropa Şurasına üzv olduğu ilk illərdə və onda sonrakı vaxtda da yuxarıda adı çəkilən müstəvidə problemlər vardı, ancaq AŞ PA-nın sessiyalarında rəsmi Bakını yüngülvari tənqid edilir, keçirilmiş seçkilər “irəliyə doğru addım” kimi qiymətləndirilirdi. Həm də o vaxtın seçkiləri daha çəkişməli, intriqalı olurdu, seçkinin nəticələrindən narazılıq zaman-zaman şiddətlənirdi. Fəqət AŞ PA bu hallarda ədalətli arbitr olmurdu.
Hazırda isə AŞ PA Azərbaycana hökm kəsib və bunun əsasən Qarabağ məsələsi ilə əlaqəli olduğu barizdir. Məsələ ondadır ki, Avropada Qarabağdan köç etmiş, bu zaman heç bir zorakılığa məruz qalmamış, sırf aşırı dərəcədə xoflandıqları üçün mütəşəkkil qaydada Azərbaycanı tərk etmiş ermənilərin köçünü zorakı deportasiya kimi qələmə verməyə çalışırlar. Ortada zorakılığa dair heç bir fakt, dəlil-sübut yoxdur, ancaq avropalı parlamentarlar prosesin nəticəsinə baxırlar. Bu nəticə isə bizim əleyhimizə kimi görünür, çünki artıq Qarabağda erməni qalmayıb. Daha onların buradan necə getdiklərinə və geriyə qayıtmağı istəyib-istəməmələrinə diqqət edən yoxdur.
Gürcüstana fərqli münasibət Avropanın gürcüləri özlərinə bir köynək yaxın saymalarından doğur. Onlar istəyirdilər ki, Gürcüstan gerçəkdən də demokratik ölkə olsun, azad, qanuni seçkilər keçirsin, insan haqlarına riayət etsin, Avropa ailəsinin tamhüquqlu üzvü olsun, Rusiyadan uzaq dursun. Gürcüstanla Şengen ölkələrinin arasındakı viza rejiminin ləğvi sırf bu arzudan doğurdu.
Bəs Avropa eyni şeyi Azərbaycan üçün istəyirdimi? Reallığa qalsa, yox. Onlar Azərbaycana neft-qaz təchizatçısı, mənfəətli biznes ortağı, Rusiya ilə İran arasındakı ərazi, xristian dünyasının şərq və cənub sərhədindəki bufer zona kimi baxırdılar. Bu ölkə Avropa standartlarına uyğun seçki keçirəcək, ya keçirməyəcək, Avropanı o qədər də dərindən maraqlandırmır.
İndi avropalılar Gürcüstan hakimiyyətini ona görə sıxırlar ki, Tiflis ziyanın yarısından qayıtsın. Ancaq “Gürcü arzusu” da dirəşib, AŞPA-nın işində ümumiyyətlə iştirak etməmək qərarına gəlib. “Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmaq və yeni seçkilərin keçirilməsini tələb etmək Gürcüstanın daxili işlərinə birbaşa müdaxilə və onun suverenliyinə təhdiddir”, - “Gürcü arzusu”nun üzvü, Gürcüstan nümayəndə heyətinin assambleyadakı nümayəndəsi Givi Mikanadze bildirib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, təşkilat gürcülərə və onların ölkəsinə münasibətini dəyişərsə, ölkə nümayəndə heyəti AŞPA-da işə qayıda bilər. "Bu gün gördüyümüz vəziyyətdə orada işləməyin mənası yoxdur", - deyə Kobaxidze yekunlaşdırıb.
“Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze hakimiyyətin bu mövqeyini milli maraqlara növbəti xəyanət kimi qiymətləndiri və onu “Rus arzusu rejiminin Avropa Şurasını tərk etməsi” kimi qiymətləndirib.
Politoloq Gia Xuxaşvili bildirib ki, “Gürcü arzusu” Moskvadan nümunə götürür, lakin bu iki ölkə arasındakı fərqləri nəzərə almır. “Rusiyadan fərqli olaraq, Gürcüstan konstitusiyasında Avropa İttifaqına daxil olmaq istəyi qeyd olunub. Eyni zamanda, son vaxtlar hakimiyyət orqanlarımız bütün addımlarını əks istiqamətdə atırlar. Bu o deməkdir ki, dövlət çevrilişindən danışmaq olar. Öz növbəsində müxalifət konstitusiya quruluşunu bərpa etməyə çalışır. Çox güman ki, onların qarşıdurmasının son hissəsi bir-iki aydan sonra baş verəcək. Hazırda siyasi böhran iqtisadi böhranla üst-üstə düşəcək, çünki Gürcüstan sistemi Rusiyadakı qədər təhlükəsizlik marjasına malik deyil”, - ekspert hesab edir.
Araz Altaylı, Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ