Onlayn ictimai-siyasi qəzet
Görünür, doğrudan da vəziyyət bizim düşündüyümüzdən daha ağırdır. Buyurun, sizə bir cümlə göstərirəm: “Qadınlar boşanırlar ki, aliment alıb onunla dolansınlar”. Sanki ər qapazı, şiddət, söyüş altında da, zorla ailədə qalmağa borcludurlar. Guya boşanaraq pul əldə edirmişlər. Sanki ölkəmiz qanuni və qeyri-qanuni milyarderlərlə aşıb-daşır. Halbuki qəpik-quruş olan o alimenti çoxları ala bilmir, “ər”, “ata” adlanan tiplər adətən işsizlik adıyla aradan çıxırlar, hüquq orqanlar izlərini də tapmır.
Ancaq xoruzun quyruğu təkcə burada görünmür, ardı da var: “Bizə Avropa dəyərləri lazım deyil, bizim öz milli dəyərlərimiz var”. Yəni kişi arvadı eşşək balası kimi çırpsa da boşanmaq olmaz. Lap vurub öldürsün. Əsas milli dəyərdir.
Yaxşı, hörmətli oxucuları intizarda qoymaq istəmirəm və yuxarıdakı tragikomik açıqlamaların müəllifini yazıram: Sədaqət Qəhrəmanova. Acınacaqlıdır. Qadınları ən azı həmcinslik baxımından müdafiə etməli qadın onları bədbəxt olduqları üçün qınayır.
Hələ, durun. Bitmədi. Mövzunun lap ağır hissəsini yazıram: Qəhrəmanova bizim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (el arasında Arvad-uşaq komitəsi) sədr müavinidir.
Yenə təkrar yazıram. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini azərbaycanlı qadınları “aliment almaq üçün boşanmaq” kimi absurd ittihamla suçlayır.
Öz yerində olmayandan, başqa söz eşitməzdik. Ad-soyad tanış gəldi, internetdə baxdım və yadıma düşdü ki, Qəhrəmanova 1995-2005 arasında, 10 il Əli Bayramlının, indiki Şirvanın icra başçısı işləyib. Ancaq ondan qabaqkı “həyat və yaradıcılığı” daha zəngin və mənalıdır. Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri, Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə, şəhər Partiya Komitəsində təlimatçı, Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi və sairə. Bütün şüurlu həyatını sovet-kommunist nomenklaturasına sədaqətlə xidmətdə keçirmiş adamı müstəqil respublikanın mühüm idarəsinə müavin qoyursansa, ayrı nə eşidəcəksən? Sədaqət xanım haqlıdır. Sovet vaxtı qadınlar boşanmırdı. Partiya buna icazə vermirdi. Arvadı döymək də sərbəst idi.
Yeganə təskinliyimiz ondadır ki, hazırda dünyanın hər yerində oxşar adamlar hökumətlərdə vəzifə tutur. Kimsə bizdən yaxşı olsa, ürəyimiz paxıllıqdan partlayardı.
Məsələn, mən bugünlərdə ABŞ-dan bir nəfər vəzifəli yoldaşın açıqlamasını gördüm, insan həyasızlığının limitsiz, sonsuz olması haqda məşhur aforizmin düzgünlüyünə bir daha əmin oldum. Söhbət Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçi görəvinə namizəd irəli sürdüyü Kit Kelloq-dan gedir.
İzah edim. Təzəlikcə Ukrayna xüsusi xidmətləri Moksvada bir rus generalı partladıb öldürdülər. General kimyəvi silah, radiasiya-filan işlərinə baxırdı. Müharibə gedirsə, hər bir ölkə düşmənin generallarını öldürməyə başlıca vəzifə kimi baxır. Yəni, “təbii” haldır. Ancaq Kelloq bu addımı pisləyib. Deyir müharibə qaydalar üzrə aparılmalıdır, düşmən generalını öz paytaxtında öldürmək olmaz, “yaxşı ideya deyil” və sairə.
Hmm. Sanki iranlı general Qasım Süleymanini 2020-ci ilin yanvarında pilotsuz uçan qurğu ilə partladıb öldürən ABŞ silahlı qüvvələri yox, mənim rəhmətlik nənəm olmuşdur. Hərçənd nənəmin alibisi var - 2000-ci ildə ölmüşdür.
Özü də işin tərsliyindən Süleymani partladılanda ABŞ-ın müdiri yenə Donald müəllim idi.
Yetim əlində qoğal əcaib görünər deyə bir ata sözü var, sanki ukraynalıların başına bu gəlməkdədir. Amerika düşmən generalı partladanda yaxşıdı, Ukrayna partladanda yox.
Kim bilir, bəlkə rusiyalı generalı da boşadığı arvadı partladıb? Aliment vermədiyi üçün.
31 Dekabr 2024
30 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ