Onlayn ictimai-siyasi qəzet
Bundestaqın cümə günü qəbul etdiyi Almaniyanın 2025-ci il büdcəsi alman ordusunu məyus edib.
Musavat.com xəbər verir ki, deputatlar müdafiə xərclərinin 6 milyard avro artırılmasının əvəzinə əvvəllər nəzərdə tutulmuş vəsaitdən cəmi 1,2 milyard artıq vəsait ayırıblar.
Almaniya Silahlı Qüvvələrinin baş komandanı Karsten Broyer “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində qarşıdakı illərdə müdafiə xərclərinin artacağını gözlədiyini bildirib. Onun sözlərinə görə, Rusiya 2029-cu ildən sonra NATO ilə birbaşa savaşa bilər, buna görə də çəkindirmə vacibdir.
“Rəsmi Moskva hazırda Ukraynaya qarşı müharibə üçün lazım olandan qat-qat artıq imkanlar yaradır. Rusiya silahlı qüvvələri əsgərlərinin sayını bir milyon yarıma çatdırmağı planlaşdırır ki, bu da bütün Avropa İttifaqından çoxdur. Bundan başqa, Rusiya ildə təxminən 1000-1500 tank istehsal edir. Avropadakı ən böyük 5 NATO ordusuna baxsaq, görərik ki, Rusiyanın bir il ərzində istehsal etdiyi tankların ancaq yarısı onların sərəncamındadır”, - deyə alman baş komandan xəbərdarlıq edib.
Qeyd edək ki, 2025-ci il üçün qəbul edilmiş büdcə planında ilkin olaraq müdafiə xərclərinə 52 milyard avro nəzərdə tutulurdu. Almaniyanın müdafiə naziri Boris Pistorius 6 milyard artım tələb edib. Sosial-demokrat nazir büdcənin cəmi 1,2 milyard avro artırılması qərarına da sərt şəkildə qarşı çıxıb.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ