İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcı valyutalar və qızıl ucuzlaşır, ölkələr borc böhranı və devalvasiya ilə üz-üzə

İqtisadçı: “Neft qiymətlərinin kəskin qalxması manatın dəyərdən düşmə prosesini bir qədər azaltdı”

Artırılan faiz dərəcələrinə baxmayaraq, yüksələn inflyasiya və artmaqda davam edən resessiya qorxuları fonunda çərşənbə günü avro və funt yenidən ucuzlaşmağa başlayıb. İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanan məlumatda deyilir ki, yüksələn dollar indeksi fonunda digər aparıcı valyutalar, eləcə də qızıl dollar qarşısında zəifləyir.

Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 0.96$ və 1.10$-a kimi ucuzlaşa bilər. Çərşənbə günü 1625$-a kimi dəyər itirən qızıl, buradan dəstək görərək bir qədər bahalaşdı. Hazırda 1632$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1625$-ın altına düşsə, 1610$-a kimi ucuzlaşa bilər.

Yeri gəlmişkən, Çin yuanı dollar qarşısında 2008-ci ildən bəri ən aşağı səviyyəsinə düşüb. Yuan ABŞ dolları qarşısında eniş trendinə qayıdıb və 2008-ci il qlobal maliyyə böhranının minimumlarına yaxınlaşıb. Bazar açılmazdan əvvəl Çin Xalq Bankı dollar/yuan məzənnəsini cümə axşamı günü 7,1188 səviyyəsinə qarşı 7,1186 səviyyəsində müəyyən edib. Kontinental bazarda məzənnə 7.2320-də açılıb və 7.2479-adək yüksəlib.

Qeyd edək ki, yaxın günlərdə Rusiya Xalqlar Dostluğu Universitetinin Dünya İqtisadiyyatı kafedrasının dosenti Vladimir Qriqoryev xəbərdarlıq edərək bildirib ki, qlobal maliyyə sisteminin əksər valyutalarını qaçılmaz devalvasiya gözləyir, bunun nəticələri yoxsul ölkələr üçün daha ağır olacaq: “ABŞ müvəqqəti möhlət ala bilər, çünki əsas məzənnənin daimi və dinamik artımı qlobal investorların pullarını dollara cəlb edir və bu, qaçılmaz olaraq digər valyutaları zəiflədir. Dolların möhkəmlənməsi bu valyuta ilə borc götürən ölkələr və şirkətlər üçün borclarına xidmət etməyi çətinləşdirir. Asiya, Afrika və Latın Amerikasının valyutaları - türk lirəsi, Braziliya realı, Argentina pesosu daim risk altındadır. Və çox güman ki, onların yeni devalvasiyası uzaqda deyil”,- iqtisadçı proqnozlaşdırır.

Bəs görəsən, belə bir durumda Azərbaycanı nə gözləyir?

Nə üçün dövlət büdcəsində kəsir yaranıb? -

Vüsalə Əhmədova

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “2022-ci ilin mart ayından etibarən keçirdiyi bütün toplantılarda FED uçot dərəcələrini artırdı. İlin sonuna qədər keçiriləcək hər iki iclasda da faizi artırmağa davam edəcəyi gözlənilir. FED-in faizləri artırmaqda əsas məqsədi ABŞ-dakı yüksələn inflyasiyanı nəzarətə götürməkdir. Dünyanın ən böyük iqtisadiyyatında inflyasiya ilin əvvəlində 7,9%-ə çatdı, bu da son 40 ilin ən yüksək göstəricisidir. Məlumdur ki, ABŞ maliyyə bazarı dünyanın ən böyük bazarıdır və dollar dünyanın əsas ehtiyat valyutasıdır. Beynəlxalq borcun əsasını dollar təşkil edir və dollar beynəlxalq ticarətdə və ən çox istifadə edilən valyutadır. Bu səbəbdən də FED-in qərarları digər ölkələrin iqtisadiyyatlarına birbaşa təsir göstərir. Xüsusilə də xaricdən dollarla borc alan inkişaf etməkdə olan ölkələrə təsir göstərir. FED uçot dərəcələrini artırdıqca dollarla borc almaq daha da bahalaşır və dolayısıyla həmin ölkələrdə inflyasiya da yüksəlir. Dolların bahalaşması həm də inkişaf etməkdə olan ölkələrin hökumətləri və özəl şirkətləri üçün borclarını ödəmək daha baha başa gəlir.

Dolların dəyəri artdıqca qiyməti adətən dollarla müəyyən edilən xaricdən gətirilən malların maya dəyəri də artır. Bu səbəbdən FED-in faiz artımı ən çox ərzaq və enerji idxal edən ölkələrə mənfi təsir göstərir. Bu ölkələr çox güman ki, daha çox borc böhranı və devalvasiya ilə üzləşəcəklər. İlin əvvəlində verdiyim bir açıqlamamda, FED-in ard-arda faiz artırmasının Azərbaycan manatına müəyyən qədər təsir göstərəcəyini bildirmişdim, ancaq neft qiymətlərinin kəskin yüksəlməsi bu ehtimalı bir qədər azaltdı. Yenə də 2023-cü ilin ilk yarısında hər şey daha aydın olacaq".

Türkiyə Mərkəzi Bankının faiz qərarına gəlincə, iqtisadçı qeyd etdi ki, uçot dərəcəsi bu gün yenidən 150 baza bəndi aşağı salınıb: “Qərarın səbəbi inflyasiyanı aşağı salmaq, investisiyaları təşviq etmək ilə əlaqələndirilir. Növbəti iclasda da analoji addım atıldıqdan sonra İdarə Heyəti faiz dərəcəsinin aşağı salınmasına son qoymağı nəzərdən keçirir. Demək, noyabr ayında da eyni siyasət izləndikdən sonra dekabr ayında faiz endirilməsinə son veriləcək. Dünyadakı bəlli başlı bütün iqtisadi sistemlərdə mərkəzi bankların bazara təsir mexanizmləri, kommersiya banklarına verilən vəsaitlərə tətbiq edilən faizlər, məcburi ehtiyatlar və açıq bazar əməliyyatları ilə məhdudlaşır. Mərkəzi banklar kommersiya banklarına ehtiyac olan vəsaiti verərkən tətbiq etdiyi faiz dərəcəsini yüksəltməklə və ya aşağı salmaqla valyuta məzənnəsinə təsir göstərir və dolayısıyla da ümumi iqtisadiyyata təsir göstərmiş olur. Ancaq bu təsiri o qədər də şişirtmək olmaz. Çünki kommersiya banklarının resursları yalnız mərkəzi bankdan aldıqları vəsaitlər ilə formalaşmır. Uçot dərəcələrinin artırılması zamanı iqtisadiyyatda baş verənləri qısa olaraq ifadə etsək: öncə istehlakdan qənaətə keçid baş verir, tələb azaldığı üçün inflyasiya da azalır, bu zaman investisiyalar üçün resurslar çoxaldığı üçün dolayısıyla investisiyalar da artır. Sonra isə faizlərin yüksək qalması investisiya xərclərini artıracağı üçün investisiyalar azalır, çünki resursların çoxluğuna baxmayaraq xərclər artır, nəticədə iqtisadi artımda da, məşğulluqda da eniş baş verir”.

Əhmədova qızılın qiyməti ilə bağlı da danışdı: “Ümumiyyətlə qızıl və digər alternativ investisiya alətləri arasında hər zaman tərs əlaqənin olduğu görülüb. Bu nə ilə izah olunur? Faiz dərəcəsinin yüksəlməsi qızılın saxlanma xərclərini artırdığı üçün investorlar əllərindəki qızılı satırlar. Məsələn, faiz gətirən investisiya alətləri ilə qızıl arasında seçim etmək lazım gəldikdə investorlar qızılı tərcih etmirlər. Beləliklə, öz portfellərinin risklərini azaltmış olurlar. Belə olan vəziyyətdə təbii olaraq qızılın qiyməti də aşağı enir”.

Afaq MİRAYİQ,
"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR