İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anam öləndən sonra arvadımla münasibətlərimiz düzəldi” - Həyat yoldaşını öldürənə cəza verilmədi

Masallı rayonunun Təklə kəndində arvadını öldürüb intihara cəhd edən şəxsin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Onun hadisəni törədən zaman anlaqsız vəziyyətdə olduğu müəyyən edilib və cəza təyin edilməyib.

Musavat.com xəbər verir ki, 49 yaşlı Yalçın Məmmədov arvadı 45 yaşlı İlkanə Məmmədovanı xüsusi amansızlıqla qətlə yetirib.

Daha sonra iki bıçaqla özünə xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilən Məmmədovun həyatını xilas etmək mümkün olub.

İstintaq zamanı müəyyən edilib ki, qətlin baş verməsinə səbəb ailədaxili münaqişələr olub. Münaqişələrin səbəbi də əsasən maddi dolanışığa görə yaranırmış.

Yalçın psixoloji xəstə imiş və anası ilə yaşayırmış. İlkanə ilə evləndikdən sonra yenə də anası ilə birlikdə yaşamağa davam edib. Yalçın heç yerdə işləməyib. Ancaq aldığı pensiya ilə və anasının dəstəyi ilə dolanırmışlar. Anası da pensiya alırmış və ailənin gəlir mənbəyi ancaq bu imiş. İlkanə də həyətyanı sahədə təsərrüfatla məşğul olub ailənin dolanışığına kömək edirmiş.

Ailədəki söz-söhbət uzun müddət Məmmədovların uşaqlarının olmadığına görə yaranırmış. Bu mübahisələr gəlin-qayınana arasında yaşanırmış və xeyli müddət də küsülü qalırmışlar.

Məmmədovlar cütlüyünün müalicələrdən sonra bir qız övladı dünyaya gəlib. Amma övladlarının dünyaya gəlməsindən sonra maddi problemləri daha da artıb. Bununla da ailədəki söz-söhbətlər, dava-dalaşlar da çoxalıb. Buna görə Yalçın bir neçə dəfə arvadını döyüb.

Məhkəmədə Yalçını dindirmək mümkün olmayıb. Onun hadisəni törədən zaman anlaqsız vəziyyətdə olması ilə bağlı ekspertiza rəyi də var.

Məhkəmə onun psixoloji vəziyyətini nəzərə alaraq dindirməyib. Heç Yalçının özü də danışmağa maraqlı olmayıb. O, məhkəmədə sakitcə, yerində dinməz oturaraq zaldakıları izləyib.

Məhkəmə Yalçının istintaqda dindirilən zaman verdiyi ifadəsinə istinad edib.

Baş verənləri yuxarıda qeyd etdiyimiz kimi danışan Yalçın həmin ifadəsində əlavə olaraq göstərib ki, anası öləndən sonra arvadı ilə münasibətləri düzəlib:

“Anam öləndən sonra İlkanə ilə münasibətlərimiz nisbətən yaxşılaşdı. Çox nadirən mübahisə edirdik. Amma son 6 ayda münasibətlər yenidən korlandı. Əsəbi olduğum üçün bir neçə dəfə İlkanənin üzərinə çaynik, qəndqabı da atmışdım. Əsəbi olmağıma baxmayaraq, İlkanə məni yenə əsəbiləşdirirdi. Məni kişi kimi görmürdü, məsləhətləşmirdi. Ona dəfələrlə xəbərdarlıq edib evdə kişinin mən olduğunu deyirdim. Amma hərəkətlərinə fikir vermirdi. Qardaşıma zəng edib şikayət edirdi. Qardaşım da mənə zəng edirdi. Ona deyirdim ki, ailə məsələsini başqasına deməsin. Lakin faydası olmurdu. Son zamanlarda isə ümumiyyətlə məni kişi yerinə qoymurdu”.

Yalçın qətl hadisəsi baş verən gün yaşananları belə danışıb:

“Qətldən bir gün əvvəl evə gələndə İlkanə qonşunun həyətində idi. Çağırıb mənə çay verməsini istədim. Amma çay verməyəcəyini dedi. Əsəbiləşib ona bir neçə dənə daş atdım.

Hadisə günü xəstəxanadan evə gəldim. Onunla mülayim söhbət etməyə çalışırdım. Qızıma görə ailəmizin dağılmasını istəmirdim. Buna görə də İlhamədən xahiş edirdim ki, mənə hörmət eləsin, ailə başçısı kimi məni saysın. Amma məni təhqir edərək kişi kimi evi dolandırmadığımı deyirdi. Pəncərələri bağladım ki, səs-küyü qonşular eşitməsin. Mən onunla sakit danışmağa çalışdıqca məni təhqir edir, alçaldırdı. Onu öldürmək qərarına gəldim. Mətbəxdən götürdüyüm bıçaqla ona xəsarətlər yetirdim. İki əlimlə də boğdum. Təxminən 15-20 dəqiqə çəkdi”.

Bundan sonra özünü də öldürmək istəyən Yalçın mətbəxdən götürdüyü bıçaqla əvvəl damarlarını kəsmək istəyib. Lakin bıçaq iti olmadığı üçün bacarmayıb. Sonra həmin bıçaqla sinəsinə zərbə endirib. Bıçaq qırıldığı üçün mətbəxdən üçüncü bıçağı da götürüb. Bu dəfə də sinəsinə zərbə endirib. Qanaxmadan sonra huşunu itirib. Gözünü açdıqda isə xəstəxanada olub.

Yalçın ifadəsində onu da qeyd edib ki, qətli törədən zaman azyaşlı qızı otaqda olmayıb və onları görməyib. Əlavə edib ki, özü qanlar içində olanda qızı ondan su istəyib. Amma su gətirməyə gedə bilməyib və huşunu itirərək yıxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Yalçın Məmmədov Lənkəran rayonlararası Psixatriya Xəstəxanasında “isterik nevroz nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, emosional-iradi pozuntular” diaqnozu ilə qeydiyyatdadır.

Ona qarşı Cinayət Məcəlləsinin 120.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun bu əməli anlaqsız vəziyyətdə törətməsini sübuta yetirib. Buna görə onu cinayət məsuliyyətindən azad edib. Onun barəsində məcburi müalicə təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR