İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...

Berlin platforması Brüssel və Vaşinqton formatlarının uğursuz taleyini yaşayacaq?

“Təbii ki, insanlıq ölçüləri bütün hallarda bərabərdir, lakin beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ərazisində yerləşir və heç bir halda Rusiyanın başqa bir ölkənin suveren ərazisində açdığı təcavüzkar müharibə ilə müqayisə oluna bilməz”.

Bunu Almaniyanın Ermənistandakı səfirliyində keçirilən mətbuat konfransında Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker deyib.

Yerli jurnalistlər alman deputata Almaniyanın Qarabağ erməniləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək təşəbbüsü ilə çıxış edib-etməyəcəyi barədə təxribatçı sual ünvanlayıblar. “Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqın kimidirlər, Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, - deyə Vinkelmeyer-Bekker söyləyib.

Bəs bunu rəsmi Berlinin Azərbaycana münasibətdə davamlı və pozitiv mövqe dəyişikliyi saymaq olarmı? Bu nədir - situativ reverans, yoxsa?.. 

Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. O, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb.

“Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”, - Azərbaycan rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın son günlərində Berlində uzun fasilədən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş olub. Almaniyanın sülh prosesinə real töhfə şansı nə dərəcədə realdır, yoxsa onu da ABŞ-ın, Fransanın aqibəti gözləyir?

Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq

Elşən Musayev 

Milli Məclisin deputatı Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki,  Vinkelmeyerin mətbuat konfransında söylədiyi fikirlərini, onun müəyyən mənada neytrallıq nümayiş etdirməsini və təxribatçı suallardan yayınmasını müsbət məqam kimi qiymətəndirə bilərik: “Eyni zamanda rəsmi Berlinin ümumilikdə son zamanlar sərgiləmiş olduğu mövqeni də  təqdirəlayiq hal hesab etmək olar. Sadəcə, məsələ burasındadır, Şvabe kimi ədalətsiz təmsilçilər, Bundestaqda Azərbaycan əleyhinə fikir söyləyən bir sıra deputatlar da almandır və arzu edərdik ki, Almaniya dövlətinin  hazırda nəzərəçarpan pozitiv addımları onların da düzgün və adekvat fəaliyyət göstərməsinə, ədalətli qənaət hasil etməsinə öz təsirini göstərsin.

Təbii, hazırkı situasiyada Almaniyanı Amerika və Fransa ilə tay tutmaq, eyniləşdirmək olmaz. Hətta onların indiki mövqeyi reverans xarakterlidirsə belə... Çünki ələlxüsus da Fransanın hazırda elədiyi riyakarlıqları kimsə eləmir, Fransanın Qarabağ mövzusundakı absurd və ədalətsiz mövqeyini kimsə sərgiləmir. Amerika isə necə deyərlər, “pambıqla baş kəsməklə” məşğuldur və xarici siyasətlərində də yalnız özlərinə sərf edən, öz maraqlarını təmin edən istiqaməti prioritet kimi qəbul edirlər.

Ona görə də bir daha təkrar etmək istəyirəm ki, ən azından indiki situasiyada Almaniyanı digərlərindən fərqləndirmək lazımdır. Eyni zamanda o arzuya köklənmək gərəkdir ki, bu fərqlilik yaxşı anlamda bundan sonra da davam edəcək və Almaniya bölgədəki hadisələrə münasibətdə öz ədalətli mövqeyi ilə seçiləcək".

Guya demokratiya ilə bağlı ciddi problemlərin olduğunu deyənlər…” – Aydın  Quliyev – Yeni Çağ Media

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, Almaniya hakimiyyətində Azərbaycanın ərazi bütövlüyü və süverenlik naminə apardığı mübarizənin mahiyyətinin obyektiv başa düşülməsi yaxşı haldır. Almaniyanın Bakı-İrəvan sülh danışıqlarını irəli aparmaq təşəbbüsləri də yaxşıdır. Sülh prosesi bu anadək dalana girib: “Moskva formatında danışıqları Ermənistan istəmir, Avropa Birliyi və Fransanın qərəzli mövqeyi Brüssel formatını gözdən saldı, Şarl Mişel  yol üstündə olduğu üçün əvvəlki ürəklə çalışmır, ABŞ diplomatiyası  isə erməni lobbisinin təsirinə uyduğu üçün Azərbaycanın etimadını itirib. Yaranmış bu boşluqda Almaniyanın fəallaşması lap yerinə düşür. Şoltsun səyləri ümid yaradır ki, sülh prosesi hərəkətə gəlsin. Lakin Almaniyanın sülh təşəbbüslərinə mane olan müəyyən amillər var.

Əvvəla, Şoltsun timsalında federal hökumət Bakı-İrəvan sülhünə çalışdığı halda, Almaniyanın AŞ PA və Avropa parlamentindəki deputatları Azərbaycana qarşı  düşmənçilik işi aparırlar. Almaniyanın Avropa qurumlarındakı  deputatları Ermənistanı müharibəyə təhrik edənlərə dəstək verirlər. Sülh prosesinə Almaniyadan ikili yanaşma görürük. Almaniya hakimiyyəti daxilində  Qafqaz   məsələsinə ziddiyyətli mövqelər var. Bu vəziyyət Almaniyanın sülh prosesini sonadək sabit yürüdə biləcəyini qətiyyətlə söyləməyə mane olur. Ancaq indiki halda deməliyik ki, həqiqətən Almaniya özünün sülh təşəbbüslərində səmimidir. ABŞ, Fransa 30 il ərzində Almaniyanı Qarabağ münaqişəsinin həlli prosesinə buraxmadılar, özləri də yarıtmadılar və sonda Qafqazda hörmətlərini itirdilər.

Bu mənada Almaniya indiki şansa fürsət kimi baxır. Almaniya 30 il Qarabağ məsələsində pozucu rol oynamış ABŞ və Fransaya nümunə göstərmək istəyir".

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə isə bildirdi ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra davamlı olaraq Almaniya ilə münasibətlərin yaxşılaşdırılmasına səy göstərib: "İki ölkə arasında bir çox iqtisadi, siyasi, mədəni tədbirlərin birgə keçirilməsinə dair yaxşı nümunələr mövcuddur. Bu da təbiidir, çünki Almaniya Avropanın aparıcı, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biridir və Azərbaycanın bu dövlətlə əlaqələrin genişləndirilməsinə böyük önəm verməsi təsadüfi deyil. Düzdür, son aylarda xüsusən də antiterror tədbirləri uğurla həyata keçirildikdən sonra Avropa ölkələrində anti-Azərbaycan təbliğatı Almaniyadan da yan keçmədi. Bu prosesdə Almaniyanın siyasi dairələri də bu və ya digər şəkildə iştirak etdilər. Ancaq son günlərdə Almaniyanın hakim dairələrinin reallıqları dərk edərək, Azərbaycana qarşı münasibətdə dönüş etdikləri də ortadadır. 

Görünən odur ki, Almaniya öz səhvlərinə müəyyən qədər düzəliş edib və münasibətlərin yaxşılaşdırılmasına səy göstərir. Elə iki gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş də bunun bariz sübutudur. Həmin görüş bir sıra mühüm mesajlarla yadda qaldı. 

Prezident görüşdə Fransa, ABŞ və Rusiyanın 30 illik fəaliyyətsizliyi haqda da danışdı və bir daha bəyan etdi ki, 30 il ərzində həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Rusiyanın yeni reallıqları qəbul etdiyini amma ABŞ və Fransanın hələ də səhv mövqedə olduqlarını deyən dövlət başçısı konkret və ünvanlı şəkildə ABŞ və Fransanı səhv mövqedən geri çəkilməyə çağırdı. Prezident bəyan etdi ki, əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Azərbaycan bölgənin açar dövlətidir və ölkəmizin regional proseslərdə aparıcı rolu nəzərə alınmadan, bu və ya digər qütbün, xüsusilə də bölgədənkənar qüvvələrin Cənubi Qafqazda maraqlarının uzlaşdırılması, balanslaşdırılması, yaxud təmin edilməsi mümkün deyil. Almaniya da bu reallığın fərqindədir. 

Almaniya ilə əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün, xalqların xoşbəxtliyi üçün vacibdir və Prezidentimiz də bunu dəfələrlə qeyd etmişdir. Sözsüz ki, Almaniya rəsmləri ilə keçirilən son görüş də reallıqların çatdırılması, nailiyyətlərimizin təsdiq olunması baxımından əhəmiyyətli görüş oldu. Almaniya sülh danışıqlarında Berlin platformasının Brüssel və Vaşinqton platformalarının uğursuz taleyini yaşamasını istəmirsə tərəf tutmamalı, ədalətli və həqiqi sülh tərəfdarı kimi çıxış etməlidir. Əks halda, Berlin platforması da nəticəsiz platforma kimi kənara qoyulacaq". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR