İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir millətin iki serialı - nədə geri qalırıq?

Ayaz Salayev: “Təhsili olmayan, “məktəb”" keçməyən şəxslər seriallara çəkilir, ona görə də...”

Türkiyə mədəniyyətinin ən güclü ixrac vasitələrindən biri sayılan seriallar dünya miqyasında rekord qırmağa davam edir. Ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, hazırda türk seriallarının tamaşaçı sayı 1 milyard nəfərə çatıb. Halbuki cəmi bir il əvvəl bu rəqəm iki dəfə az idi.

Nazirin sözlərinə görə, hazırda 170 ölkədə yayımlanan türk serialları Amerika ilə rəqabətdə Türkiyəni dünya kino və televiziya sənayesinin əsas oyunçularından birinə çevirib. Məşhur “Möhtəşəm Yüzil” və ya “Sən çal qapımı” kimi layihələrin izləyiciləri təkcə ekran qarşısında qalmaqla kifayətlənmir, çox vaxt Türkiyəyə səyahət etməyə qərar verir və ölkənin mədəniyyətinə, turizminə daha böyük maraq göstərirlər.

Serialların məzmununda isə müəyyən məhdudiyyətlər mövcuddur, süjetlərdə münasibətlər ənənəvi mənəvi dəyərlərə uyğun şəkildə təqdim olunur, həddən artıq açıq-saçıq səhnələrə və zorakılığa yer verilmir.

Türkiyə ötən il təkcə serialların satışından 500 milyon dollardan artıq gəlir əldə edib. Dünyaya ixrac olunan 300-dən çox serial əsasən Yaxın Şərq və Latın Amerikası tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır.

Azərbaycanda da son illər seriallar çəkilir. Amma nəinki dünya bazarına çıxa bilməyib, heç qonşu ölkələrdə rəğbət qazanmayıb. Ümumiyyətlə, bizim seriallar yerli tamaşaçının da diqqətini gözlənildiyi qədər cəlb etmir. Tənqidçilər səbəbi ssenari, rejissor və aktyor işində, həmçinin maliyyə məsələsində görür.

Yəni ssenari problemi dedikdə, əksər serialların süjeti dayaz, təkrarçılıqla doludur. Mövzular adətən məişət dramlarından, ailədaxili münaqişələrdən o tərəfə keçmir. Yeni və orijinal ideyalar demək olar ki, azdır.

Rejissor və prodüser işində peşəkar yanaşmanın çatışmadığı bildirilir. Çox vaxt seriallar sürətlə və aşağı büdcə ilə çəkilir, nəticədə texniki keyfiyyət də aşağı olur.

Aktyor oyununa gəldikdə, qeyd olunur ki, bəzi aktyorlar serial janrına uyğunlaşmaqda çətinlik çəkir, ifalar süni görünür. Bu da tamaşaçını ekran qarşısında saxlaya bilmir.

Maliyyələşmə çatışmazlığı məsələsi də öndədir. Azərbaycanda seriallara ayrılan büdcə Türkiyə ilə müqayisədə çox azdır. Reklam bazarı da zəif olduğundan, investisiya imkanları məhduddur.

Beləliklə, peşəkar komanda problemi - ssenarist, prodüser, operator, montajçı kimi mütəxəssislərin təcrübəsi kifayət etmir. Əksər gənc yaradıcı kadrlar başqa sahələrə yönəlir və ya xaricə gedir.

Ayaz Salayev: “Kinomuzun bugünkü vəziyyətini...” | Icma.az

Ayaz Salayev 

Mövzu ilə bağlı Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a danışıb. Onun fikrincə, problem təkcə seriallarla məhdudlaşmır: “Bu, kinonun bir çox sahələrinə də aiddir. Səbəb isə odur ki, bu işlə çox vaxt qeyri-peşəkar adamlar məşğul olur. Bizdə çox mühüm bir amil unudulur - təhsil. Təhsil almayan insanlar bu sahəyə gəlir. Halbuki bu, yalnız kino istehsalında deyil, bütün sahələrdə müşahidə olunan ümumi problemdir.

Məktəb görməyən, peşəkar təhsil keçməyən adamlar kino haqqında yazılar yazır. Kinoşünaslıqda olan yazıların bir çoxu elə serial səviyyəsindədir. Yəni “məktəb” yoxdur. Heç kimin ağlına gəlməz ki, tibbi təhsili olmayan birinə etibar edib əməliyyat olunsun. Kino və serial sahəsində də peşəkarlıq eyni dərəcədə vacibdir. Söhbət ilk növbədə bundan gedir.

Serial ümumilikdə məni çox da maraqlandıran məsələ deyil. Çünki serial sənət əsəri sayılmır. Yalnız nadir hallarda serial sənət əsərinə çevrilə bilər. Məsələn, sovet dövründə çəkilmiş “Baharın 17 anı” serialı. Bu, sənət əsəri idi. Niyə? Çünki aktyor ustalığı vardı. O serialda elə bir aktyor oyunu görürsən ki, sadəcə, baxmaqla kifayətlənmirsən, dəfələrlə eyni səhnəni izləyirsən. Orada qəhrəmanların daxili aləmi var idi. Aktyor bir şeyi fikirləşir, başqa şeyi deyirdi. Tamaşaçı aktyorun daxilində gizlənən başqa bir aləmi hiss edirdi - bəzən açılırdı, bəzən yox.

Bizdə isə bir çox serial qəhrəmanları birmənalıdır. Acanda yeyir, soyuq olanda geyinir, yuxusu gələndə yatır. Onların daxili aləmi yoxdur. Çünki bu sahəyə dərin aləmi olmayan insanlar cəlb olunur. Özlərinin daxili zənginliyi olmayan insanlar yaratdıqları qəhrəmanlara da bunu verə bilmirlər".

Ayaz Salayev bununla belə, serialların çəkilməsinin vacib olduğunu vurğulayıb: “Çünki bu, aktyorlar üçün bir məşqdir. Atalar sözü var: "İşləməyən kotan pas atar". Aktyorlar daim məşq etməlidir ki, paslanmasın. Seriallar da onlar üçün belə bir imkan yaradır - işləyirlər, çəkilirlər, təcrübə toplayırlar. Bu baxımdan serialların mövcudluğu vacibdir.

Lakin bir daha qeyd edirəm ki, serial sənət əsəri deyil. Film isə tamamlanmış bir əsərdir. Simfoniya kimi başlanğıcı və sonu olur, bütövlükdə tamamlanır. Serialda isə belə bir tamlıq yoxdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR