İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanı hədəfə alan Fransa xaosa yaxınlaşır: Makron tezliklə devrilərək, həbs olunacaq

Belə anlaşılır ki, vaxtilə dünya nəhəngləri sırasında olan Fransanın çöküşünə görə məhz prezident Emmanuel Makron yaxın vaxtlarda cavab verməli olacaq, parlamenti ələ keçirtmiş müxalifət onu bağışlamaq istəmir... Hər halda, yeni fransız diktatora çevrilməyə can atan Fransa prezidentinin zamanı artıq dolmaq üzrədir və kütləvi etiraz dalğasını zorakılıqla yatırtmaq niyyətinə düşərsə, bu, onun sonunu daha tez gətirə bilər...

Avropa Birliyi məkanında siyasi böhranın dərinləşməkdə olduğu müşahidə olunur. Belə ki, “qoca qitə” ölkələri olduqca ciddi maliyyə-iqtisadi problemlərlə üzləşməyə başlayıblar. Bu problemlər isə öz növbəsində sosial-siyasi böhrana yol açır və Avropa dövlətlərinin mövcud hökumətlərini olduqca ağır situasiya ilə üz-üzə buraxır. Xüsusilə də, Avropa Birliyinin aparıcı ölkələrində baş qaldıran kütləvi narazılıq dalğası ultramillətçi siyasi düşərgənin fəallaşması üçün də münbit şərait yaradır. Və belə vəziyyətdə Avropa məkanını daha sarsıdıcı proseslərin gözlədiyi artıq qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, hazırda “qoca qitə”də ən ağır vəziyyətdə olan ölkələrin arasında Almaniya və Fransa ön sırada yer tutur. Belə ki, Almaniya daxili siyasi böhrandan yayınmağın optimal yollarını axtarmaq məcburiyyətində qalıb. Almaniyanın kansleri Olaf Şolts hətta bir müddət öncə Rusiya ilə münasibətləri bərpa etmək istiqamətində ilkin addımların atılması məcburiyyətində belə, qalmışdı. Və alman kanslerin Rusiya prezidenti Vladimir Putinə zəng edərək, iki ölkə arasında Ukrayna savaşı öncəsi münasibətlərə geri dönüşün vacibliyini müzakirə etməsi Qərb siyasi dairələrində həm narahatlıqla, həm də ciddi narazılıqla qarşılanmışdı.

scholz-macron-putin-1786358_2.jpg (35 KB)

Məsələ ondadır ki, Almaniya hazırda Rusiya enerji resurslarına olduqca ciddi ehtiyac duyur. Xüsusilə də, Avropa Birliyi dövlətlərinin ABŞ-dan sıxılmış təbii qaz və ərəb ölkələrindən neft məhsulları almaq məcburiyyətində qalması hazırda maliyyə xərclərini ciddi şəkildə artırıb. Belə ki, həm ABŞ, həm də ərəb ölkələri Avropa məkanına enerji resurslarını Rusiya neft və təbii qazından bir neçə dəfə baha qiymətə satırlar. Bu isə Avropa Birliyi ölkələrini əlavə xərclərlə üzləşdirir, iqtisadi situasiyanı ağırlaşdırır və bahalanma prosesini sürətləndirir. Və bu baxımdan, indi Almaniyanın da Rusiya ilə ənənəvi münasibətlərə qayıdış “pəncərə”si axtarması əslində, mövcud situasiyanın diqtəsi hesab oluna bilər.

Maraqlıdır ki, Avropa Birliyinə dominant liderlik mübarizəsində Almaniya ilə sərt rəqabət aparan Fransa da təxminən eyni situasiya ilə üzləşib. Üstəlik, rəsmi Parisin Rusiya ilə enerji ticarətini hələ də davam etdirməsinin ifşa olunması da Fransanı müəyyən ittihamlara məruz qoymaqdadır. Belə ki, Fransanın dolayısı yollarla Rusiyadan yüz milyard dollar dəyərində enerji resursları idxal etdiyi məlum olub. Və indi rəsmi Paris bütün bunlara daha inandırıcı arqumentlərlə izahat vermək məcburiyyətindədir.

Ancaq Fransanın problemləri yalnız bunlarla da məhdudlaşmır. Belə ki, Makron hakimiyyətinin kobud geopolitik səvhləri ucbatından Fransa Afrika qitəsindən qovulmağa başlayıb. “Qara qitə”də Fransanın müstəmləkəsi hesab olunan bəzi ölkələr artıq rəsmi Parislə münasibətlərinə yenidən baxmağa başlayıblar. Başqa ölkələri ittiham etməyə vərdişli olan Fransa indi Afrika ölkələrinin təbii sərvətlərini talan etməkdə suçlanır. Və ən əsasısa, Afrika dövlətləri bir-birinin ardınca Fransadan öz ərazilərini dərhal tərk etməyi tələb edirlər.

9ecb321dd55d56f3410b92574ef0bf8c.jpg (139 KB)

Onu da qeyd etmək lazımdır ki, bu proses Fransa iqtisadiyyatı üçün sarsıdıcı zərbələr vəd edir. Çünki Fransa iqtisadiyyatı məhz müstəmləkə ölkələrinin təbii sərvətlərinin talan edilməsi üzərində dayanmaqdadır. Əgər, bu talançılıq dayandırılarsa, Fransa iqtisadiyyatının ən qısa zaman intervalında çökə biləcəyi qətiyyən istisna deyil. Və əslində, Fransa iqtisadiyyatının çökmə mərhələsinə keçid etdiyini biruzə verən ilkin əlamətlər də mövcuddur.

Məsələ ondadır ki, Fransa cəmiyyətində Makron hakimiyyətinə qarşı kütləvi etiraz dalğası artıq ən yüksək həddə çatıb. Prezident Emmanuel Makrona etimad artıq ən aşağı səviyyədədir. Prezident Makronun siyasi partiyası əvvəlcə Avropa Parlamentinə keçirilən seçkiləri uduzub. Ardıncasa, Fransa parlamentinə keçirilən seçkilərdə müxalif siyasi qüvvələr qalib gələrək, mütləq üstünlüyü ələ keçirə biliblər. Və indi parlamentə nəzarəti də itirmiş prezident Emmanuel Makron müəyyən mənada, “topal ördək” durumuna düşüb.

Maraqlıdır ki, hazırda prezident Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılmasına yönəlik siyasi proses həlledici mərhələyə yaxınlaşmağa başlayıb. Belə ki, bir müddət öncə Fransa tarixində ilk dəfə olaraq, ölkə parlamenti bir prezidentlə bağlı impiçment araşdırması müraciətini icraata götürüb. Yəni, prezident Emmanuel Makronu impiçment təhlükəsi gözləyir. Əgər, proseslər indiki məzmundan uzaqlaşmazsa, yaxın vaxtlarda prezident Emmanuel Makron vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılan ilk dövlət başçısı kimi Fransa tarixinə düşə bilər. Və bu baxımdan, Makron hakimiyyətinin gələcək taleyi hələlik müəmmalı xarakter daşıyır.

photo_87266.jpg (48 KB)

Fransa baş naziri və hökumətin ölkə parlamenti tərəfindən istefaya göndərilməsi isə əslində, prezident Emmanuel Makron üçün sonun başlanğıcı anlamı daşıyır. Son vaxtlar Fransanı avtoritarizmə sürükləyib, diktatura sisteminə keçid cəhdi göstərən prezident Emmanuel Makronun ətrafında dairə sürətlə daralmaqdadır. Hətta elə situasiya yaranmağa başlayıb ki, tezliklə ermənipərəst Makron hakimiyyətinin dəstəkçiləri sırasında Ermənistan baş naziri Nikol Paşinyandan başqa heç kim qalmayacaq. Və erməni baş nazirin üzərinə “makron” yazılmış göynəyi də Fransa prezidentinə hakimiyyətdə qalmaqda yardım etməyəcək.

Belə anlaşılır ki, vaxtilə dünya nəhəngləri sırasında olan Fransanın çöküşünə görə prezident Emmanuel Makron yaxın vaxtlarda cavab verməli olacaq. Hər halda, yeni fransız diktatora çevrilməyə can atan Fransa prezidentinin zamanı dolmaq üzrədir. Əgər, o, özünə qarşı etiraz dalğasını avtoritar metodlarla, zorakılıqla yatırtmaq niyyətinə düşərsə, bu, hətta prezident Emmanuel Makronu məhkəmə qarşısına və oradan da həbsxanaya da apara bilər. Və bu baxımdan, Fransada ən qısa zamanda hakimiyyət dəyişikliyi prezident Emmanuel Makron üçün hətta indi ən real xilas variantı kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR