Onlayn ictimai-siyasi qəzet
Alyaskada baş tutan Tramp-Putin görüşü ilk baxışda Kreml üçün böyük siyasi-diplomatik uğur təsiri bağışlayırdı. ABŞ-ın Rusiyaya qarşı yeni dağıdıcı sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir ərəfədə bu görüş Rusiyaya qısa müddətlik də olsa, zaman qazandırdı. Belə ki, Ağ Ev sahibi Donald Trampın Rusiyaya qarşı sanksiyaları təxirə salması Kreml üçün həm siyasi, həm də iqtisadi baxımdan, rahat nəfəs alma imkanı idi. Ancaq sonrakı hadisələr göstərdi ki, Kreml öhdəliklərini yerinə yetirmək niyyətində deyil və Alyaska sülh prosesinin iflasa uğraması qaçılmazdır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ üçün uğursuzluq sayıla biləcək bu proses ABŞ-Rusiya münasibətlərində yeni eskalasiya mərhələsinin başlanğıcına çevrilmiş oldu. Belə ki, Tramp administrasiyası indi Rusiyaya qarşı yenidən “dağıdıcı sanksiyalar” paketi hazırlayır. Kreml isə buna cavab olaraq, növbəti dəfə əlində olan sonuncu hərbi-siyasi şantaj vasitəsini - nüvə kartını işə salmağa çalışır. Bu qarşıdurma, bir çox analitiklərin fikrincə, "soyuq müharibə" dövrünü xatırladan yeni bir böhrana doğru sürüklənir.
Maraqlıdır ki, prezident Vladimir Putinin Alyaska görüşündə əsas hədəfi məhz Rusiya üçün əlavə zaman qazanmaq idi. Kreml çox yaxşı anlayırdı ki, ABŞ və Qərbin sanksiya təzyiqi Rusiya iqtisadiyyatı üçün uzunmüddətli təhlükə yaradır. Ona görə də, Kreml ABŞ ilə sülh danışıqlarını imitasiya etmək yolu ilə müəyyən qədər möhlət əldə etməyə çalışdı. Və bu, Kremlin ənənəvi xarakter daşıyan siyasi-diplomatik anlaşmalara sadiq qalmamaq vərdişlərinin eynilə davam etdiyini növbəti dəfə təsdiqləmiş oldu.
Məsələ ondadır ki, Kreml tarixən bu taktikadan dəfələrlə istifadə edib. "Soyuq müharibə" dövründə Kreml və Ağ Ev arasında imzalanmış nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı razılaşmalar keçmiş SSRİ-yə həm texnoloji boşluqları aradan qaldırmaq, həm də iqtisadi çətinliklər fonunda bir qədər rahat nəfəs almaq imkanı vermişdi. İndi Rusiya da bənzər şəkildə vaxt udmağa çalışır. Ancaq əsas fərq ondan ibarətdir ki, keçmiş SSRİ dönəmində əldə olunan razılaşmalar hər halda, real nəticə verirdi. Prezident Vladimir Putinlə əldə olunan anlaşmalar isə daha çox formal xarakter daşıyır. Və Kreml öz öhdəliklərdən yayınmaqla, siyasi manipulyasiyalar ilə məşğul olur.
İnkaredilməz reallıqdır ki, ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını artıq ciddi şəkildə zədələyib. Qərb tərəfindən, Rusiyanın enerji sektoru, bank sistemi, yüksək texnologiyalara çıxış kanalları və müdafiə sənayesi xüsusi hədəfə alınıb. Beynəlxalq Valyuta Fondunun son hesabatına görə, Rusiya iqtisadiyyatı 2022-ci ildən üzü bəri həm investisiya itkisi, həm də ölkədən xaricə kapital axını ilə üzləşib. Avropa bazarının qapadılması Rusiyanı enerji ixracında Asiya istiqamətinə yönəltsə də, bu, itkilərin yalnız bir qismini kompensasiya edə bilir.
Digər tərəfdən, Rusiyanın Çin və Hindistanla enerji əməkdaşlığı müəyyən sabitlik gətirsə də, Qərb texnologiyalarına çıxışın məhdudluğu onun uzunmüddətli inkişaf perspektivlərini zəiflədir. Əlavə olaraq, Rusiya büdcəsinin artan hərbi xərclərlə yüklənməsi də sanksiya təzyiqinin təsirini daha da ağırlaşdırır. Tramp administrasiyasının Alyaska görüşünün iflasından sonra hazırladığı “dağıdıcı sanksiyalar” paketi isə Kremlin mövcud iqtisadi manevr imkanlarını tamamilə daralda bilər. Və bu, yalnız enerji sektorunu deyil, həm də maliyyə sistemini, eləcə də Rusiya hakimiyyət elitasının xarici aktivlərini hədəf alır.
Ona görə də, Kreml Rusiyaya qarşı yeni sanksiya dalğasını bloklamaq məqsədilə ABŞ və Qərbə xəbərdarlıq mesajı vermək üçün əlində qalan sonuncu ən güclü "kart"dan - nüvə silahlarını istifadə etməyə çalışır. Belə ki, bir müddət öncə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ı nüvə zərbəsi ilə hədələmişdi. İndisə, prezident Vladimir Putinin Rusiyanın Sarov şəhərinə – keçmiş SSRİ-nin ilk atom bombasının hazırlandığı mərkəzə səfər etməsi qətiyyən təsadüfi deyil. Orada keçirilən qapalı iclasda əsas müzakirə mövzusunun nüvə başlığı daşıyan “Burevestnik” raket sisteminin olması Kremlin ABŞ və Qərbə dolayısı təhdid mesajı sayılır. Və bu, o deməkdir ki, Rusiya hələ də qlobal məkanda nüvə şantajını siyasi alət kimi istifadə edir.
Onu da qeyd etmək lazımdır ki, “Burevestnik” layihəsi Qərb siyasi dairələrində ciddi narahatlığına səbəb olub. Çünki “Novaya Zemlya” poliqonunda aparılan sınaqlar dəfələrlə uğursuz nəticələnib. ABŞ-da yerləşən "Middlebury" Beynəlxalq Araşdırmalar İnstitutunun mütəxəssislərinə görə, indiyədək həyata keçirilən ən azı 13 sınaqdan yalnız ikisi qismən uğurlu olub.
“Burevestnik” ilə bağlı 2019-cu ildə Barents dənizində baş verən qəza zamanı isə yeddi nəfər həlak olub, Nəticədə radiasiya buludu Skandinaviya ərazisinə qədər yayılıb. Ona görə də, amerikalı hərbi ekspertlər bu raketi “uçan Çernobıl” adlandırırlar. Çünki nüvə yanacağı ilə işləyən belə bir sistemin uğursuzluğu region üçün böyük ekoloji fəlakətlər yarada bilər. Bu baxımdan, “Burevestnik” layihəsinin siyasi şantaj aləti kimi istifadəsi Kremlin əlində əslində, etibarlı deyil, daha çox riskli bir təzyiq vasitəsidir.
Təbii ki, Ağ Ev də Kremlin bu nüvə təhdidlərini cavabsız buraxmır. Tramp administrasiyası Dmitri Medvedevin bəyanatından dərhal sonra iki strateji nüvə sualtı qayığını Rusiya sərhədlərinə yaxın ərazilərə göndərdi. Bu addım ABŞ-ın nüvə şantajını ciddi qəbul etdiyini və öz nüvə gücünü nümayiş etdirməyə hazır olduğunu göstərdi. Bu qarşıdurma "soyuq müharibə"nin ən təhlükəli epizodlarından biri olan 1962-ci il Karib böhranını xatırladır. Hər iki tərəf nüvə arsenalını nümayiş etdirir, ancaq birinci atəş açmaq riskinə girmir. Nəticədə münasibətlər daha çox “qarşılıqlı qorxu balansı” üzərində qurulur.
ABŞ-ın nüvə şantajına qətiyyətli reaksiya verməsi Kremlin strateji manevr imkanlarını daraldır. Alyaska görüşü Kremlə qısa müddətlik üstünlük qazandırsa da, Tramp-Putin anlaşmalarının pozulması nəticəsində Rusiyanın bu taktikası da iflasa uğramış oldu. İndi ABŞ-ın sanksiya mesajları Rusiyaya qarşı strateji təhdid alətinə çevrilir. ABŞ və Avropa Birliyinin yeni sanksiya paketləri Rusiya iqtisadiyyatının zəif nöqtələrini daha dərindən hədəfə ala bilər.
Digər tərəfdən, Kremlin "nüvə kartı"nın effektivliyi azalır. “Burevestnik”in uğursuz sınaqları və radiasiya riskləri Rusiyanın nüvə şantajını daha az inandırıcı edir. Bununla belə, ABŞ və Rusiya arasında yeni eskalasiya dövrü başlanmış kimi görünür. Alyaska prosesinin iflası ilə ABŞ-Rusiya münasibətləri kompromis deyil, məhz qarşılıqlı təzyiqlər üzərində formalaşmağa başlayıb. Və bu, Rusiya üçün daha təhlükəli, əlverişsiz mərhələnin qaçılmaz olduğunu birmənalı şəkildə təsdiqləyir.
Belə anlaşılır ki, prezident Vladimir Putin Alyaska görüşündə qısamüddətli siyasi dividendlər qazandı. Çünki Ağ Ev sahibi Donald Trampı növbəti dəfə aldatmaqla, Rusiyaya qarşı sanksiyaların müvəqqəti də olsa, təxirə salınmasına nail oldu. Ancaq bu taktiki manevr Rusiyaya strateji üstünlük qazandırmadı. İndi isə Kreml həm iqtisadi sahədə ağır təzyiqlə, həm də "nüvə kartı"nın riskli istifadəsi ilə üz-üzədir.
Hər halda, “Burevestnik” kimi qeyri-sabit hərbi layihələrin gündəmə gətirilməsi Kremlin alternativ variantlarının tükənməkdə olduğunu göstərir. ABŞ isə sanksiyalar və hərbi təzyiq vasitəsilə Rusiya üzərində üstünlüyünü qorumaq imkanlarına malikdir. Bütün bunlar "soyuq müharibə" dövrünü xatırladan yeni qarşıdurma mərhələsinin formalaşdığını təsdiqləyir. Və ən əsası isə prezident Vladimir Putin Rusiyanı "fəlakət ssenari"sindən yayındırmaq üçün barmağını "nüvə düyməsi"ndə hazır saxlamaqdan başqa çıxış yolu tapa bilmir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ