Onlayn ictimai-siyasi qəzet
Amerika qoşunlarının Əfqanıstandan çıxarılması şəraitinin araşdırılması 2026-cı ilin ortalarına qədər yekunlaşacaq.
Musavat.com xəbər verir ki, məlumatı Ağ Evdə prezident Donald Trampla birgə jurnalistlərin suallarını cavablandıran ABŞ-ın müdafiə naziri Pit Heqset açıqlayıb: "Mən 2026-cı ilin ortalarına qədər istintaqın başa çatacağını gözləyərdim. Bu, bizim işə nə qədər hərtərəfli yanaşmağımızla bağlıdır. Ümid edirəm ki, bu, baş verəcək, biz dəqiq nə baş verdiyini anlamaq üçün hər şeyi öyrənəcəyik".
Onun sözlərinə görə, may ayında başlanan ilkin araşdırma “daha dərin araşdırma tələb olunduğunu” açıq şəkildə göstərib: "İstintaqı mətbuat katibi, Əfqanıstanda Amerika qoşunlarının veteranı olan Şon Parnel aparır. Bu, bizim üçün prioritet məsələdir".
May ayında Heqset 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının şərtlərini araşdırmaq üçün komissiya yaradılması barədə göstəriş verib. Eyni zamanda o, 2021-ci il avqustun 26-da Kabil hava limanında törədilən terror aktı nəticəsində 13 hərbçi və 170 mülki şəxsin həlak olduğunu xatırladıb.
14 aprel 2021-ci ildə ABŞ-ın o zamankı prezidenti Co Bayden Amerika tarixində ən uzun xaricdə hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqlayıb. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlayıb. 2010-2013-cü illərdə əməliyyatın pik nöqtəsində Əfqanıstandakı Qərb qüvvələrinin sayı 150 min nəfəri keçib. Amerika qoşunlarının çıxarılması 2021-ci ilin mayında başlayıb.
Taliban hərəkatı ABŞ qoşunlarını çıxarmaq niyyətini elan etdikdən sonra Əfqanıstana nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqust 2021-ci ildə Əfqanıstan prezidenti Əşrəf Qani xaricə qaçıb və Taliban döyüşsüz Kabilə girib. ABŞ qoşunları 2021-ci ilin sentyabr ayının əvvəlinə qədər Əfqanıstanı tamamilə tərk edib.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ