Onlayn ictimai-siyasi qəzet
Almaniyada parlament (Bundestaq) seçkiləri keçirilib. Sayılan səslərin nəticələrinə əsasən, Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı 34.1, Elis Vaydelin lideri olduğu Almaniya üçün Alternativ (AFD) 23.3% səs əldə edib. Hazırki kansler Olaf Şoltsun lideri olduğu Almaniya Sosial Demokrat Partiyasının (SPD) səsi isə 13.7%-ə enib. Beləcə, ifrat sağçı AfD 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq 20,8%-ə çatdıraraq, öz tarixində ilk dəfə ikinci olub.
Qeyd edək ki, Almaniyanın növbəti kansleri olacaq Fridrix Mers 2022-ci ildən etibarən XDİ-nin rəhbəridir. O, 1990-cı illərin sonlarından 2000-ci illərin əvvəllərinə qədər Almaniya Parlamentində (Bundestaq) çalışıb və partiyada müxtəlif vəzifələr tutub. Mers daha konservativ bir liderdir və iqtisadi liberalizm, vergilərin azaldılması və dövlətin müdaxiləsinin azaldılması mövzularında daha sərt yanaşma ilə fərqlənir. O, həmçinin Avropa siyasəti və təhlükəsizliyi məsələlərində sərt mövqeyə sahibdir və miqrasiya məsələlərində də sərt mövqe tutur.
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Almaniya Bundestaqına keçirilmiş seçkilərin nəticələrinin proqnozları aylar öncə verilirdi və nəticə deyilənlər kimi oldu: “Olof Şoltsun liderlik etdiyi Sosial Demokrat Partiyasının son iki ildə nüfuz itirməsi sürətlənmişdi. Əvəzində sağ mərkəz və sağ partiyaların şansları yüksəlmişdi. Adətən sosial siyasət aparan partiyalara dəstək verən alman seçicisinin fikir dəyişikliyi daha ciddi problemlərin olmasından xəbər verir. Xüsusilə ölkədə ciddi narazılıq yaradan miqrant probleminin həll olunmaması, iqtisadi göstəricilərin aşağı düşməsi ənənəvi olaraq sosial demokratlara səs verən secicilərin sağlara səs verməsi ilə nəticələndi”.
Siyasətçi hesab edir ki, son nəticələrə görə yeni dönəmdə fərqli Almaniyanı görə biləcəyik: “Əslində ABŞ administrasiyası Almaniya üçün Alternativ Partiyasının qazanmasını arzulayırdı və bunu gizlətmirdilər. Prezident Tramp isə şəxsən bu partiyaya və onun liderinə böyük hörmət bəslədiyini bildirirdi. Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Avropa İttifaqını aşağılayan çıxışı olmasaydı, millətçilər daha çox səs toplaya bilərdilər. Hətta birinci partiya olmaq şansları da var idi. Məhz məlum çıxışdan sonra bir xalq olaraq özünü hər zaman yüksəkdə görən və hörmət edən almanların bir hissəsi son günlər fikir dəyişdirdilər. Amma yenə millətçilər səslərini artırdılar.
Hazırda böyük ehtimalla hökuməti xristian demokratlar formalaşdıracaqlar. Aşağı-yuxarı oxşar seçici kütləsini bölüşən Almaniya üçün Alternativ Partiyasının xristian demokratların hökuməti formalaşdırmasına səs vermə imkanları var. Yeni kansler olması gözlənilən Frirdix Mertz hələ seçkidən öncə bildirmişdi ki, hakimiyyətə gəlib Angela Merkelin siyasətini davam etdirəcək. Bu isə Almaniya üçün Avropada güclü dövlət, güclü iqtisadiyyat, müstəqil siyasət deməkdir. Yəni ABŞ Almaniya münasibətlərində tərəfdaşlıq olacaq, amma tərəfdaşlıq ilk növbədə Almaniyanın milli maraqlarına xidmət edəcək. Nəzərə alınmalıdır ki, xristian demokratlar ABŞ-dakı Respublikaçıların ənənəvi müttəfiqidirlər, Senatda və Konqresdə onları mütəmadi dəstəkləyən respublikaçı siyasətçilər çoxdur. O səbəbdən hesab edirəm ki, ABŞ administrasiyası Şoltsa olan münasibəti yeni hökumətə bəsləməyəcək və onunla işləyəcək".
Analitik hesab edir ki, yeni hökumətin başçısı olması gözlənilən Fridrix Mertz Ukrayna-Rusiya müharibəsində Ukraynanı dəstəkləyəcəyini bəyan edib: “Beləliklə, deyə bilərik ki, Avropa siyasətində yeni bir səhifənin açılması gözlənilir. Yeni yaranacaq hökumətin Rusiyaya münasibətinə gəlincə isə Rusiya üçün heç nə dəyişməyəcək. Doğrudur, keçən parlamentdə də Rusiya ilə əlaqələrin bərpa olunmasna çağıran populist partiyalar var idi. Amma bu dəfə onlardan sosialistyönümlü sol partiya parlamentə düşə bilər ki, onlar bundan sonra Bundestaqda qərarlara təsir edə bilməyəcəklər”.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, neo-nasistlər Almaniya siyasətində əvvəlki dövrlə müqayisədə iki dəfə artıq təsir imkanlarına malik olacaqlar: “Almaniya Avropanın lokomotiv gücüdür və bu gücün siyasət prioritetləri ümum-Avropa siyasətinin gələcək istiqamətini müəyyən etməyə ehtimal verir. Məsələn, Olaf Şoltz dövründə Almaniya siyasəti passivliyi ilə yadda qaldı. O, Rusiya ilə müharibədə Ukraynaya dəstək olmağa tələsmirdi. Lakin biz yeni seçilən kansler Fridrix Mertzin daha kəskin qərarlar verə biləcəyini görürük. O, daha öncə Şoltzu tənqid edərək Ukraynaya uzaqmənzilli Taurus raketlərini verməyi tələb edirdi. Həmçinin hazırda Avropa ordusunun Ukraynaya göndərilməsindən bəhs olunur. Görünür, yeni Almaniya hakimiyyəti bu istiqamətdə təşəbbüsləri cəmləyə bilər.
Beləliklə, yeni Almaniya hakimiyyətinin Avropa siyasəti üçün yeri bir era başladacağı və ABŞ-la daha çox uzlaşdırıcı siyasət yürüdəcəyi təxmin oluna bilər. Görüntüyə görə, ABŞ Avropadan “imtina edir”, əslində isə məhz ABŞ-ın təşviqi ilə Avropa hərbi olaraq konsolidə olmağa başlayır və bu dönəmdə Almaniya liderliyi ələ almağı planlaşdırır. Bu, qarşıdakı dövrdə Aİ-nin hərbi büdcə xərclərini artırmasına və qlobal miqyasda müdaxilələri gücləndirməsinə gətirib çıxaracaq. İlk etap NATO-nun iyun sammitidir ki, bunadək Almaniyanın öz büdcəsində hərbi xərcləri 2%-dən 3%-ə yüksəltməsi gözlənilir. Bu, II Dünya müharibəsindən sonra formalaşan dünya nizamının sonu deməkdir. Bilirik ki, iki dünya müharibəsinə səbəb olan Almaniyanın 1945-ci ildən sonra hərbsizləşdirilməsi qərarlaşdırılmışdı. Daha sonra müəyyən dərəcədə hərbi imkanlarını artıran Almaniya, indi dünyanın artan hərbi yarış trendi ilə ayaqlaşmağa məcburdur. Odur ki, bu, Almaniyanın gələcək dünyəvi iddialarına da qapı aça bilər. Nəzərə alsaq ki, Almaniyada neonasist partiyası da güclənib. Belə ki, AfD seçkilərdə ikinci yerə çıxıb. Bu, o deməkdir ki, neonasistlər Almaniya siyasətində əvvəlki dövrlə müqayisədə iki dəfə artıq təsir imkanlarına malik olacaqlar.
Bu partiyanın Azərbaycana münasibətdə davranışlarına baxsaq, ehtimal edə bilərik ki, vaxtilə 44 günlük müharibənin gedişində Qarabağa qeyri-qanuni səfər edərək keçmiş qondarma rejimin rəhbərliyi ilə görüşən, ölkəmizə qarşı çoxsaylı çağırışlar edən partiya nümayəndələri gələcək Azərbaycan-Almaniya və hətta Azərbaycan-Aİ münasibətlərinin inkişafı önündə ciddi əngəllər yarada bilərlər. Miqrasiya sahəsində AfD-nin CDU ilə ortaq mövqeyə gəlməsi göstərir ki, bu iki partiya müəyyən məsələlərdə ortaq siyasət inşa edə bilir. Məhz AfD-nin təsiri ilə yeni alman hökumətinin qarşıdakı dövrdə anti-Azərbaycan siyasətini gücləndirməməsi üçün ölkəmizin yeni hökümətlə daha dərin işləməsi arzu olunandır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ