Onlayn ictimai-siyasi qəzet
Ali Məhkəmədə “Shaurma N1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayevin barəsindəki qərardan verilən şikayətə baxılıb.
A. Babayev müsadirə edilmiş əmlaklarının geri qaytarılmasını istəyirdi. Onun yaxınları hesab edir ki, müsadirə edilən əmlaklar Aqil Babayevin yox, onlarındır. Şikayətdə 1 mənzil, qeyri-yaşayış sahəsi və “Santa Fe” markalı minik avtomobilinin geri qaytarılması istənilirdi.
Musavat.com xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib.
Aqil Babayevə verilən ittihama görə, o, özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi tanıtmaqla adamlara 2 milyon 500 min manata yaxın ziyan vurub. Ona Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham verilmişdi.
Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsi Aqil Babayevi ittiham üzrə təqsirli bilərək barəsində 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarmışdı. Aqil Babayev ittiham üzrə özünü təqsirli bilmirdi. Deyirdi ki, heç bir günahı yoxdur, həbsi “Shaurma N1” restoranlar şəbəkəsindəki payını bu yolla ələ keçirməyə xidmət edir.
Aqil Babayev barəsindəki hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdi. Məhkəmə onun cəzasını 3 ay azaldıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ