Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda işsizlik səviyyəsi son 1 ildə ilk dəfə artıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatında bildirilir ki, ölkədə ümumi işsizlik səviyyəsi 1 yanvar 2023-cü il tarixinə 5.629%-dən 5.640%-ə qədər artıb. İşsizlik səviyyəsi noyabrın əvvəli 5.637% təşkil edirdi və bu dekabrda bir qədər azalıb. İşsizlik iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi göstəricidir.
İşsizlik səviyyəsinin artmasında səbəb iqtisadi fəal əhalinin sayının dekabrda 2.3 min artımla 5 milyon 3584 min nəfərə çatdığı halda, məşğul əhalinin isə cəmi 1.6 min nəfər artımla 5 milyon 0562 min artmasıdır. Beləliklə, 0.7 min nəfər bu fərqdən işsizlik üçün say artımı olub ki, dekabrın sonuna işsizlərin sayını 3022 nəfərə çatdırıb.
2022-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 7325 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 9033 min nəfər, qeyri-dövlət sektorunda isə 8292 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 316 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 7009 min nəfər çalışıb.
1 dekabr 2022-cü il tarixinə isə Azərbaycanda ümumilikdə 10 milyon 215 min nəfər əhali olduğu açıqlanıb.
Ekspertlər bildirdi ki, heç bir məşğulluq proqramı işsizliyin tamamilə aradan qaldırılmasını təmin edə bilməz. Bu problem məşğulluğun ən yüksək səviyyədə olduğu ölkələrdə belə var: 4% işsizlik, yəni hər yüz nəfərdən 96-nın işləməsi normal haldır. Eyni zamanda bu, əmək qüvvələri arasında rəqabətliliyi təmin edir. Məlumdur ki, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əhalinin işsiz qismi müəyyən şərtlər daxilində məşğulluq proqramlarına cəlb olunur. Monitorinq prosesində isə təəssüf ki, bəzi neqativ hallar müşahidə olundu. Belə ki, müəyyən dəzgahların satılması, yaxud başqa məqsədlə istifadə olunduğu aşkarlandı. Sözsüz ki, öz biznesini qurub uğur əldə edənlər də kifayət qədərdir.
Gənclər hansı yaşda daha çox işsizlikdən əziyyət çəkir?
Ölkə qanunlarına görə, 29 yaşadək olan şəxslər gənc sayılır. Dövlət Statistika Komitəsinin ötən il açıqladığı hesablamalarda deyilirdi ki, ölkədə 18-29 yaş arası şəxslərin sayı 1 milyon 758 min nəfərdir. Bu, ölkə əhalisinin təxminən 20 faizi deməkdir və təbii sual doğur: Azərbaycanda hər 5 adamdan biri gəncdirsə, bu yaş qrupuna daxil olanların sosial-iqtisadi durumu necədir?
Bu suala verilən ilk cavab odur ki, gənclər arasında işsizlik iki dəfə çoxdur. İşsizlik Azərbaycanda bütün əhali qrupları arasında ən böyük problemlərdən biridir. Ancaq rəsmi rəqəmlərdən aydın olur ki, bu problem gənclər arasında daha kəskin xarakter alıb.
DSK-nın rəqəmlərinə əsasən, Azərbaycanda gənclər arasında işsizlik 10.1 faizdir. Güvən dərəcəsi ciddi mübahisələndirilən bu rəsmi statistikadan belə çıxır ki, gənclər arasında işsizlik səviyyəsi ikirəqəmli həddədir.
20-24 yaşlı gənclər arasında həmin göstərici daha yüksək - 14.2 faizdir. Sözügedən dövrdə ölkə üzrə işsizlik göstəricisi 6 faiz civarındadır. Bu o deməkdir ki, Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi ölkə üzrə orta rəqəmdən 1.7 dəfə yüksəkdir. DSK-nın hesablamasına görə, ölkədə 142 min işsiz gənc var. Başqa sözlərlə, bütün işsizlərin 45 faizi elə 29 yaşınadək gənclərdir.
Beynəlxalq təcrübədə gənclər siyasəti ilə bağlı durumu dəyərləndirərkən, ən vacib göstəricilərdən sayılan “NEET” indikatorundan yararlanırlar. Bu indikator 15-24 yaşlı gənclər arasında təhsil və əmək bazarında olmayanların payını göstərir.
“2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” adlı sənəddə hökumət, axır ki, bu indikatorun Azərbaycandakı səviyyəsini açıqlayıb. Həmin sənəddən məlum olur ki, 2017-ci ildə Azərbaycanda “NEET” indikatoru 23 faizdir. Deməli, ölkədə 15-24 yaş arasında olan hər dörd gəncdən biri nə təhsil alır, nə də işləyir. Hökumət 2030-cu ilədək bu göstəricini 15 faizə endirməyi hədəfləyir.
Azərbaycanda gənclərin idarəetmədə iştirak səviyyəsini də yüksək qiymətləndirmək olmaz. Hazırda parlamentdə təmsil olunan deputatlardan cəmi birinin yaşı 29-dan azdır. Dövlət qulluqçuları ilə bağlı açıqlanan statistika göstərir ki, şöbə müdiri vəzifəsini tutan 243 nəfərdən cəmi ikisinin yaşı 25-29 arasındadır. Ali təsnifatlar üzrə dövlət qulluqçusu vəzifəsində çalışan 1800 nəfərin 127 nəfəri - cəmi yeddi faizi gəncdir.
“Yeni Müsavat” xatırladır ki, ümumən gənclərin məşğulluğunun əhəmiyyətini göstərən digər məsələ hər il əmək bazarına daxil olan gənc işçi qüvvəsi ilə bağlıdır. Hər il Azərbaycanda təxminən 100 minə yaxın gənc əmək bazarına daxil olur. Ümumiyyətlə, belə böyük sayda işçi qüvvəsini əmək bazarının qəbul etməsi üçün makroiqtisadi, demoqrafik, məşğulluq və təhsil siyasətlərinin əlaqələndirilməsi çox vacibdir. Amma bu sahədə ən böyük problem, heç şübhəsiz ki, təhsil sistemi ilə əmək bazarı arasında müəyyən uyğunsuzluğun mövcudluğudur. Bu da gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb olur.
Tələbələrin iş tapması qaranlıq otaqda qara pişik axtarmaqdır - nazir belə deyir
Elm və təhsil naziri Emin Əmrullayev hesab edir ki, tələbələrimizin iş tapmağı qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir. O, dəfələrlə mediaya açıqlamasında bildirib ki, özəl və dövlət sektoru ilə tələbə təcrübə proqramlarının dəfələrlə artırılmasına ehtiyac var. Nazir deyib ki, əmək bazarı ilə bağlı şəxsi mülahizələrə deyil, elmi əsaslara söykənən araşdırmalara ehtiyac var: "Özəl və dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə-təcrübə proqramlarının sayını dəfələrlə artırmağa ehtiyac var. İşəgötürənlər karyera mərkəzi ilə yaxın işləsələr, biz də nazirlik olaraq hər bir şəraiti yarada bilərik".
Ekspertlər hesab edir ki, orta məktəbi bitirən şagirdlərin əksəriyyəti üçün əsas məqsəd univerisitetə qəbul olmaqdır. Bu zaman ixtisas və peşə seçiminə o qədər də əhəmiyyət verilmir. Əksər hallarda valideynlər də bu cür düşünürlər. Halbuki əsas məqsəd düzgün ixtisas seçimi olmalıdır. Gənclər elə ixtisas seçməlidirlər ki, gələcəkdə həmin sahədə özlərinə münasib iş tapa bilsinlər.
Sevinc TELMANQIZI
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ