İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər yenidən toplaşdılar - bu dəfə tarixi müzakirə edirlər

Xəzər Universitetində Üçüncü Türkçülük Çalışmaları elmi konfransı keçirilir.

Musavat.com xəbər verir ki, konfrans Türkçü Düşüncə Birliyinin təşkilatçılığı ilə baş tutur.

Adından da göründüyü kimi, üçüncü dəfə keçirilən konfransın budəfəki mövzusu “Keçmiş tariximiz və indiki tarixçiliyimiz”lə bağlıdır.

Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı açılış nitqində müxtəlif dövrlərdə tarixə münasibət məsələsinə diqqət çəkib:

“Tarix elminə münasibəti, elm adamlarının tarixlə bağlı çıxışlarını təbii ki, hər zaman birmənalı dəyərləndirmək mümkün deyil. Tarix boyu baş verən saysız-hesabsız hadisələrə, mərhələlərə fərqli yanaşmalar olub, obyektiv və subyektiv yanaşma sərgilənib. Üçüncü Türkçülük Çalışmalarının budəfəki mövzusu tarixlə bağlıdır. Xəzər Universiteti bu və bu kimi digər elmi tədbirlər üçün hər zaman dəstək göstərməyə hazırdır”.

Professor Nəsib Nəsibli məruzəsində xatırladıb ki, İkinci Türkçülük Çalışmaları konfransının məruzələri toplanıb və 28 məqalədən ibarət toplu şəklində nəşr edilib. Professor Üçüncü Türkçülük Çalışmalarının nəyə görə məhz tarixə həsr olunduğuna aydınlıq gətirib:

“Üçüncü konfransın tarixə həsr olunmasının əsas səbəbi budur ki, tarix milli kimlik üçün son dərəcədə önəmlidir. Bərbad halda olan millətin tarixi bilgiləri də bərbad olur. Millət anlayışının sonsuz tərifi var, nə qədər millət varsa, o qədər də tərifi var. Çünki ilk növbədə millətlərin formalaşması prosesi fərqlidir. İkincisi, milli marağın tələb etdiyi şəkildə ortaya qoyulur”.

Sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, yazıçı Sabir Rüstəmxanlı isə vurğulayıb ki, dünyanın hər bir xalqı ilk növbədə öz kökünü öyrənir:

“Kökünü bilməyən xalqın gələcəyi yoxdur. Hətta kiçik xalqların belə özünə qayıdışı bir prosesdir. Görünür, bu, bugünkü dünya üçün çox xarakterik məsələdir. Biz bundan kənarda qala bilmərik. Bugünkü konfransın Zəki Vəlidi Togana həsr olunması Türkiyə və Azərbaycan tarixçiliyinin yaxınlaşması baxımından son dərəcədə önəmlidir”.

Üçüncü Türkçülük Çalışmaları məruzələrlə davam edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR