İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara-Afina qarşıdurması yeni mərhələdə-Türkiyə Yunanıstanla əlaqələri kəsir

Aralıq dənizində 100 ildən çox davam edən Türkiyə-Yunanıstan mübahisəsi yeni münaqişə mərhələsinə qədəm qoya bilər. Buna əsas səbəb Türkiyənin sahillərinin təhlükəsizliyi ilə bağlı haqlı tələblərinin rəsmi Afina tərəfindən rədd edilməsidir.

Xüsusilə Yunanıstanın baş naziri Kiriakos Miçotakisin ABŞ səfərində və ondan sonra verdiyi bəyanatlar tərəflər arasındakı müzakirə prosesini demək olar ki, donma həddinə gətirib çıxarıb.

Xatırladaq ki, Kiriakos Mitsotakis bu ilin 16-17 may tarixlərində ABŞ-a səfəri zamanı Yunanıstanın Türkiyənin dənizlərdəki yurisdiksiyası ilə bağlı hazırladığı "Mavi Vətən" xəritəsini prezident Co Baydenə və Konqres üzvlərinə göstərib və burada təxribat xarakterli bəyanat vermişdi.

Yunan baş nazir həmçinin ABŞ-dan Türkiyəyə “F-16” təyyarələrinin verilməsi ilə bağlı proqramın dayandırlmasını da tələb edib.

K.Mitsotakisin, "Gərginlik dövründə yaşayırıq, tarixdə revizionizmin yeni versiyasına, itirilmiş imperiyalar haqqında fantaziyalara və beynəlxalq hüquqa uyğun gəlməyən güc nümayişinə dözə bilmərik. Biz suverenliyimizin pozulmasına razı olmayacağıq" kimi sözləri rəsmi Ankaranın qəzəbinə səbəb olmuşdu.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstan bundan geri qalmayaraq Türkiyəyə qarşı 16 xəritə ilə kampaniyaya başlayıb.

Həmin xəritələr Yunanıstan Xarici İşlər Nazirliyinin Türkiyə Departamenti və Yunanıstan Dəniz Qüvvələri Hidroqrafiya İdarəsi tərəfindən tərtib olunub. Burada Türkiyənin 50 ildə Egey və Şərqi Aralıq dənizindəki tələbləri göstərilib və bu, Yunanıstanın xaricdəki bütün diplomatik nümayəndəliklərinə göndərilib.

Nümayəndəliklərə göndərilən fayllarda xəritələrlə yanaşı, Xarici İşlər Nazirliyinin baş katibi Temistoklis Demirisin məktubu da yer alıb. Həmin məktubda yunan diplomatlarına bu xəritələrdən istifadə edərək olduqları ölkələrdə “Türkiyə təcavüzü” barədə danışmaq tapşırılıb.

Yunanıstanın “Katimerini” qəzetinin xəbərinə görə, 1972-2022-ci illər arasında Türkiyənin tələblərini əks etdirdiyi iddia edilən xəritələr arasında Türkiyənin "Mavi Vətən", "Türkiyə-Liviya razılaşması", “Kardak böhranı” və s. sənəd, informasiya xarakterli xəbərlər, iddialar yer alıb.

“Hürriyət” qəzetinin xəbərinə görə, Ankara-Afina xəttində gərginlik artdığı bir vaxtda Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyənin turizm mərkəzlərindən biri sayılan Bodrumla üzbəüz Kos və Keçi adalarına səfər etməklə bağlı planları “odun üstünə yağ töküb”.
Yunan mediası bunu “Kosda Mitsotakis: Ərdoğana mesaj və Ankaranın diplomatik başağrısı” başlığı ilə verərək, baş naziri tərifləyib.

“Proto Thema” qəzeti Mitsotakisin Kos, Pserimos, oradan da Astipaleya adalarının səfərinin öncə “turizm məqsədi daşıdığını”, lakin Ankara-Afina xəttindəki gərginlikdən sonra ziyarətin xarakterinin dəyişdiyi vurğulayıb.
Kiriakos Miçotakisin Qərbi Türkiyəyə qarşı qızışdırmaqla bağlı fəaliyyəti bununla da bitməyib. Avropa Xalq Partiyasının Hollandiyanın Rotterdam şəhərində keçirilən 27-ci Qurultayı çərçivəsində baş tutan xüsusi paneldə o, Türkiyə əleyhinə fikirlərini davam etdirib.

Yunanıstan hökumətinin rəhbəri dünən Almaniya hökumətinin rəsmiləri ilə görüşündə də “Mavi Vətən” xəritəsini göstərərək Almaniya kansleri Olaf Şoltsa Türkiyəni şikayət edib.

Qeyd etmək lazımdır ki, rəsmi Berlin bununla bağlı artıq Ankaranı hiddətləndirəcək bəyanat da verib. Almaniya hökumətinin sözçüsü Kristian Hoffman Türkiyə ilə yaşanan gərginliklə bağlı Türkiyəni nəzərdə tutaraq “Baş nazir Şolts hesab edir ki, hazırkı vəziyyətdə NATO müttəfiqləri arasında təxribat törətməkdən çəkinməlidir” sözlərinə Türkiyə Xarici işlər nazirliyi sərt reaksiya verib. Türkiyə XİN-dən verilən açıqlamada "Almaniyadan müttəfiqlik ruhuna uyğun olmayan bəyanatlar vermək əvəzinə Yunanıstanı beynəlxalq razılaşmalara uyğun hərəkət etməyə dəvət etməsini gözləyirik" ifadələri işlədilib.

Yunanıstana qarşı ən sərt reaksiya Türkiyənin birinci şəxsi, yəni Rəcəp Tayyip Ərdoğan tərəfindən gəlib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf partiyasının fraksiya toplantısında Yunanıstana yönəlik sözləri dünyada böyük əks-sədaya səbəb olub. Yunanıstanın baş naziri Kiryakos Miçotakisin ABŞ-da Türkiyəyə “F-16” satışının qarşısını almaq üçün etdiyi lobbiçilik cəhdlərinə reaksiya verən prezident Ərdoğan “Tarixdən heç dərs almadınmı, Türkiyə ilə rəqs etmə” ifadəsini işlədib.

Prezident Ərdoğan burada Yunanıstanla imzalanan yüksək səviyyəli strateji sazişin də pozulduğunu açıqlayıb. Kriakos Miçotakislə bağlı isə Türkiyə dövlət başçısı “mənim üçün o, artıq mövcud deyil”,-deyə sərt çıxış edib.

Prezident Ərdoğanın sərt reaksiyası Yunanıstan mətbuatında gündəm yaradıb.

Türkiyənin “Sabah” qəzetinin xəbərinə görə, Yunanıstanın “Kathimerini” qəzeti “Ərdoğandan yeni çağırışlar: Türkiyə ilə rəqs etməyə çalışmayın, ikitərəfli danışıqlar bitdi” başlığı ilə Ərdoğanın sərt açıqlamalarını manşet edib.

Qəzet Ərdoğanın bu fikrinə də xüsusi yer verib: “Yunanıstanda Amerika bazalarının qurulmasına icazə verdimi? O verdi. Biz şərəfli bir xarici siyasətin tərəfdarıyıq. İkidə bir təyyarələrinlə bizə özünü göstərirsən. Özünə gəl. Sonra ağlamağa və sızlamağa başlama”.

Yunanıstanın digər qəzeti “Protothema” və “To Vima” qəzetləri isə prezident Ərdoğanın Ayasofya məscidi ilə bağlı açıqlamalarına diqqət çəkib.

Ayasofyanın 84 ildən sonra əvvəlki kimliyinə qaytarıldığını bildirən Türkiyə lideri burada, "Fəthin qəlbində açılan yaranı bağladıq” cümləsini işlətməsi yunanlara çox toxunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR