Onlayn ictimai-siyasi qəzet
Rusiyada yaşamaq icazəsi alan amerikalı Hayer ailəsi ABŞ-də ənənəvi ailə dəyərlərinə etinasızlıq göstərildiyini bildirərək, Rusiya lideri Putinə təşəkkür edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı ailə öz ölkələrinin təhlükəli olduğunu deyərək, Rusiyadan yaşayış icazəsi alıb və Moskvada məskunlaşıb.
Rusiya Daxili İşlər Nazirliyi tərəfindən yayımlanan videoda ailənin başçısı Leo Hayer deyir: "Ailəmin təhlükəsizlikdə olmadığını hiss etdim. Bu vəziyyətdə Rusiyanın ailələr üçün yaxşı bir yer olmasını təmin etdiyi üçün prezident Vladimir Putinə təşəkkür edirəm”.
Üç uşaqlı Hayer ailəsi ABŞ-dakı “mənəvi çöküşdən” xilas olduqlarını bildiriblər. Qeyd olunub ki, ailə bir həftə ərzində Rusiyadan yaşayış icazəsi alıb.
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bəyan edib ki, xristian dəyərlərinə sadiq qalan ailə ABŞ-da ənənəvi ailə dəyərlərinə sayğısızlıq olduğu mülahizəsi ilə Moskvaya gəlib.
Britaniyanın “Tayms” qəzetinin yazdığına görə, son vaxtlar Rusiyaya köçmək istəyən amerikalıların və avropalıların sayı artmaqdadır.
Eyni zamanda belə faktların tirajlanması bir-birilə çəkişən iki ölkənin girmiş olduğu propoqanda müharibəsinin göstəricisidir. Bir gün əvvəl ABŞ prezidenti Co Bayden də Rusiyadan köçmüş, daha dəqiqi, məhbusların mübadiləsi çərçivəsində rus casuslarla dəyişdirilmiş dissident Vladimir Kara-Murzanın ailəsini qəbul etmişdi.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ