Onlayn ictimai-siyasi qəzet
Son seçkilərdə ABŞ prezidenti Donald Trampa dəstək verən amerikalı milyarder, hedc fond investoru Bill Ekman Ağ Evin tarif siyasətinin yaratdığı risklər barədə ciddi xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, bu barədə “The Hill” saytı məlumat yayıb.
Ekman bu siyasətin iqtisadi böhrana gətirib çıxaracağını və bundan ən çox Trampın tərəfdarlarının, xüsusilə də azgəlirli və artıq iqtisadi çətinliklər yaşayan amerikalı istehlakçıların zərər çəkəcəyini bildirib.
“Biznes etimada əsaslanan bir oyundur. Prezident dünya üzrə biznes liderlərinin etimadını itirir. Bunun ölkəmizə və milyonlarla vətəndaşımıza, xüsusilə də Trampı dəstəkləyən və az gəlirli olanlara təsiri çox mənfi olacaq”, - deyə Bill Ekman vurğulayıb.
O, Trampın ticarət sistemində islahat aparmaq niyyətini dəstəklədiyini bildirsə də, əlavə edib ki, ticarət müharibəsi ABŞ-ın ticarət tərəfdaşı, biznes mühiti və kapital yatırımı üçün uyğun bazar kimi imicini sarsıdır.
Ekman Trampa “90 günlük taym-aut” götürməyi və bu müddət ərzində asimmetrik tarif razılaşmalarını ədalətli şəkildə yenidən müzakirə etməyi, həmçinin ölkəyə trilyonlarla dollar dəyərində sərmayə cəlb etməyi təklif edib.
“Əks təqdirdə, əgər ABŞ hər bir ölkəyə qarşı “iqtisadi nüvə müharibəsi” başlatsa, nəticədə biznes investisiyaları dayanacaq, istehlakçılar alış-verişi azaldacaq və ölkənin dünya miqyasında imici illərlə, hətta onillərlə zərər çəkəcək”, - deyə Bill Ekman qeyd edib.
Ekman xəbərdarlıq edib ki, əgər fond bazarları çökərsə, yeni sərmayələr dayanacaq, istehlakçılar xərclərini dayandıracaq və şirkətlər investisiyanı azaldaraq işçiləri ixtisar etməyə məcbur qalacaqlar:
“Biz buna səs verməmişdik. Prezidentin taym-aut götürmək və ədalətsiz tarif sistemini düzəltmək üçün zaman qazanmaq imkanı var. Əks halda, biz özümüzü iqtisadi nüvə qışına doğru aparırıq”.
Musavat.com
11 Aprel 2025
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ