Onlayn ictimai-siyasi qəzet
Almaniya Federal Mülki Müdafiə və Fəlakət Yardımı İdarəsinin sədr müavini Rene Funk, Alman mətbuatına verdiyi açıqlamada, Almaniyada hər evdə ehtiyat tədbiri olaraq ən azı üç günlük təcili yardım ləvazimatları və ərzaq saxlanılmasının vacib olduğunu vurğulayıb.
Funk, beynəlxalq gərginliklərin və kibertəhdidlərin artması səbəbindən bu cür hazırlıqların zəruri hala gəldiyini qeyd edib. O, vətəndaşlara çağırış edərək deyib:
"Uzunmüddətli elektrik kəsintiləri də daxil olmaqla fövqəladə vəziyyətə hazır olun. Hər gün çoxlu sayda hibrid hücumlarla qarşılaşırıq."
Funk, hər bir fərd üçün gündəlik ən azı 1,5 litr su ehtiyatının saxlanılmasını tövsiyə edib və konservləşdirilmiş qidaların əhəmiyyətindən bəhs edib.
Almaniya Federal Mülki Müdafiə və Fəlakət Yardımı İdarəsinin ölkədəki potensial böhranlara və fəlakətlərə cavab vermədə əsas rol oynadığı, risk analizləri apardığı və xalqı lazımi hazırlıqlar barədə xəbərdar etməkdən məsul olduğu bildirilib.
Son tövsiyə, Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələrdən gələn artan kiberhücumlarla bağlı mediada yayımlanan xəbərlərdən sonra verilib.
Bu hücumların elektrik şəbəkələri, internet, ərzaq təchizatı, nəqliyyat şəbəkələri və ictimai təhlükəsizlik sistemləri kimi kritik infrastrukturu idarə edən şirkətlər və dövlət qurumlarını hədəf aldığı qeyd olunub.
Alman mətbuatında yayımlanan xəbərlərə görə, Rusiya dövlət nümayəndələrinin Avropa miqyasında dəmir yolu xətləri, elektrik dirəkləri və dənizaltı kabelləri hədəf alan çoxsaylı sabotaj hallarında şübhəli olduğu iddia edilib.
Moskva isə bu iddiaları Rusiyanı nüfuzdan salmağı hədəfləyən əsassız ittihamlar kimi rədd edib.//Milli.Az
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ